Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq proqramı imzalanıb
Tarix: 23-11-2023 | Saat: 17:27
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq proqramı imzalanıb

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Suleymon Sultonzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Fəxri Xiyabanı ziyarət edən qonaqlar xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Baş Prokurorluqda keçirilən ikitərəfli görüşdə qonaqları salamlayan Baş prokuror, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dövlət başçılarının uzaqgörən siyasətləri nəticəsində yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunverciliyinin təkmilləşdirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin çağdaş dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Baş prokuror ölkəmizin suveren ərazi bütövlüyünün tam şəkildə bərpa edildiyini, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işlərinin aparıldığını xüsusilə vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Suleymon Sultonzoda rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.

Daha sonra qurumlarımız arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi, həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə 2024-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalandı.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər