Tarix: 04-04-2023 | Saat: 15:36
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Respublikası Milli Məclisi Fransa Senatında keçirilmiş “konfrans” ilə əlaqədar Bəyanat yayıb.
Qarabaginfo.az Bəyanatı təqdim edir:
“2023-cü il martın 16-da Fransa Respublikasının Senatında keçirilmiş üzdəniraq “konfrans” ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bildirir:
Fransa parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur.
Fransa qanunvericilik orqanının səlahiyyətlərindən kənara çıxan bu hərəkəti Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəli aparılması və sülh sazişinin bağlanması istiqamətində beynəlxalq subyektlərin səylərinin gücləndiyi, eləcə də Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin etnik erməni sakinləri arasında dialoq qurulması üçün tədbirlər görüldüyü bir vaxtda sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn, revanşizmə rəvac verən bir addımdır.
Konstitusiyasında hər hansı etnik və milli azlıq anlayışı ümumiyyətlə nəzərdə tutulmayan, etnik və dini mənsubiyyəti fransızlardan fərqli insanların hüquqlarına açıq dözümsüzlük nümayiş etdirən, onların müvafiq beynəlxalq mexanizmlər ilə nəzərdə tutulmuş dil, din azadlığını və ya hər hansı digər hüquq və azadlıqlarını təmin etməkdən boyun qaçıran Fransanın, o cümlədən bu ölkənin qanunvericilik qurumunun başqa ölkələrin daxili işlərinə müdaxilə məqsədilə azlıqların hüquqlarını açıq-aşkar siyasi təzyiq alətinə çevirməsi, xüsusən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məskunlaşan erməni azlığın “hüquqları və təhlükəsizliyi” məsələsində canfəşanlıq göstərməsi qəbuledilməzdir.
Çox uzaq keçmişə getmədən xatırlatmaq kifayətdir ki, Fransa parlamenti Azərbaycandakı etnik erməni azlığın “hüquqları və təhlükəsizliyi” naminə qondarma təşəbbüslərə girişdiyi bir vaxtda bu ölkədə məhkəmə vasitəsilə Korsika adasının yerli parlamentinin debatlar üçün fransız dilindən başqa bir dildən istifadə edilməsi barədə adət qaydasının qadağan olunduğuna dair qərar verilir, ümumiyyətlə, “Korsika xalqı” ifadəsinin Fransa Konstitusiyasına zidd olduğu təsbit edilir.
Fransa öz ərazisində yaşayan aborigen bir azlıq barəsində “xalq” ifadəsinin işlədilməsini Konstitusiyaya zidd addım kimi qadağan etdiyi halda, Azərbaycan vətəndaşlarının bir hissəsini qondarma “Dağlıq Qarabağ xalqı” və ya “Artsax xalqı” kimi qəbul edir, özünü onların guya pozulmuş hüquqlarının müdafiəçisi kimi qələmə verməyə çalışır.
Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa müstəmləkə hakimiyyəti altında saxlamaqda davam etdiyi Mayot adası üzərində Qəmər Adaları İttifaqının şəksiz suverenliyini tanımaqdan boyun qaçırır, Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmətsizlik nümayiş etdirir.
Azərbaycanda yaşayan ermənilərin hansısa hüquqlarından “narahatlıq” ifadə edən Fransa parlamenti üzvlərinin mövcudluğu rəsmən inkar edilən milyonlarca Fransa vətəndaşının üzləşdiyi genişmiqyaslı ayrı-seçkilik barəsində müzakirələr aparması daha məntiqli olardı.
Azərbaycan Respublikasının daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatının və Milli Assambleyasının üzvləri 2021-ci ildə Fransa prezidentinin şəxsi təşəbbüsü ilə “separatizmə qarşı mübarizə və respublika prinsiplərinə hörmət” barəsində qanunlar qəbul etmişlər. “İslam terrorizminə” və ya “İslam separatizminə” qarşı mübarizə adı altında qəbul olunan bu cür qanunlardan ölkədə din, dil, vicdan azadlığını kütləvi şəkildə məhdudlaşdırmaq üçün istifadə edilir, odur ki, Fransa parlamenti üzvlərinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə şirnikləndirən davranışı siyasi riyakarlığın ən bariz təzahürüdür.
Bütün bunlar Fransanın Cənubi Qafqaza yanaşmasının ikili standartlar üzərində qurulduğunu, Ermənistan və Azərbaycan ilə münasibətlərdə eqoist geosiyasi maraqlara əsaslandığını açıq nümayiş etdirir.
Azərbaycan ərazilərinin işğal altında olduğu onilliklər ərzində münaqişənin həlli üçün real addım atmayıb, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməyə üstünlük vermiş, münaqişə həll edildikdən sonra da onun yanında yer almış, həm milli səviyyədə, həm də beynəlxalq müstəvidə müxtəlif platformalarda Ermənistanı revanşizmə şirnikləndirən addım və təşəbbüslərin müəllifi olan Fransanın bölgədə itirdiyi mövqelərini kobud üsullarla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur.
Belə bir məqam da nəzərə alınmalıdır ki, Fransa öz davranışı ilə nəinki Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına zərbə vurur.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycana ədalətsiz, qeyri-obyektiv və qərəzli münasibətini dəfələrlə nümayiş etdirmiş Fransanın öz siyasətini yenidən nəzərdən keçirmədikcə, Ermənistanla Azərbaycan arasında normallaşma məsələlərinə hər hansı formada cəlb olunmaması barədə Azərbaycan Hökumətinə müraciət qəbul etmişdir. Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamenti prinsipial mövqeyini bir daha təsdiq edərək, Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi yanlış praktikadan əl çəkməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərəkətlərdən, onun daxili işlərinə müdaxilədən çəkinməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırır”.
Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il 4 aprel tarixli iclasında qəbul edilmişdir.
Digər xəbərlər