Saytımızı qiymətləndirin


 
 

Şagird şalvarını, Azərbaycan təhsili altını batırdı...
Tarix: 09-01-2023 | Saat: 11:47
Bölmə:Karusel / Yazar | çapa göndər

Şagird şalvarını, Azərbaycan təhsili altını batırdı...

Bir neçə il əvvəl Hindistan hökuməti deputatlığa namizəd olmaq istəyən şəxslərin qarşısında belə bir tələb qoymuşdu: Həyətində tualet olduğuna dair arayış gətir! 

Hindistan hökumətinin bu tələblə çıxış etməsi səbəbsiz deyildi. O vaxtı demirəm, elə indinin özündə də Hindistanda əyalət sakini olan milyonlarla adamın həyətində tualet yoxdur. Ermənipərəst mövqe tutduqları üçün gözümüzdən düşən qaraşirin hindlilər özlərinin təbii ehtiyaclarını dağda-daşda, ağac dibində, göl qırağında ödəyirlər. Deyilənə görə, tənbəlliyi ilə ad çıxarmış adamlar isə özlərini dağa-daşa salmırlar, elə evlərinin divarının dibində çöməlib təbii ehtiyaclarını qarşılayırlar...

Bu cür hallar Hindistanda yoluxucu xəstəliklərin artmasına səbəb olur. Hər il minlərlə insan natəmizliyin qurbanı olur, sirli-sehrli Hindistanda ölkəni inkişafdan saxlayan xəstəliklər tüğyan edir. Buna görə də hökumət istəyir ki, heç olmasa, deputatlar gigiyenik qaydalara əməl etsinlər, tər cəhənnəm, sidik, nəcis qoxa-qoxa parlamentə gəlməsinlər...

Deyəsən, kommunistlərin şüarıdır: Mədəniyyət tualetdən başlayır! Bu şüarın müəllifi hər kim olubsa, mədəni adam olub...

Səhər-səhər tualetdən yazmağımız səbəbsiz deyil. Bilənlərlə işim yoxdur, bilməyənlər üçün yazıram: İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə tualet problemi var. Deyəsən, burda "var" sözü yerinə düşmədi. 500-ə yaxın şagirdi olan məktəbdə uşaqların təbii ehtiyaclarını ödəməsi üçün düz-əməlli tualet yoxdur. Hətta bu üzdən aşağı sinif şagirdlərindən biri özünü batırıb. 

Şagirdin təhsil aldığı məktəbin Leyla adlı müəllimi bu problemə laqeyd qalmayıb. O, Aranlı kənd 1 saylı tam orta məktəbdə tualetin olmadığına dair problemi ictimailəşdirməyə qərar verib. Problemləri həll etmək əvəzinə, gizlətməyə həvəsli olan təhsil başbilənlərimiz isə müəllimin bu hərəkətini ona bağışlamayıblar. 

Leyla müəllimə də digər həmkarları kimi töhmətləndirilib. 

Azərbaycan müəlliminin düşdüyü durum adamın ürəyini ağrıdır. Müəllim şagirdin üstünə qışqıranda ona töhmət verilir. Müəllim şagirdə qulaqburması verəndə, töhmət alır. Müəllim şagirdə xoşagəlməyən söz deyəndə yenə cəzalandırılır - ən yüngül cəzası töhmət olur. Hətta bu üzdən işdən qovulanlar da var. 

Ərköyün şagirdləri cəzalandırmağa cəsarəti çatmayan təhsil səlahiyyətlilərimizin gücü müəllimlərə çatır. 

Şagird məktəbə 4 minlik telefonla gəlib sinifdə müəllimin şəklini çəkir - ona heç kim heç nə demir.

Şagird məktəbə gəlmir - yenə "qaşın üstə gözün var" deyən olmur. 

Şagird sinifdə qayğanaq bişirir - bu dəfə "nuş olsun" deyirlər. 

Bu cür idarəçiliyin axırı belə olmalıydı: Şagird şalvarını, Azərbaycan təhsili altını batırmalıydı. 

Şagirdin şalvarını batırması böyük problem deyil; paltaryuyan maşın bir ovuc yuyucu tozun sayəsində bu ləkəni təmizləyəcək.

Bəs, Azərbaycan təhsilinin altını kim təmizləyəcək?..

Seymur VERDİZADƏ



Xəbəri paylaş

1166 dəfə oxunub.

Digər xəbərlər