Saytımızı qiymətləndirin


 
 

Yaşar Nurinin xanımı “Azdrama”dakı intriqalardan danışdı”: “Çox şey bilirəm...”
Tarix: 14-04-2023 | Saat: 14:49
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Yaşar Nurinin xanımı “Azdrama”dakı intriqalardan danışdı”: “Çox şey bilirəm...” “Son vaxtlar aktyorlar arasında gedən qalmaqallar barədə mən də oxuyuram, hər şeydən xəbərdaram. Hikmət Rəhimov çox istedadlı aktyordur, ondan belə addımı gözləməzdim. Aktyorlar arasında hər zaman müəyyən intriqalar yaşanıb, bu, mədəniyyətin ən zəif nöqtəsidir...” 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva deyib. Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətovun vəfatından sonra aktyorlar arasında gedən qalmaqallardan danışan R.Nuriyeva bu cür intriqaların hər zaman olduğunu bildirib: 

“Teatrın mətbəxi barədə çox şey bilirəm, lakin bu mənim daxilimdədir, bunları ölənə qədər üzə çıxara bilmərəm. Çünki Yaşar Nuri heç vaxt gəlib evdə teatrda gedən intriqalar barədə danışmazdı, o hər şeyi bilirdi, amma sirr saxlayan adam idi. O, telefonla danışanda bəzən istər-istəməz mən də eşidirdim, söz-söhbət gəlib qulağıma çatırdı. Bütün bunlara baxmayaraq, Yaşarın dövründə sənətçilər arasında bu qədər intriqalar yox idi. İntriqalar olsa da, bunu biruzə vermirdilər, ictimailəşdirmirdilər. İndi isə hər şeyi açıq-aşkar danışırlar, burada sosial şəbəkələrin də rolu az deyil, nə isə olduqda orada yazıb anında ictimailəşdirə bilirlər. Bu təkcə teatra aid deyil, hər sahədə belədir. 

Allah Azər Paşa müəllimə rəhmət eləsin, onun dünyasını dəyişməsilə bu mövzu daha da qabardı. Təki problemləri ictimailəşdirənlər, teatrdan nə isə yazanlar mədəniyyətin inkişafına kömək etsinlər. Şəxsi intriqalarla mədəniyyət irəli gedə bilməz. İndiki cavanların da hamısı əsl aktyor deyil, yalnız güldürməklə aktyor olunmaz. Kim özünə aktyor demək istəyirsə, gedib teatr səhnəsinə çıxandan sonra bu adı özünə verə bilər. Bu mənim şəxsi fikrimdir. Elə-belə üzdə gülüş yaratmaq hələ güclü aktyor olmaq demək deyil. Gərək sənətçi o gülüşü də elə yaratsın ki, obraz yadda qalsın. Yaşar Nuri adicə üz mimikası ilə insanların üzündə təbəssüm yarada bilirdi”. 

Onun sözlərinə görə, A.Nemətov sağlığında sənətkarları dəyərləndirib:

“Onu bilirəm ki, Azər Paşa Nemətov dövründə həmişə sənətkarları qiymətləndirib. Bilmirəm Hikmət Rəhimovla aralarında nə baş verib, bu onların şəxsi işidir, amma istəyərdim ki, aktyorlar həmişə birlik olsunlar, sənət yaratsınlar. Hikmət Rəhimov yaxşı aktyordur. O, teatrdan çıxanda Yaşar dünyasını dəyişən dövrlər idi, mənim başım qarışıq idi, heç özümdə deyildim. Ona görə nə baş verdiyini dəqiq bilmirəm. Bircə onu bilirəm ki, Azər Paşa müəllimin Yaşar Nuriyə qarşı münasibəti çox gözəl olub. O, sənətkar idi. İndi Azərpaşa müəllim yoxdur, onun yerinə kim gələcəksə, ümid edirəm ki, teatrda birlik yaradar. Bu gün Yaşar sağ olsaydı, Mədəniyyət Nazirliyinin teatr şöbəsinə rəhbərlik edə bilərdi. Onun bu sahədə həm idarəçilik qabiliyyəti, həm də təcrübəsi var idi. O adam 6 yaşından səhnədə idi, hər xırdalığı bilirdi. Sağ olsaydı, Azər Paşa müəllimi də əvəz edə bilərdi. Yaşar ona qadir insan idi, çünki onun potensialına bələd idim. Hamı deyirdi ki, sənin necə yaddaşın  var... Adicə bir mahnının bəstəkarının kim olduğunu soruşmaq üçün də məşhurlar Yaşara zəng vururdular, indi həmin şəxslərin adını çəkməyəcəm. Çünki o hər şeyi bilirdi, doğuşdan istedadlı idi”. 

Mərhum aktyorun xanımı bundan sonra Hikmət Rəhimov və Azər Aydəmiri Akademik Milli Dram Teatrının səhnəsində görməyi arzuladığını qeyd edib:

“Mən istəyərdim ki, Hikmət Rəhimov bundan sonra yenidən teatra qayıtsın. İnanıram ki, o, səhnədə yaddaqalan obrazlar yarada bilər. Onun tərəf müqabili Azər Aydəmir də yaxşı aktyordur. İstəyərdim ki, o da Dram teatrın səhnəsində rol alsın. Onların iksini də teatrda görməyi çox istəyərdim. Yeni rəhbər kim olacaqsa, ümid edirəm ki, teatrdan başı çıxan biri olar. Fikrimcə, teatrın bədii rəhbəri ilə, direktoru ayrı-ayrı adamlar olmalıdır. İki vəzifəni eyni adamın daşımağı doğru deyil, hərənin öz səlahiyyəti olmalıdır”. 



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər
5-10-2018, 10:08 Lerikdə zəlzələ olub