Saytımızı qiymətləndirin


 
 

Hitlerin məhv edə bilmədiyi “Əjdaha şəhər”...
Tarix: 11-07-2023 | Saat: 11:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

hitlerin-mehv-ede-bilmediyi-ejdaha-seher

Avropanın son illər ən çox inkişaf edən ölkələrindən olan Polşa bu dəfə 3-cü Avropa Oyunlarına ev sahibliyi edirdi. İlki Bakıda keçirilən bu turnirin əsas iştirakçılarından biri də məhz Azərbaycan idmançıları idi. Gənclər və İdman Nazirliyinin dəvəti ilə rəsmi açıqlanan rəqəmlərə görə 86 atletlə birlikdə Krakov şəhərinə yollandıq.

Yarışlar Polşanın cənub-şərqində orta əsrlərə aid abidələri, taxta kilsələri və dağlıq mənzərəsi ilə tanınan Kiçik Polşa Voyvodalığına aid 8 şəhərdə baş tutacaqdı. Qısa desək, “Malapolska”da gərgin mübarizəyə şahidlik edəcəkdik.

Polşada keçirilən Avropa Oyunlarında Azərbaycanın bütün turnirlərdə əsas medal ümidləri olan güləşçilər və cüdoçular iştirak etmirdi. Düzdür, cüdoda komanda yarışları var idi ki, burada da ikinci dərəcəli idmançılarımız mübarizə aparacaqdı.

Komandamız yarışdan 11 medal qazana bildi. Bizim qazancımız isə daha çox oldu. Həm beynəlxalq yarışda təcrübə əldə etdik, həm də Krakov kimi möhtəşəm şəhərlə tanış olduq. Əvvəldə qeyd etdiyim kimi, Kiçik Polşa Voyvodalığı tarixi abidələri ilə məşhurdur.

Bu əyalətin mərkəzi olan Krakov şəhəri isə Polşanın elm, incəsənət və mədəniyyət mərkəzidir, eləcə də ölkənin keçmiş krallarının köhnə paytaxtı və bir çox tarixi hadisələrin şahidi olduğuna görə Polşanın qəlbi hesab olunur.

Şəhərin qurucusu Kral Krak olub. Visla çayının sahillərində özünə yurd quran Krak əjdaha mağaralarının üzərində yerləşən “Vavel” qəsrindən öz krallığını elan etmişdi. “Əjdahalar şəhəri” adlanan Krakovda həm nəsli kəsilmiş heyvanların yuvaları var, həm də istənilən ərazidə əjdaha heykəllərinə rast gəlmək olar. Elə “Vavel” qəsrinin altında da əjdaha yuvası yerləşir və onun Visla çayı sahillərinə çıxışında nəsli tükənmiş heyvanlara heykəl qoyulub...

Krakov uzun illər Polşa krallığının paytaxtı olub. Hətta bir az da keçmişə getsək, Visla çayının sahillərində yaşayan xalqlar buranı özləri üçün əsas yaşayış məskəni seçiblər. Krakov 600 il ölkənin mərkəzi şəhəri olaraq qalıb. Bu səbəbdən “Əjdahalar şəhəri” həm də “Krallar şəhəri” adlanır. 13-cü əsrdə monqolların hücumlarından zərər görən şəhər 16-cı əsrdə paytaxt statusunu itirib və polşalılar Varşavanı özləri üçün paytaxt ediblər.

Dünyanın ən qədim ticarət mərkəzlərindən biri olan “Cloht Hall” bu şəhərdə yerləşir. Bu cür abidələr şəhərə turist axınının əsas səbəbidir.

Krakov ən çətin günlərini isə İkinci Dünya müharibəsi zamanı yaşayıb. Hitler Almaniyası şəhəri işğal edib. Bundan sonra çoxluq təşkil edən yəhudilər üçün çətin günlər başlayıb. Onlar “Plaşov”, “Belzeç” və “Osvençim” düşərgələrindəki qaz otaqlarına yerləşdirilib. Yəhudilərə qarşı hər yerdə qətliam edən Hitler Krakovdakı yəhudilərə də eyni aqibəti yaşadıb. Avropanın digər ölkələrindən gətirilən yəhudilər, rumınlar, müxaliflər və homoseksuallar da məhz “Osvençim” düşərgəsində edam edilib, yandırılıb.

“Osvençim” turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir.

Krakovda məşhur “Schindler” şirkətinin fabriki var və fabrik tarixi əhəmiyyət daşıyır. Müharibə illərində Nazi partiyasına üzv olmasına baxmayaraq, bu şirkət öldürülmək üçün göndərilən 1200 yəhudini işə götürərək edamdan xilas etmişdi. Stevan Spielberqin məşhur “Schindlers list” filmi məhz bu fabrikdə - gerçək məkanda çəkilib. Hitler ordusu məhv etməyə çalışsa da, şəhər öz tarixiliyini və gözəlliyini qoruya bilir. 

İkinci Dünya müharibəsi sona çatdıqda Krakovda yalnız 1000 yəhudi həyatda qala bilmişdi. Hazırda şəhərdə məşhur “Yəhudi məhəlləsi” var – “Kazmierz” (Kajimej). Məhəllənin bu cür adlanmasına səbəb isə 14-cü əsrdə Kral Kazimierz tərəfindən yaradılmasıdır. O, yəhudilərin rahat yaşaması üçün bu məhəlləni yaratmışdı. Hitler Almaniyasının da Krakovda ilk hücum etdiyi yer Kajimej olub. İndi isə bura şəhərin ən qaynar nöqtələrindən biri sayılır. Müxtəlif restoranlar, barlar, klublar fəaliyyət göstərir. Məhəllənin mərkəzi hissəsini isə məşhur “Zapiekanka” satan kiçik dükanlar əhatə edir. Turistlərin əksəriyyəti “Zapiekanka” dadmaq üçün oraya gəlir...

Şəhərin digər mərkəzi “Krakov Market Square” adlanır. Bura şəhərin əsas meydanıdır. Bu əraziyə ilk dəfə gedərkən qarşımıza Ukrayna bayrağına bürünmüş azyaşlı qızlar çıxdı. Onlar ölkələri üçün Krakovu ziyarət edən turistlərdən yardım istəyirlər. Əllərində kiçik qutularla Rusiya ilə müharibə şəraitində yaşayan ölkələrinə yardım yığırlar. Lakin turistlərin əksəriyyəti onlara inanmır. Düşünürlər ki, ölkələrindən qaçaq düşən ukraynalılar Polşada yaşamaq üçün bu cür üsullara əl atır...

 

 

 



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər