Naxçıvan Muxtar Respublikasının Ali Məclinə giririk. Bakıdan “I Naxçıvan Kitab Sərgisi” üçün gəlmiş heyətin bəzi üzvlərini Prezidentin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli qəbul edəcək. Bu binada ilk və son dəfə, yəni cəmi bircə dəfə, illər öncə olmuşam. Qapıdan girər- girməz, qarışıq hisslər içində olmağıma baxmayaraq, beynim xatirələr səhifəsini açıb 29 il əvvəli, 1994-cü ilin martını səhifələyir.
Birinci kursda oxuyan tələbə, bir məsələ ilə bağlı Ali Məclisə görüşə gəlmiş kəndçilərinin içində, sıxıla-sıxıla elə məhz bu qapıdan içəri girir. Eyni qapıdır, eyni girişdir, eyni dəhlizlərdir. O vaxt bizi bu uzun dəhlizlərdən içəri keçirib, bir zala yığmışdılar. Ali Məclisin o vaxtkı sədri gəlmişdi. Əvvəl camaatı dinləmişdi, sonra uzun uzadı çıxış eləmişdi, sonra çəkiliş kameralarını çıxarıb görüşə gələnləri xeyli “danlamışdı”… Amma əsas olan o idi ki, girmişdik binaya. Binanın qapıları açılmışdı, bizi içəri buraxmışdılar.
Sonra qara yellər əsdi, qara buludlardan qırmızı ildırımlar çaxdı, rəngli dolular, rəngsiz yağışlar yağdı. Və o binanın qapısı bir dəfəlik bağlandı. Xalq o qapının açıq olduğunu bir daha görmədi. Bircə nəfər sadə insan o qapıdan içəri girmədi. İllərlə Naxçıvan şəhərində, Ordubadda kənddə yaşadım, bircə dəfə o qapını açıq görmədim, açıq olduğunu eşitmədim. Heç o qapıdan içəri girməyə cəhd edəni də eşidib görmədim. İndi isə qapı taybatay açıq idi. Biz də bu taybatay açıq qapıdan içəri girib, yuxarıya, görüş otağına qalxırdıq…
Əziz oxucular, dostlar, həmvətənlər! Başlığın ikinci hissəsini əbəs yerə yazmamışam. Bu yazıda mən sadəcə gördüklərimi yazıram. Bir görüşün məndə buraxdığı təəssüratı qələmə almağa çalışıram. Bir az da çəkinə- çəkinə. Ətrafımda, sosial şəbəkələrdə məndən tənqid gözləyən, şikayət gözləyən xeyli tanıdığım var. Səmimi danışırıqsa, qoy deyim. Əvvəl düşündüm ki, görüş olmayacaq, heç bizi qəbul etməyəcəklər. Di gəl, elə sərginin ilk günü xəbər gəldi ki, şənbə günü olmasına baxmayaraq, görüşə razılıq verilib. Bir ara düşündüm ki, mənim adım görüş üçün verilmiş siyahıdan silinər, o da olmadı. Görüş üçün verilən tam siyahı təsdiq olundu. Dedim, bəlkə Ali Məclisin qapılarından girəndə tək-tək yoxlanarıq, girişdə binanı mühafizə edən polislərin hərbi salam verib dayandığını görəndə bu “arzu”mun da baş tutmadığına əmin oldum. Ən son iclas otağında bir neçə dəqiqə gözlədiləcəyimizi, handan-gecdən Səlahiyyətli Nümayəndənin gələcəyini, hamımızın ayağa qalxıb salamlaşacağımızı “xəyal edirdim”, xeyr, Fuad Nəcəfli bizi qapıda qarşıladı. Bir-bir hamımızla mehribanlıqla görüşdü və bizi içəri dəvət etdi. Donub qalmışdım. Mənim yuxarıdakı “arzularım” illərlə Naxçıvanda şahid olduğum rejimin yaşatdıqlarından irəli gəlirdi. Amma bir fərqlə. Mən bu hallar olacaq təqdirdə şikayət statusları yazacağımı, tənqid edəcəyimi düşünürdüm. Amma bundan əvvəl bir şikayət etməyi, tənqidi heç yuxumuzda belə görə bilmirdik. Demək ki, hər şey bir yana, şikayət və tənqidi düşünə biliriksə, çox şey dəyişib…
Qayıdaq görüşə. Otağa girər-girməz protokol qaydalarını pozmağı təklif edir, Fuad Nəcəfli: “O tərəf- bu tərəf yoxdur. Keçin əyləşin, tərəfləri birləşdirmişik daha”.
İlk kəlmədən yumor hissini nitqinə qatıb, vəziyyəti bir kəlmə ilə izah edir. Daha sonra aram-aram, rəvan nitqlə xoşgəldin edib, bəzilərimizi tanıdığını, tanımadıqlarını da tanımaqdan şad olacağını söyləyir. Heyətin başçısı Şəmil Sadiq bizi bir-bir tanış edir və görüşün əsas hissəsi başlayır.
Səmimidir. Vəziyyəti izah edir, olan-keçənlərə ekskurs edir. Naxçıvana təyinatından, ilk gəlişindən danışır. Naxçıvandan lap çoxdan, orta məktəbi bitirdikdən çıxdığını deyəndə Rəşad Məcid təəccübünü gizlətmir:
– Siz orta məktəbi burada oxumusunuz?
– Bəli, kənddə bitirmişəm. Kolanıda.
– Bunu çox adam bilmir, demək-yazmaq lazımdı, bilinsin.
“- Əksinə, hamı bilir”, – deyib gülümsünür. Davam edir: “Qohumlarıma, məktəb yoldaşlarıma hamısına xəbər vermişəm ki, qətiyyən başqa fikirlərə düşməsinlər. Mənim üçün qohumluq, tanışlıq amili yoxdur. Üç müavinim var, heç biri naxçıvanlı deyil”.
Problemləri sadalayır, çoxluğunu və miqyasını bircə kəlməylə çatdırır: “Üzərimizə buraxılan “miras” o qədər böyükdür ki, qısa zamanda həll mümkün deyil” deyir. Problemlərin həlli yolunda görüləcək işlərdən, Naxçıvan üçün nəzərdə tutulan layihələrdən danışır.
Məlumatlıdır. Rəşad Məcidin İstanbuldakı “Naxçıvan məhəlləsi” haqqındakı dediklərinə tam ayrıntılı cavab verir, insanları vətənlərinə qaytarmaq yolunda görüləcək işlərdən, məsələnin həlli yolunda görünən və görünməyən xeyli problemdən danışır. Rüstəm Behrudinin “Vaxti ilə Azərbaycanda ikinci ən böyük kitab mağazası Naxçıvan şəhərindəydi…” fikirlərinə kitab satışındakı problemlərdən, gəncliyin kitab oxumağa təşviqindən danışaraq cavab verir. “Kitab mağazası üç ay sonra zərərə görə bağlanacaqsa, indidən açmağın nə adı var? Əvvəl kitabı oxuyanları yetişdirək, sonra mağazanı açarıq” deyir. Yazıçı Varis Yolçuyevin tarixi serial olan “Atabəylər”in ssenari qrupunun rəhbəri olduğunu eşidəndə, filmlərlə bağlı məlumatları, film sənayesinin vəziyyətini və seriallarımızdakı “copy-past xəstəliyini” əks elətdirən fikirlər səsləndirir. Əhməd Qəşəmoğlu məktub göndərdiyini deyəndə, yazdığı məktubçün, təkliflər üçün təşəkkür edir, məktubu oxuduğunu bildirir.
Naxçıvanın tarixi abidələrindən söz düşür, heyfslənərək “Tarixi abidələrimizin vəziyyəti heç yaxşı deyil” deyir.
Pozitiv və ümidlidir. Dövlət başçısının tapşırıqlarını yerinə yetirdiyini və sona qədər də yerinə yetirəcəyini deyir. Mərkəzi hökumət ilə inteqrasiyadan, struktur yeniləşmələrinin labüdlüyündən danışır. İş adamlarına yaradılan imkanlardan, “azad iqtisadi zona” yolunda görülən işlərdən söhbət açır. Gələcəklə bağlı planlardan ağızdolusu söhbət edir. Bunları danışarkən üzündə əminlik ifadəsi və ümid hiss olunur.
Beləcə qarşılıqlı söhbət və dinləmə şəraitində keçən görüş yekunlaşır, hamımız bərabər aşağı düşürük. Gözüm o məşhur qapıdadır. Taybatay açıqdır yenə. O qapını bağlayanlar minlərlə adamı bu torpaqlardan didərgin salmışdılar. Gedin, bir daha gəlməyin demişdilər. Bura qonaq kimi gəlmək istəyən minlərlə insana “Naxçıvana gəlməyin” demişdilər.
Qapıdan çıxıb pilləkənlərdə dayanırıq, xatirə şəkli çəkdirməkçün. Şəklin ardından sağollaşarkən yoldaşlardan kimsə Naxçıvan üçün bizim nə edə biləcəyimizi soruşur. Bir kəlmə ilə cavab verir:
– Naxçıvana tez-tez gəlin!
Günün sonunda bir daha rastlaşırıq Fuad Nəcəfli ilə. Naxçıvan Dram teatrı tamaşaya dəvət edib. Günün yorğunluğu ilə teatra son dəqiqədə çatırıq. Sən demə Səlahiyyətli Nümayəndə də teatra dəvətlilər arasındadır. Və yenə də, əvvəllər belə hallarda yüz yerdən kilidlənən qapılar ardına qədər açıqdır. İçəri girərkən tələskənlikdən “protokol cərgəsi”nə yaxınlaşırıq, səhv etdiyimizi gördükdə başqa sıraya keçmək istəyirik, başı ilə “əyləşin” işarəsi verir. Beləcə gün ərzində ikinci dəfə protokolu pozur, hörmətli Fuad müəllim.
Açıq qapılar, protokoldan uzaq, səmimi söhbətlər, gələcəyə inam, işıqlı və gözəl bir Naxçıvan uğrunda görülən, görüləcək işlər. Mənim görüş təssüratlarım bunlardır.
Mən bunları gördüm!
Ümidliyəm!