Saytımızı qiymətləndirin


 
 

Hipermarketə silahlı hücumla bağlı təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
Tarix: 22-11-2023 | Saat: 17:40
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Hipermarketə silahlı hücumla bağlı təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Bakıda hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə “Unibank Kommersiya Bankı” ASC-nin nümayəndəsi istintaq orqanı tərəfindən götürülən 16 min 835 manat və 20 min 100 dolların geri qaytarılması barədə vəsatətlə çıxış edib.

"Azərbaycan Supermarket" ASC də məhkəmədə mülki iddia qaldırıb.

Hər iki müraciət baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxs Azər Məmmədovun vəkili digər təqsirləndirilən Dəyanət Qüdrətovun ifadələri arasında ziddiyyət olduğu üçün istintaq materiallarından çıxarılması barədə vəsatət qaldırıb.

Hakim Azad Məcidov vəsatəti baxılmamış saxlayıb.

Daha sonra prosesdə təqsirləndirilən İbrahim İbrahimov ifadə verib. İbrahim İbrahimov digər təqsirləndirilən Ruhlan İsmayılovu 3 ildir tanıdığını deyib:"Mən cinsi azlıq nümayəndəsi olduğumu dediyim üçün ailəm məni evdən qovdu. Ona görə rayondan Bakıya köçdüm. Ruhlanı əvvəldən tanıyırdım. 2019-cu ildə “İnstagram”da Ruhlan mənim profilimi görüb mesaj yazdı. Ruhlanın dinləmə qabiliyyəti çox yaxşı idi. Mənim bütün problemlərimi dinləyirdi. Həmin vaxtlar universitetdə oxuyurdum. Dərsdən sonra restoranda qabyuyan işləyirdim. Pandemiya başlayanda iş yeri bağlandı və mən işsiz qaldım. İntihar etmək istəyirdim. Bundan qabaq bu barədə Ruhlana yazmışdım. O mənə yazdı ki, belə bir şey etməyim. Yazdı ki, ev tutacam, birlikdə yaşayarıq. 3 il birlikdə yaşadıq. Ruhlan kirayə pulunu və evin xərclərini ödəyirdi".

Təqsirləndirilən İ. İbrahimov Ruhlan İsmayılovun borclarının çox olduğuna görə bu addımı atdığını deyib: "Azər Məmmədovla Ruhlan İsmayılov birlikdə qaraj açmışdılar. Orda da işləri çox zəif idi. Ruhlan 5 min manat sələm götürmüşdü. 1-2 ay ödədi, sonra dedi ödəyə bilmirəm. Sələmi də şişib çoxalmışdı. 2022-ci ilin ortaları idi. Dostu Dəyanət Qüdrətov yazmışdı ki, gəl görüşək. Görüşdə Dəyanət dedi ki, gəl, belə bir iş görək. Dəyanət Ruhlana dedi ki, sənin də borcun çoxdu, ödəyə bilmirsən. Ruhlan isə mənə dedi ki, Dəyanətə güvənir, belə bir iş görməyə Dəyanət də hazırdır. Hər gün “Bravo”ya gedirdilər. Mənim heç bir işdə rolum olmayıb. Hadisə günü Ruhlan gəldi paltarını geyindi, Azərin maşını ilə getdi".

Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər