Tarix: 10-10-2024 | Saat: 13:54
Bölmə:Karusel / Region | çapa göndər
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Bu parlament seçkilərinin nəticəsi bəzi ekspertlər tərəfindən ölkənin Avropa və Rusiya ilə münasibətlərinin tənzimlənməsində dönüş nöqtəsi ola biləcəyini deyir.
Gürcüstanda gedən siyasi proseslərdə bu ölkədə yaşayan yüz minlərlə azərbaycanlı da aktiv iştirak edir.
Hakim “Gürcü Arzusu” partiyasından olan deputat Savalan Mirzoyev bildirib ki, parlament iqtidarın qələbəsi Gürcüstanda və regionda sülhün möhkəmləndirilməsi anlamına gələcək.
Savalan Mirzoyev - Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı
““Gürcü Arzusu”nun qələbəsi, ilk növbədə, regionda sülhün qorunması və saxlanılması deməkdir. Partiya rəhbərləri də dəfələrlə öz çıxışlarında qeyd edib ki, bizim üçün ən vacibi bu gün dünyada gedən hadisələrdən dolayı Gürcüstanda da sülhün qorunub saxlanılmasıdır. Bu, Gürcüstan vətəndaşları və Gürcüstan üçün çox önəmlidir. Bizim ən böyük qələbəmizi əldə etdikdən sonra ölkədə qoruyub saxlamaq istədiyimiz də, ilk növbədə, elə sülh və sabitlikdir. Gürcüstan özü müharibə rejimində yaşayan bir ölkədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Ona görə də biz çalışırıq ki, ərazi bütövlüyü problemimizi sülh yolu ilə həll edək, ölkədə hansısa müharibə başlamasın”, - deyə Savalan Mirzoyev vurğulayıb.
“Gürcü Arzusu” partiyasının Marneuli-Qardabani dairəsindən namizədi, hazırda parlamentin deputatı olan Zaur Darğallı isə APA-nın Gürcüstan bürosuna açıqlamasında ölkə müxalifətinin xaricdən idarə edildiyini, onların planlaşdırdığı siyasətin Gürcüstanın və onun xalqının maraqlarına zidd olduğunu bildirib.
Zaur Darğallı - Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı
“Gürcüstanda radikal müxalifətin ölkənin bir çox istiqamətlərdə problemlə üzləşməsi üçün planlaşdırdığı siyasət var. Rusiya və Gürcüstan arasında müharibə cəbhəsinin açılması, Gürcüstandan könüllülərin Ukraynaya gedərək müharibəyə qoşulması, Gürcüstanın Rusiyaya qarşı sanksiya tətbiq etməsi – Gürcüstanın qarşısına qoyulmuş bu tələblər Gürcüstana zərər verəcək tələblərdir və bu gün marionet müxalif qüvvələr bunu həyata keçirə bilər. “Gürcü Arzusu” hakimiyyəti yeganə hakimiyyətdir ki, xaricdən gələn bu tələblərə qarşıdır. Bu gün ölkənin özü öz gələcəyi və inkişafı ilə bağlı qərar verir”, - deyə Zaur Darğallı qeyd edib.
Qeyd edək ki, 26 oktyabr parlament seçkilərində iştirak üçün 30-a yaxın partiya qeydiyyatdan keçib. Partiyalar 150 yerlik parlamentdə çoxluq əldə etmək üçün minimum 76 yerə sahib olmalıdır.
Digər xəbərlər