Tarix: 14-01-2023 | Saat: 14:09
Bölmə:Karusel | çapa göndər
Rəsmi Tbilisi yenidən Azərbaycan və Ermənistan arasında vasitəçilik təklif edib. Bu yaxınlarda Ermənistanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşdə ölkəsinin Bakı və İrəvan arasında sülhə nail olmaq üçün vasitəçilik etməyə hazır olduğunu söyləyib. Oxşar təklif bundan öncə də bir neçə dəfə gündəmə gətirilsə də, Gürcüstanın vasitəçilik istəyi reallaşmayıb.
Maraqlıdır, qonşu Gürcüstan Azərbaycan və Ermənistanı barışdıra bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov bildirib ki, Azərbaycan həmişə konstruktiv, nəticəverən danışıqlara hazırdır:
“Azərbaycan illərboyu özünü bu istiqamətdə təqdim edə bilib. Bu gün Azərbaycan-Gürcüstan əlaqələri ən yüksək səviyyədədir. Vasitəçilik funksiyası nəticə verəcəksə, proseslərin nizamlanması istiqamətində atılan addımları alqışlayarıq. Ancaq Ermənistan danışıqlar prosesini pozmaqla məşğuldur. İstər Brüssel formatını, istərsə də Rusiyanın vasitəçilik platformasını pozub, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər”.
Bu baxımdan deputat hesab edir ki, Ermənistanı yola gətirmək üçün ciddi iş aparmaq lazımdır:
“Ermənistan danışıqlar prosesinə sadiqlik nümayiş etdirib, öhdəliklərini yerinə yetirərsə, əlbəttə ki, proses baş tuta bilər. İkinci tərəfdən Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ciddi mesajlar verdi. Diqqətə çatdırıldı ki, Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirlərsə, 2023-cü il ermənilər üçün son şərtdir. Prezident 2023-cü ildə İkinci Qarabağ müharibəsinin real nəticələrinin özünü göstərəcəyini bildirdi. Ümid edirik ki, Ermənistan, nəhayət, bölgədə gərginliyin artmasına deyil, əksinə, sülhə istiqamətlənmiş addımlar atacaq. Ancaq Ermənistan bundan boyun qaçırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, vasitəçinin kim olmasından asılı olmayaraq nəticə olmayacaq”.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə Modern.az-a bildirib ki, Gürcüstan vasitəçilik yox, xoşməramlı xidmət göstərə bilər:
“Bundan öncə sülh danışıqlarında Avropa İttifaqı fəal idi. Görünür, İttifaq öz vasitəçilik cəhdlərindən imtina edib. Gündəmə daha çox ABŞ-ın vasitəçiliyi gəlir. Gürcüstanın vasitəçiliyindən yox, xoşməramlı xidmətlərindən söhbət gedə bilər. Gürcüstan öz ərazisində görüşlər üçün şərait yarada bilər. Vasitəçilik daha çox siyasi imkanlara malik ölkələrə verilir. Yəni söhbət yalnız görüş yeri təşkil etməkdən getmir. Eyni zamanda vasitəçi ölkənin siyasi, iqtisadi gücü nəzərə alınmalıdır. Görürük ki, fəal olan, daha geniş iqtisadi, siyasi imkanlara malik olan ölkələr gündəmdədir. Bu istiqamətdə Rusiyanın, Fransa və Amerikanın cəhdləri var. Qismən də olsa İran cəhd göstərir. Qardaş Türkiyə də fəaldır. Bunların yanında Gürcüstanın tammiqyaslı vasitəçilik imkanları məhdudur”.
Eks-nazirin sözlərinə görə, Gürcüstan tranzit ölkə kimi Ermənistan və Azərbaycan üçün əhəmiyyətlidir:
“Həm Azərbaycan, həm də Ermənistan bu məsələdə Gürcüstanla əməkdaşlıq etmək istəyər. Gürcüstan da çalışır ki, orta mövqeydən çıxış etsin. Gürcüstanın öz əraziləri ilə bağlı problemi olduğuna görə, Tbilisinin mövqeyi daha çox Azərbaycanın mövqeyinə yaxındır. Ümumilikdə isə neytrallığı qorumağa çalışırlar. Amerikanın daha fəal olduğu ərəfədəyik. Belə qərar olsa ki, görüş Vaşinqtonda yox, Gürcüstanda keçirilsin, Ermənistan buna etiraz etməyəcək”.
Regionun aparıcı güclərindən olan Rusiya Tbilisinin vasitəçiliyinə imkan verə bilərmi?
Sabiq XİN rəhbəri suala cavabında deyib: “Təbii ki, hər yerdə olduğu kimi, burada da qarşıdurma mövcuddur. İndi Qərb və Rusiya arasında daha kəskin münasibətlər mövcuddur. Ancaq Ukrayna müharibəsi səbəbindən Rusiyanın imkanları azalır. Lakin real geopolitik proseslərə Rusiya tərəfindən müqavimət olacaq. Bununla belə, Rusiya daha heç nəyin qarşısını almaq iqtidarında deyil”.
Digər xəbərlər