Saytımızı qiymətləndirin


 
 

"Cahangir Hacıyevin sürücüsü olmuşam, mənə zəng elədi ki..." - MƏHKƏMƏ
Tarix: 13-11-2023 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Qarabaqinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən prosesdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, ifadəsində "Azərbaycan Beynəlxalq Bankı"ndan adına 3 dəfə kredit götürüldüyünü deyib:


"Cahangir Hacıyevin sürücüsü olmuşam. Mənə zəng elədi ki, sənədləri götürüb banka getməliyəm. Mən də getdim, 3 dəfə kredit kartı verdilər. İçində olan məbləğdən xəbərim olmayıb. 2017-ci ildə işdən çıxmışam".

 

Bundan başqa, zərərçəkmiş qismində tanınan "Azərbaycan Beynəlxalq Bankı"nın və "AqrarKredit" ASC-nin nümayəndələri çıxış edib. Hər iki zərərçəkmiş qurumun nümayəndəsi bildirib ki, istintaq zamanı dəymiş zərərin 6 milyon 600 min manat olduğu qeyd edilsə də, əslində dəymiş ziyan 17 milyon manatdır.

 

Prosesdə bildirilib ki, Cahangir Hacıyev məhkəməyə ərizə ilə müraciət edib. O, səhhətində yaranan problemlə bağlı məhkəmədə iştirak barədə qərara yenidən baxılmasını istəyib. C. Hacıyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini və heç bir əlavəsi olmadığını bildirib.

 

Daha sonra prosesdə iş üzrə Cahangir Hacıyevin və digər şəxslərin ifadələri elan edilib.

 

C. Hacıyev ifadəsində bildirib ki, götürülən kreditlər layihələrə ayrılıb: "Azərbaycan Beynəlxalq Bankında müəyyən şəxslər adına kreditlər rəsmiləşdirilib. Həmin kreditlər müəyyən layihələrə ayırılıb, müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməliydi. Lakin 2015-ci ildə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.

 

Proses dekabrın 4-də davam etdiriləcək.

 

Qeyd edək ki, iş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

 

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

 

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

 

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

 

Xatırladaq ki, Cahangir Hacıyev və digərləri 2015-ci ildə saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 16 il 6 ay azadlıqdan məhrum edilib



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər