Tarix: 27-03-2024 | Saat: 13:05
Bölmə:Karusel / Kriminal | çapa göndər
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında Qırğızıstan ərazisində saxlanılan 5 nəfər azərbaycanlı ilə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
“Qafqazinfo”nun Qırğızıstan mediasına istinadən məlumatına görə, Bakıda saxlanılan Qırğızıstan vətəndaşlarının kimliyi məlum olub.
Bildirilir ki, sözügedən şəxslər Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisinin keçmiş müavini Rayımbek Matraimov və onun qardaşları Tilek, Ruslan və İslambekdir.
Belə ki, Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Azərbaycan tərəfinə Rayımbek Matraimovun saxlanılması və təhvil verilməsi ilə bağlı məktub ünvanlayıb.
Komitənin məlumatına görə, Rayımbek Matraimovun Qırğızıstanda şübhəli şəxs qismində saxlanılan azərbaycanlılar ilə əlaqəsinin olması müəyyən edilib.
Qeyd olunur ki, Matraimov 2015-2017-ci illərdə Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisinin müavini olub. 2020-ci ilin oktyabrında ölkədə hakimiyyət dəyişdikdən sonra o, gömrükdə korrupsiyaya yol verməkdə ittiham edilib. Onun vurduğu ümumi zərər 2 milyard som olaraq təyin edilib. O, işlə bağlı özünü təqsirli bilib və bu məbləği 2 ay ərzində ödəyib. Bişkek məhkəməsi isə onu 260 min som məbləğində cərimə edib. Ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi sabiq məmuru cari ilin yanvar ayında axtarışa verib. Bu zaman onun Türkiyəyə, oradan isə Dubaya getdiyi ehtimal edilirdi.
Xatırladaq ki, martın 23-ü Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi cinayətkar qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Məlumata görə, onlardan Əsgərov M.O. kriminal aləmdə tanınmış şəxsdir və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlibmiş.
Digər xəbərlər