Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.
Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Xüsusi vurğulanıb ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır.
Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır.
Vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.
Eyni zamanda Azərbaycan hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.
Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb.