Tarix: 31-05-2024 | Saat: 16:10
Bölmə:Karusel / Qarabağ / Müsahibə | çapa göndər
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Qarabağa - Şuşa şəhərinə səfər edib. Qeyd edək ki, bu, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarovun işğaldan azad edilən ərazilərimizə ilk ziyarətidir.
Qarabaginfo.az saytı səfərlə əlaqədar sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb.
Elmar Məmmədyarov əməkdaşımıza bildirib ki, o, təkcə Şuşada olmayıb, digər ərazilərə də gedib:
"Mən axırıncı dəfə Şuşada 1992-ci ilin fevral ayında olmuşdum. O vaxt Şuşaya helikopterlə getmişdik. Həmin vaxtdan bəri orada olmamışdım.
İndi Şuşada möhtəşəm tikinti işləri gedir. Orada həqiqətən də dünya standartlarına uyğun otellər tikilib. Şəhər təsərrüfatı yenidən qurulur. Elə bilirsən ki, Avropanın göbəyindəsən. Mən Şuşadan Laçına, Xankəndiyə getdim. O tərəfləri də gördüm. Laçın çox gözəldir. Sus və Zabux kəndlərində bərpa işləri gedir.
Xankəndi ayrı bir məsələdir. Hələlik orada adam azdır. Xankəndidə ancaq hərbçilər, polislər və icra işçiləri qalır. Tədricən məskunlaşdırma işləri aparılacaq. Şəhər təmiz qalıb. Orada elə bir dağıntı olmayıb.
1990-ci illərdən qanunsuz şəkildə azərbaycanlıları şəhərdən qovublar, bu məsələnin hüquqi tərəfləri həll olunacaq.
Biz Bakıya Ağdama da getdik. Orada vəziyyət dəhşətlidir, deyiləsi deyil. Ağdamda bircə salamat kənd qalmayıb. Çox böyük işlər görülməlidir".
Elmar Məmmədyarov uzun müddət apardığı danışıqların mövzusu olmuş Qarabağ la bağlı maraqlı bir detal da açıqlayıb. Deyib ki, vaxtilə ona lağ eləyən əcnəbi diplomatların cavabını verib:
"Qarabağın işğaldan azad edilməsi çox böyük bir hadisədir, fəxr hissləri doğurur. Cənab Prezident hər bir azərbaycanlıya, bütövlükdə millətimizə özünəhörməti geri qaytardı.
Sizə bir söz deyim: mən uzun illər Qarabağla bağlı danışıqlarda iştirak edirdim. Bəzi xarici həmkarlarım mənə deyirdilər ki, "sən ki, bizə Qarabağdan belə danışırsan, gücün çatırsa, get, torpaqlarınızı geri al, ərazi bütövlüyünüzü bərpa et!".
Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin diplomatlara zəng vurub bildirdim ki, "deyirdiniz, gücün çatırsa, get, torpaqları geri al! Gördünüz, biz torpaqlarımızı qaytardıq!".
Digər xəbərlər