Son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin bu ərazilərdən çıxmasıyla bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılmaqda davam edir.
Belə ki, bir neçə erməni “Telegram” kanallarında yayılan görüntülərdən də məlum olur ki, Xankəndi və ətraf ərazilərin boşaldılmasını artıq separatçı rejimin “rəhbərliyi” də etiraf etməyə başlayıb.
Erməni KİV-lərinin Qarabağda olan mənbələri isə Xankəndinin “ruhlar şəhəri”nə çevrilməsini 2 ehtimala bağlayıb: məlumatlarda əks olunan birinci ehtimal budur ki, separatçı rejim antiterror əməliyyatının keçirilməsindən ehtiyatlanaraq, qadınları, qocaları və uşaqları ərazidən çıxarır; ikinci ehtimal isə Azərbaycanın qətiyyətli mövqeyini sərgiləməsidir ki, bunun da nəticəsində artıq bölgədəki erməni əhalisi başa düşüb ki, burada separatçı rejimin heç bir perspektivi yoxdur və onların qarantı ola bilməz. Beləliklə də onlar Xankəndidən böyük köç başlamadan əvvəl daha əlverişli məqamda bölgəni tərk edib özlərinə şərait qurmağa çalışırlar.
Mövcud ehtimalları dəyərləndirən Milli Məclisin sabiq deputatı, politoloq Cümşüd Nuriyev Yenisabah.az-a açıqlamasında deyib ki, əslində, sadalanan məsələlər ehtimallar deyil:
“Ortada bir neçə reallıq var və həmin o sadalanan 2 reallıqdan başqa reallıqları da nəzərinizə çatdıracağam: ilk növbədə, 35 gündür ki, davam edən ekofəalların mitinqi Ermənistanın Qarabağla bağlı bütün isyasətini ortaya çıxardı. Çünki vaxtilə Ermənistan bundan bir təzyiq vasitəsi kimi istifadə edirdi. Əslində, indiki hakimiyyət heç bir zaman Qarabağın onlara aid olmasını istəməyib. Çünki Qarabağ onlar üçün artıq bir yükdür”.
Eks-deputat iddia edib ki, burada təkcə Xankəndinin boşaldılması deyil, eləcə də Ermənistanın Qarabağla bağlı yürütdüyü siyasətin özü də iflasa uğrayıb:
“Hazırda Ermənistana çox böyük təzyiqlər var. Qərb Ermənistanı tamamilə Rusiyanın təsiri altından çıxarmaq istəyir, əsasən də, ABŞ-ın marağı budur. Fransa isə özünün Avropada itirdiyi diplomatik sükanını qaytarmaq istəyir. Nəhayət, Emmanuel Makron da bunu üzünə-gözünə bulaşdırdı və bir şey edə bilmədi, əksinə, işləri daha da korladı. Rusiyaya gəldikdə isə Rusiya Ermənistanın xəyanətkar olduğunu bilir və ona görə də indi rus sülhməramlıları 2 il əvvəlki kimi cani-dildən erməniləri dəstəkləmir. Bunlar Xankəndidəki dəstəyini əsrigəyən kimi bölgədə vəziyyət çox gərginləşib”.
Siyasi şərhçi hesab edir ki, ermənilər təkcə Laçın yolu ilə yox, eləcə də başqa yollarla da Qarabağı tərk etmək başlayıb:
“Azay Kərimov həmin məsələni gündəmə gətirdi ki, onlar Malıbəylinin yanından Laçın yoluna çıxa bilirlər. Çünki bizim hərbçilərimiz Şuşa yoluna nəzarət etmir. Rus sülhməramlılarına da açığı 0 qədər də maraqlı deyil onların indiki durumu. Ona görə də oradan köç başlayıb”.
Müsahibimizin qənaətinə görə, Qarabağda bundan əvvəl haradasa 30-40 min arasında adam var idisə, onun da 10 mindən çoxu həm muzdlu əsgərlər, həm də xaricdən gələnlər idi:
“Birinci olaraq, oranı Suriya, İran, İraq, Livan və İordaniyadan gələn ermənilər tərk etməyə başlayıb və bunların hamısı həmin ölkələrə qayıdırlar. Bu, təkcə erməni mənbələrində deyil, eləcə də Livan mənbələrində də öz əksini atpıb. Məndə olan məlumatlara görə, hazırda Qarabağdan ərəb ölkələrinə böyük köç başlayıb”.
C.Nuriyev məlum məsələdəki 5 əsas variantı da dilə gətirib:
“Birincisi, terrorçular qaçır, çünki antiterror əməliyyatından qorxurlar; ikincisi, ABŞ və Fransa erməniləri də bölgədən köç etməyə başlayıb, çünki həm ABŞ, həm də Fransa istəmir ki, Azərbaycan antiterror əməliyyatı keçirəndə bunların vətəndaşları Qarabağda ələ keçsin. Təxminən, son 1 ayda Rusiyada olan mənbələr də onu göstərir ki, haradasa 2 mindən çox Qarabağ ermənisi Rusiyaya köçüb. Deyilənə görə, onlar Rusiya sülhməramlılarına pul verib, Laçın yoluna çıxaraq, ora ilə gedirlər; üçüncüsü, ekofəalların mitinqindən sonra Qarabağın daxilindəki ermənilər arasında qarşıdurma var. Eyni zamanda Qarabağı indiyə qədər biznes planı kimi istismar edən Vardanyan-Arutyunyan-Balasanyan üçlüsü arasında qarşıdurma mövcuddur; dördüncüsü, orada alban əsilli ermənilərlə İrandan və Türkiyədən gələn ermənilər arasında qarşıdurma çox güclənib; beşincisi, erməni Qrioqryan kilsəsinin bölgədəki nüfuzu 1 ay ərzində sıfıra düşüb. Bunlar gəlib buraya girə bilmirlər, çünki bunlara olan inam da itib. Bu kilsə də bir biznes layihəsi idi”.
“Vardanyan da buradakı kabab iyinə gəlmək istədi, amma azərbaycanlı ekofəalların sayəsində gördü ki, yox, burada sadəcə eşşək dağlanır. Ona görə də Vardanyan da buranı tərk etmək istəyir. Ümumiyyətlə, Qriqori Qabrielyants gedəndən sonra Qarabağdan köç başlayıb. Qabrielyants da SSRİ-nin geologiya naziri olub. Mən onu şəxsən tanıyıram. O, bu günlərdə Xankəndidən qaçdıqdan sonra artıq ermənilər də köç etməyə başlayıb”, – əlavə edib.
Həmsöhbətimiz onu da vurğulayıb ki, hazırda Xankəndidən köç başlayıb:
“1 ay ərzində Xankəndi-Ağdərə-Xocalı-Xocavənddən 5 minə qədər erməni çıxıb. Bunların içində silahlılar da var idi ki, onlar da tərksilah olub qaçıblar. Yerdə qalan 3 minə yaxın mülki əhali var ki, onların da 2 mini, ancaq Xankəndidən qaçıb. Yəni Qarabağda yaşayan ermənilər Rusiyanın bunları qorumadığını qəbul edirlər. Paşinyanın yürütdüyü siyasət də sülhməramlıları loyal mövqeyə keçirib. Ona görə də ermənilər Xankəndi və ətraf yerləri tərk etməyə başlayıb”.(yenisabah
)