Tarix: 30-08-2023 | Saat: 17:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərdiyi 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
Cəmiyyətin əməkdaşları yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirələr aparır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ötən axşam sülhməramlıların Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdıraraq orada gecələyiblər.
Qarabağın bir qrup erməni sakini Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısına toplaşıb. Onların məqsədi Bakıdan göndərilən ərzağı Xankəndiyə buraxmamaqdır.
Modern.az-ın məlumatına görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibi Ceyhun Mirzəyev BBC Azərbaycanca-ya deyib ki, gətirlən unun keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib, hazırda məsələyə baxılmaqdadır. Danışıqlar da rus sülhməramlılarının komandanlığı ilə aparılır.
“Bizim Xankəndiyə mütləq şəkildə giriş icazəmiz olmalıdır ki, real vəziyyəti qiymətləndirib, ehtiyacları müəyyən etdikdən sonra fəaliyyət planı qura bilək. Ondan sonra biz konkret olaraq hansı istiqamətdə yardım edə bilərik – bu, ərzaq olacaq, gigiyenik dəstlər olacaq, müvafiq qiymətləndirmədən sonra onu müəyyən edə bilərik. Qiymətləndirmə üçün də bizim ora mütləq şəkildə girişimiz lazımdır”, - C.Mirzəyev deyib.
Onun sözlərinə görə, hər şey Rusiya sülhməramlılarının komandanlığından gələn cavabdan asılıdır:
“Əgər həmin cavabda giriş izni veriləcəksə, sözsüz ki, biz aparacağıq, giriş izni verilməyəcəksə, artıq bu, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi ilə müzakirə olunacaq. Ondan sonra mümkün variantlara baxılacaq”.
Bakıdan gedən unla dolu yük maşınlarının nə qədər gözləyəcəyinə gəlincə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibi deyib:
“Biz dünən axşam saatlarında bura çatdıq. Bizə belə bir cavab verildi ki, bu gün cavab olmayacaq, sabahı gözləyin. Bir qeyri-müəyyənlik yarandı. Sözsüz ki, dünən hava soyuq idi və bizə çadırlar lazım idi ki, gecələyək. Ancaq bizim məqsədimiz bu yükü bura gətirmişiksə, burdan da Xankəndinə aparmaqdır. Biz gözləyəcəyik.
Nə qədər lazımdır, o qədər gözləyəcəyik. İşimizi ehtiyatlı tutmuşuq. Su da, yeyəcək də gətirmişik. Yəni, biz hal-hazırda gözləmə mövqeyindəyik. Cavaba görə addımlarımız atılacaq. Mobil nömrəm Rusiya sülhməramlılarının komandanlığında var. Onlardan zəng gözləyirəm. Yəni, yəqin zəng olacaq, ya özləri gələcək burda görüş olacaq. Ona uyğun addımlar atılacaq”.
Digər xəbərlər