Saytımızı qiymətləndirin


 
 

Laçının deputatından ilginc açıqlama: “Xarici kəşfiyyat orqanlarına məxsus  şəxslər...” 
Tarix: 28-04-2023 | Saat: 09:43
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçının deputatından ilginc açıqlama: “Xarici kəşfiyyat orqanlarına məxsus  şəxslər...”  “Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə əldə etdikdən sonra Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini asanlaşdırmaq məqsədilə Laçın rayonu ərazisindən yeni bir yolun çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdü”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili aprelin 23-də Həkəri körpüsü üzərində qurulan nəzarət-buraxılış məntəqəsinin işləmə mexanizmlərindən söz açıb.

M. Abbaszadə söyləyib ki, müharibə bitdikdən 1 il 8 ay sonra Azərbaycan o öhdəliyi yerinə yetirdi və beləliklə, Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst şəkildə gediş-gəlişini təmin etmiş oldu:

“Lakin biz ötən bu müddət ərzində gördük ki, Qarabağda yaşayan ermənilər Laçın-Xankəndi yolundan humanitar məqsədlər üçün deyil, əksinə, yalnız hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Belə ki, Ermənistan tərəfi Ermənistan Silahlı Qüvvələri bölmələrinin, silah-sursatın və minaların Qarabağa daşınmasını həyata keçirdilər. Eyni zamanda bu yoldan Azərbaycanın təbii sərvətlərinin daşınaraq Ermənistana, oradan isə xaricə göndərilməsini həyata keçirdilər ki, bu da Azərbaycana qarşı iqtisadi sahədə olan birbaşa cinayətkarlıq idi”.

Milli Məclisin üzvü əlavə edib ki, bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə Qarabağda yaşayan ermənilərə xəbərdarlıq edirdi ki, bu yolun məqsədi yalnız humanitar məqsədlər üçündür:

“Çox təəssüf ki, bütün bu hadisələr də Rusiya sülhməramlılarının nəzarəti altında baş verirdi. Hansı ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti, əslində, sülhün ədalətin təmin olunması istiqamətində işlər görməli olduğu halda onlar qeyri-qanuni erməni silahlı birləşmələrinin himayədarı kimi çıxış edirdi”.

Müsahibimiz xatırladıb ki, Azərbaycan tərəfi bu barədə bir neçə dəfə xəbərdarlıq etmişdi, lakin Ermənistan və Qarabağda yaşayan ermənilər buna məhəl qoymadılar:

“Belə olduğu təqdirdə bölgədə davamlı və təhlükəsiz sülhün təmin olunması nöqteyi-nəzərindən regionda nəzarət-buraxılış məntəqəsinin qoyulması artıq bir reallığa çevrildi. Ona görə də Azərbaycan məhz cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, Laçın-Xankəndi yolunun Laçın rayonunun girəcəyində yerləşən hissəsində öz nəzarət-buraxılış məntəqəsini qurdu”.

Deputat qeyd edib ki, biz artıq həm bundan sonra Qarabağa Ermənistan tərəfindən silahlı qüvvələrin və silah-sursatın daşınmasının qarşısını aldıq, həm də Qarabağda davamlı sülhün təmin olunması üçün bu post vasitəsilə öz töhfəmizi vermiş olduq:

“Xatırladım ki, bu yaxınlarda Laçın şəhəri və Zabux kəndlərinə də insanlarımızın köçü başlayacaq. Bu insanlar daimi ata-baba yurdlarında yaşayacaqlar. Belə olduğu təqdirdə isə bu ərazidə sülhün və təhlükəsizliyin təmin olunması çox vacib məqamlardan biridir.

Etiraf etməliyik ki, yolun açıq qalması, buradan erməni silahlı qüvvələrinin necə gəldi istifadə etməsi, xarici kəşfiyyat orqanlarına məxsus olan şəxslərin Laçın-Xankəndi yolu vasitəsilə qeyri-qanuni şəkildə Xankəndiyə gəlib-getmələri, əslində, təhlükəsizliyə və sülhə qarşı böyük bir təhdid idi. Ona görə də burada postun qurulması artıq gələcəkdə bu bölgədə çox böyük və ciddi sülhün olacağından xəbər verir ki, bu da həm regionumuz üçün önəmli hadisədir, həm də Laçına köçən insanların təhlükəsizliyi nöqteyi-nəzərindən vacib bir məqamdır”.

Parlament üzvü diqqəti ona yönəldib ki, Azərbaycan dövləti tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulmasına baxmayaraq, yenə də həmin yol humanitar məqsədlər üçün açıqdır, Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi yenə də əvvəlki kimi normaldır, heç bir məhdudiyyət yoxdur:

“Lakin bu yol hərbi məqsədlər və qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirilməsi üçün bağlıdır. Mənə elə gəlir ki, bundan sonrakı müddətdə Dövlət Sərhəd Xidmətinin mühafizə xidməti, eyni zamanda Dövlət Gömrük Komitəsinin ərazidə fəaliyyət göstərməsi sərhədlərimizdə qanun-qaydanın yaranmasına və davamlı sülhün təmin olunmasına səbəb olacaq”.

“O ki qaldı nəzarət-buraxılış məntəqəsinin işləmə mexanizmlərinə, ola bilsin ki, məntəqədən gediş-gəlişlə bağlı hansısa sistemlərin tətbiq edilməsi aktuallaşa bilər. Amma mənə elə gəlir ki, bunun üçün bir az gözləmək lazımdır. Düşünürəm ki, əsas məsələlərdən biri sərhədlərimizdə nəzarət-buraxılış məntəqəsinin qurulması və gömrük xidmətinin ərazidə təşkilidir ki, biz bunu indiki vəziyyətdə həyata keçirə bildik”, – yekunlaşdırıb.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər