Naxçıvanın üstünü yenə duman alıb. Sözün əsl mənasında.
Neçə gündür Bakıdan Naxçıvana və əksinə uçmalı olan təyyarələr bu uçuşu yerinə yetirə bilmir. Təbiət-relyef etibarı ilə də qəliz regiondur Naxçıvan. Azərbaycanın ən sərt qışı, ən isti yayı məhz burada qeydə alınır. Bakıdan gələn təyyarələrin enməyinə bəzən duman, bəzən isə ildırım imkan vermir. Göylərdən kəsilən ümid yerə qalır. Yer dediyin varmı ki? İllər öncə bayatı kimi səslənən beş misra oxumuşdum. Hər dəfə Naxçıvanı ağır günlərini düşünəndə beynim çəkib gətirir.
Üç tərəfi dağlar, yağılar.
Bir tərəfi bağlanmış qardaş qapısı.
Ələ öyrənməyən yalquzaq kimi
Dörd dolanırıq, Naxçıvan adlı qəfəsdə.
Gözlərimiz yolda, qulaqlarımız səsdə…
İllərdir Naxçıvan göydə göyündən olub, yerdə yerindən. Ordubadın qardaş deyib arxasını söykədiyi Mehrisi, Şahbuzun Gorusu gedəli, başsız başçılar Zəngilanla Ordubad arasını, o gözəl Zəngəzurumuzu itə atılan tikə misalı kəsib rusun erməni adlı köpəyinə atalı arxasız qalıb Naxçıvan. Qışda üşüməyi, yayda yanmağı, bəlkə də, arxasız- dayaqsızlığından olub.
Neçə gündür göydən bağlı qalıb yenə yolumuz. Təcili gəlməli olan adamlar könülsüz də olsa, avtobusa bilet alıb İrandan keçməklə gəlmək zorunda qalıblar. Adamları könülsüz edən 10-12 saatlıq səfər əsnasında iki dəfə gömrük keçmək məcburiyyətidir. Öz doğma qardaşlarının yaşadığı, özbəöz torpağını yad torpağı kimi keçməyidir bu könülsüzlüyün səbəbi.
Naxçıvan illərdir İran adlanan ölkəyə məcbur buraxılıb. Daşı-torpağı qızıl olan bu məmləkət bir tikə çörəyini belə İrandan gətirmək zorunda qalıb zamanla. Kürəyində başqasının yükünü daşıyıb, o taya təhvil verib ailəsinin yükünü çəkə bilsin deyə. Qayıdanbaş gömrüklərdəki fars məmurların tənəli baxışları, bir pud balla yeyilməyəcək sözləri altında çarəsizcə ərzaq çantasını dartıb naxçıvanlı.
Siz indi Naxçıvanda gedən prosesləri futbol matçı kimi izləyib: “Naxçıvanın statusu ləğv olacaq, Muxtariyyət götürüləcək”, deyə şadyanalıq edirsiniz ha, heç soruşmusunuzmu bircə naxçıvanlıdan, muxtariyyət deyilən şey sadə naxçıvanlıya nə vermişdi ki? “Muxtar Respublika” vətəndaşı olmaqla nə güzəşt qazanmışdı o respublikanın sakini? Yolu olmadığı üçün, Azərbaycanın digər bölgələrindən kənar düşüb faktiki blokadada olduğu üçün verildiyi deyilən o status naxçıvanlının nəyinə yarayırdı?
Təyyarə biletində edilən əvvəlki 20, indiki 10 manatlıq güzəşti deyəcəksinizsə, xatırladım ki, bu bütün ölkə vətəndaşları üçün keçərlidir. Üstəgəl, eyni məsafəyə xaricdə qat-qat ucuza uçmaq olur, həm də alternativ yollar olduğu halda.
Digər tərəfdən, illərlə naxçıvanlı öz ölüsünü, cənazəsini Bakıdan Naxçıvana diri qiymətindən 4-5 dəfə baha qiymətə aparıb. Tabutu daşımaqçün AZAL adlı qurum atası ölmüş, anası ölmüş naxçıvanlıdan 200-250 manat pul tələb edib. Qardaşı ölmüş, bacısı ölmüş naxçıvanlı bezib buradan ora cənazə daşımaqdan. Balası ölmüş naxçıvanlı buradan ora, oradan bura bilet tapa bilməyib. Neçə valideyinin tabutu övlad çiyni görmədən gedib bu dünyadan son mənzilə. Neçə-neçə məzarlar ziyarətsiz qalıb illərlə. Çarəsiz qalıb əzizi ölmüş naxçıvanlı. Kəndlərin camaatı yığılıb, hər kənd özünə bir qəbiristanlıq alıb Bakıda. İndi Bakının hər tərəfi Naxçıvandakı kəndlərin adlarına uyğun qəbiristanlıqlarla doludur. Görün vəziyyət hansı həddədir ki, indi Naxçıvanda rəhmətə gedəni ziyarət edə bilsinlər deyə gətirib Bakıda dəfn edir yaxınları.
İstanbulun arxa məhəllələrində salınmış “Naxçıvan kəndləri”ndən xəbəriniz varmı? Ata-analarının yanında uşaq kimi gedənlər böyüyüb, bir –biri ilə evləniblər, uşaqları olub. Nə özlərinin sənəd adına bircə pitiyi var, nə övladlarının. O övladların ki, az qalır əsgərlik yaşı olsun. Nə əsgərlik? Özləri gedibmi ki, balaları da getsin? Niyə əsgər getsin, hansı vətəni qorusun bu gənclər? Hərf tanımırlar, dil bilmirlər, söz qanmırlar. Babalarının sənədində “Muxtar Respublika vətəndaşı” yazılmağının bədəlini ödəyirlər. Budurmu bu ölkədə illərdir yaradılmış “imkanlı naxçıvanlılar” mifinin qəhramanları? “Filankəsi də filan qədər milyon yeyinti ilə tutdular” xəbərinin bu adamlara dəxli varmı? Təsiri varmı? Alın əllərindən muxtariyyətlərini, guya nə vaxt onların olub ki?
Ölkə içindəki naxçıvanlılar ildə iki dəfə “böyük köç” yaşayırlar. Yazda Naxçıvana, payızda Bakıya. Əkib-becərməyə, becərdiyini gətirib Bakıda yeməyə gedir. Öncə qocalar gedir. Burada işi-gücü olmayanlar. Buradakılar işləyib oradakılara pul göndərir, əkin-biçin üçün adam tutdurur. Əkilir, biçilir, yığılır və geriyə köç başlayır. Sənədli filmlərdə gördüyümüzdən daha maraqlı sayıla bilər bu köçlər. Keçdiyimiz il “yaz köçü” zamanı bir gündə Bakıdan Naxçıvana nə az, nə çox düz 26 reys təyyarə uçurdu. Bəs eləmirdi, əlavə reyslərə də əlavə reyslər verilirdi. Aerokassanın içi, çölü, eləcə də hava limanı dolub daşırdı. Şanlı hökumətimiz məhz belə günlərdən yararlanıb Naxçıvana təyyarə biletinin qiymətini 10 manat qaldırdı. Bununla bağlı “Azadlıq” radiosu aerokassaya getdi, kimsə danışar, etiraz edər deyə. Ölkədəki açıqsözlü insanların yurdu olan Naxçıvan torpağının daşından səs çıxdı, camaatından səs çıxmadı, qorxurdular. Mən danışdığım üçün Naxçıvana gedəndə neçə illik dostlarım bir müddət aralı gəzməyimi xahiş etdilər. İndi siz deyirsiniz ki, mənim statusum alınacaq. Soruşmaq ayıb olmasın, hansı statusum?
Avqust ayı qardaş Türkiyədə keçirilən “Teknofest” festivalı çərçivəsində ASAN xidmət və Diaspor Komitəsinin birgə təşkilatçılığı ilə Samsunda Səyyar ASAN Xidmət nöqtəsi quraşdırılmışdı. Türkiyədə yaşayan vətəndaşlarımızın bütün növ sənəd problemləri Azərbaycana gəlmədən elə oradaca həll edilirdi. Bu məsələ ilə bağlı ASAN radioya müsahibə verən Diaspor Komitəsinin əməkdaşı təəsüfflə bildirirdi ki, Naxçıvan sakinlərinə xidmət edilə bilmir. Niyəsini də “müvafiq texniki problemlər”lə əlaqələndirirdi. Aparıcının o anda çox maraqlı bir replikası gəlirdi: “AMMA DANIŞIQLAR GEDİR”. (“Danışıq” e, ay kişi. İki ölkə arasında baş verən proseslər üçün işlənən söz bu dəfə Azərbaycanla onun tərkib hissəsi olan Naxçıvan haqqında işlədilirdi)
Bilirsiniz, bu nə demək idi? Naxçıvan əhalisi haqda müvafiq bilgilər mərkəzi bazada yoxdur. Orada kim ölüb, kim yaşayır, kim nə işlə və niyə məşğuldur, mərkəz bu haqda heç nə bilmir. Ölənlər, bəlkə də, ölməyib, haradasa “işləyir”, “pensiya alır”, “qulluq edir”. Di gəl kimsənin xəbəri yoxdur. Naxçıvanda neçə yüz min adam “yaşayır, əkir-biçir, fəaliyyət göstərir”. Onlar İstanbulda sənədsizdir, Bakıda acdır, Xırdalanda evsizdir. Ya da elə Bakıdakı Naxçıvan qəbiristanlıqlarından birində “ayağını uzadıb yatır”. Qeydiyyatından, varlığı-yoxluğundan özünün xəbəri olmayan adama Naxçıvanda hansısa nazirliyin ləğv edilməsinin nə dəxli ola bilər ki?
Naxçıvanın üstünü neçə vaxtdır buludlar alıb. Sözün məcazi mənasında. İdarələr yoxlanılır, nazirliklər ləğv edilir, komitələr birləşdirilir, yüksək vəzifəli adamlar həbs edilir. Bunlar hökumət işləridir. Qurumlardaxili məsələlərdir. Cinayəti var, prokurorluq araşdıracaq, məhkəmə həbs edəcək, həbsxana islah edəcək, üstəgəl, əmlakı da müsadirə ediləcək. Lazım bilinəcəksə, Muxtar Respublika səlahiyyəti də qanuni yollarla götürüləcək, status ləğv ediləcək. Bunlar yaxşı işlərdir, olsun. Təkcə Naxçıvanda yox, bütün ölkədə, harada varsa, tapılsın, cəzası verilsin.
Naxçıvan camaatının illərdir yaşadığı dram var. Diblərdə, ən uzaqlarda yaşanan problemlər var. Region-region, rayon-rayon yaşanan dərdlər var. Heç vaxt qaysaq bağlamayan illərin yaraları var. Həllini gözləyən yüzlərlə problem var. Naxçıvan camaatının heç bir xüsusi imtiyazı, statusu yoxdur. Muxtariyyətin o camaata heç vaxt, heç bir xeyri olmayıb, yoxdur. O camaatın, o bölgənin daşlaşmış problemlərini, batman-batman dərdini həll etmək lazımdır.
Yoxsa ki, “Muxtariyyətini alaram ha!” deyib, sadə naxçıvanlını qorxutmayın. Alın o muxtariyyəti. Hətta srağagündən alın, bu gün “üçü” olsun!
Çingiz Özgür