Tarix: 15-05-2024 | Saat: 10:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib.
Qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Qurultayda köhnə tərkib tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb.
Qurultayda 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb. İdarə Heyətinə "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli, "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva və "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva üzv seçilib.
İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib.
Qarabaqinfo.az Milli QHT Forumunun İdarə Heyəti üzvlərinin dosyesini təqdim edir:
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli 25 ilə yaxındır ki, QHT sahəsində iş təcrübəsinə malikdir, peşəkar hüquqşünasdır, ABŞ, Britaniya, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib. Ramil İskəndərli xarici ölkələrdə beynəlxalq tədbirlərdə fəal iştirakı ilə seçilir. 2023-cü ilin iyul ayından Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Beynəlxalq hüquq və insan hüquqları sahəsində bir sıra elmi məqalələrin müəllifidir.
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, “Prezident təqaüdçüsü” olub. Uzun illərdir QHT sahəsində fəaliyyət göstərir, BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov 30 ildən çoxdur ki, QHT sahəsində fəaliyyət göstərir. Azərbaycan Gənclər İttifaqında, Uşaq və Gənclərin Xeyriyyə Fondunda çalışıb. Miqrasiya sahəsində geniş spektrli beynəlxalq fəaliyyəti ilə seçilir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən “İNJURİA” jurnalının redaksiya şurasının sədridir. Xarici elmi jurnallarda sosial və humanitar, o cümlədən miqrasiya mövzularında yazılmış onlarla elmi məqalələrin müəllifidir. “Tərəqqi” və digər medallarla təltif olunub.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva uzun illərdir ki, QHT sektorunda fəaliyyət göstərir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şurasında, keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətində təmsil olunub. Erməni dilini bilir.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli 25 ildən çoxdur ki, QHT sektorunda fəaliyyət göstərir. “Konstitusiya” Araşdırmalar Fondunda vitse-prezident olub. Beynəlxalq təşkilatlarla sıx iş təcrübəsinə malikdir. İctimai iştirakçılıq, korrupsiyaya qarşı mübarizə və bir sıra istiqamətlər üzrə peşəkar təlimçidir. 2021-ci ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Xarici nəşrlərdə bir sıra elmi məqalələrin müəllifidir.
Digər xəbərlər