Tarix: 25-01-2024 | Saat: 11:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Virus infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Bəzi əcnəbi mütəxəssislər bu infeksiyanın “Tridemiya” etiologiyalı olduğunu iddia edir. Yəni yoluxmaya səbəb, insanın eyni zamanda üç fərqli virusun- Kovid-19, Qrip və KRVİ -, birgə hücumuna məruz qalmasıdır.
Qarabaqinfo.az xəbər verir ki, tanınmış professor Musa Qəniyev bunun tamamilə yanlış fikir və səhv yanaşma olduğunu düşünür.
"Çünki viruslar obliqat parazitdir. “Sahibin hüceyrəsindən kənar” virusda canlılıq əlaməti yoxdur və özünü biopolimer kimi aparır. Yalnız düşdüyü canlı hüceyrənin daxilində artıb çoxala bilir. Bu səbəbdən də, patogen viruslara kəskin antaqonistlik xasdır. Yəni virus yoluxdurub, sahibləndiyi hüceyrəyə digər patogen virusu heç bir halda buraxmır. Odur ki, konkret şəraitdə yoluxmanı yalnız ən aktiv və ən güclü virus ştammı törədir. Bu səbəbdən, hazırkı infeksiya “Tridemiya” etiologiyalı ola bilməz. Bu aksiomadır. Digər tərəfdən, tibbdə rəsmən qəbul olunmuş “Tridemiya” termini ümumiyyətlə yoxdur və bu ifadə unudulmalıdır.
Yoluxmada kəskin artım bütün yaş qruplarında müşahidə olunsa da, söylənilənlərə görə kütləvilik daha çox məktəbəqədər yaş qrupundan olan uşaqlar arasındadır. Bu yaş qrupunda xəstəliyə səbəb, Kəskin Respirator Virus İnfeksiyasıdır (adenovirus daxil 200-dən artıq virusu əhatə edir). Hazırda dominant adenovirusdır.
Yoluxmanın məktəbəqədər yaş qrupunda yüksək olmasının səbəbi haqqında: anadan olduqdan sonra, ilk 6 ayda, uşaqlar passiv (anadan alınmış) immunitetə sahib olduğundan adenovirus infeksiyasına yoluxmur. Anadangəlmə immunitet itəndən sonra, uşaqlar 7 yaşa kimi adenovirusun demək olar ki, bütün aktiv serotiplərinə dövrü olaraq yoluxaraq immunitet qazanır. Odur ki, məktəbəqədərki yaş qrupunda olan uşaqlar ildə 3-4 dəfə, hərgah baxça və ya hazırlığa gedirsə, 12-14 dəfə virus infeksiyasına tutula bilər. Yəni, bu yaş qrupundan olan uşaqlar arasında virus infeksiyasının daha çox yayılması tamamilə qanunauyğundur.
Yoluxmaya səbəb olan adenovirusun tipinə gəlincə, adenovirusun insanda xəstəlik törədə bilən 7 tipi və 88 serotipi vardır. Klinik əlamətlərin izlənməsi infeksiyanın daha çox hallarda mədə-bağırsaq pozğunluğu ilə müşahidə olunduğu, bəzən sarılıq (hepatit) kimi nozoloji vahiq olaraq fərqli yanaşma tələb etdiyini də subut edir. Elə buna görədir ki, son vaxtlar sarılıq xəstəliyinin kəskin artması ilə bağlı valideyinlər arasında xüsusi narahatlıq və qorxu yaşanır. Əvvəla, bildirirəm ki, yüngül hepatit əlamətləri, uşaqlarda müxtəlif virus infeksiyalarından sonra, geniş yayılmış adi bir haldır və qorxulu deyildir. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən nadir hallarda da olsa, hətta kəskin hepatit törətmə, yalnız Ad 41 adenovirus serotipinə xasdır. Odur ki, hazırda adenoviruslar ailəsinin Ad 41 serotipin fəallığının yüksək olduğu öz təsdiqini tapır. Müşahidə olunan sarılıq adenovirus mənşəlidir. Ən effektiv vasitə, 30.11.2023 trixində söylədiyim gigienik şərtlər daxilində uşaqların qorunmasıdır.
Bir faktı xüsusilə vurğulamaq istəyirəm ki, məlum yaş qrupunda olan uşaqlar kök, apelsin, xurma və sair kimi karotin tərkibli meyvələri çox yedikdə, onların dərisi sarı-çəhrayi rəng ala bilər. Çox vaxt bunu əsil sarılıqla qarışdırırlar. Buna “karotin sarılığı” deyilir. Həmin meyvələrin qəbulu azaldılan kimi aradan qalxacaqdır. Həkimə müraciət olunmamalı, uşaq xəstəxanaya aparılmamalı və heç bir müalicə təyin olunmamalıdır.
Gənc anaların bilməsi lazımdır ki, yeni doğulmuş uşaqların 50%-də, vaxtından əvvəl doğulmuş uşaqların 80%-də doğuşdan 2-3 gün sonra, sarılıq əlaməti meydana çıxa bilər. Bu fizioloji sarılıq adlanır. Xəstəlik deyil, adaptasiya müddətində olan vəziyyətdir, yəni müalicə tələb etmir, normal bir haldır və öz-özünə keçib gedəcəkdir.
Fəsli infeksiyaların kütləvi yayılma tarixi, sivil insan cəmiyyətinin yaranma tarixi qədərdir. Yəni qrip, qızılca və sair kimi infeksiyalar həmişə olub və olacaqdır. Buna görə qorxmaq lazım deyildir. Sadəcə uşaqlar arasında “peyvənd təqviminə” uyğun, ardıcıl olaraq peyvəndləmə aparılmalıdır. Son olaraq bir daha bildirirəm: HAZIRDA KÖRPƏ BALALARIN HƏYATI ÜÇÜN XÜSUSİ NARAHATLIQ DOĞURAN, HEÇ BİR TƏHLÜKƏ YOXDUR.
Yetkin yaşlılar arasında yoluxmanın səbəbi isə, KRVİ ilə yanaşı, fəsli infeksiyaya çevrilmiş Kovid-19-un BA.2.86 subtipindən əmələ gəlmiş, haqqında 12.01.2023-də məlumat verdiyim mutant və Qripin А(H3N2) ştammı serotipidir. İstər kovid, istərsə də qripin törədicisinin nuklein ardıcıllığında bazal genom dəyişikliyi olmadığından, bunlar qorxulu heç bir şey vəd etmir. Odur ki, xəstəlik qayğısından azad olub, gündəlik normal həyatınızı yaşayın", - o qeyd edib.
Digər xəbərlər