Saytımızı qiymətləndirin


 
 

Qərib Baxşəliyevin xatirəsinə- Rəna İbrahimova yazır
Tarix: 07-12-2022 | Saat: 21:41
Bölmə:Karusel / Yazar | çapa göndər

Qərib Baxşəliyev: Azərbaycan zabiti əsir düşmür!

Şəhid polkovnik-leytenant Qərb Baxşəliyev Qızıl adamın “Qızıl qaydaları” İnsanlar bəzən öz talelərini sanki özləri yazırlar. Ola bilsin ki, bizə uzaqdan elə görünür, çünki çox az qism insanlar var ki, o taledən xəbərdarmış kimi yaşayır, seçilmiş olurlar. Taleyin onlara diktəsini həyatları boyu yerinə yetirərək yaşayırlar. Əvvəlcə onu dərk edib, başa düşmürsən. Vaxt keçir, həyat elə gətirir ki, həmin O seçilmiş insanın həyatını əvvəldən sona qədər vərəqləyəndə görürsən bu heç də elə-belə olmayıb. Burada qeybdən gələn, insan şüurunun qəbul etmədiyi elə məqamlar var, onu yaşamadan, eşitmədən, bilmədən və dərinliyinə getmədən heç bir vaxt başa düşməzsən. Şəhid polkovnik-leytenant Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonundan olan Qəribin yeniyetməlik dövrünün sonu, gəncliyinin əvvəlləri Azərbaycan xalqının ən çətin, ən ağır illərinə təsadüf edir. Yurd-yuvalarını erməni qəsbkarlarının zəbt etməsi, isti ocaqlarıdan didərgin düşməsi, xalqımıza edilən zülmlər, haqsızlıqlar, nəticədə itirilmiş 20 % Qarabağ torpaqları. Bu dövrün bütün ağırlıqları gənc nəslin və yeni doğulan oğulların tale yükünə çevriləcəkdi. Onların çoxunun artıq bələkdə gələcək həyat yolları, taleləri yazılmışdı. Ağır həyat tərzi hansı anaya imkan verərdi ki, balasının beşiyi başında nikbin ruhda layla çalsın? Laylalar da həyatımızın axarına, rənginə, çalarına uygun qəmli-qəmli çalınaraq qəhər boğazları kəsərək, kədər səsləri titrədərək boğazda düyünlənib qulaqlara süzülürdü. Müharibə insanların ovqatını dəyişmiş, gözlərində, ürəklərində qəm yükünə çevrilmişdi. Kişilərimiz silah götürüb vuruşsalar da qürurları Xocalı faciəsində sınmışdı. Qan yaddaşına çevrilib, qisas alovunda yanmışdı. Yeni bir nəsil tərbiyə etmək, ruhları təzələmək, döyüşkən, düşmən üzərinə qartal kimi şığayan, həm fiziki, həm taktiki, həm psixoloji cəhətdən inamlı, qorxmaz, tam hazırlıqlı ordu yaratmaq lazım idi. Hərbə maraq artırdı. Sovetlər dövründə bilərəkdən, planlı şəkildə gənclərimizin böyük əksəriyyətinə orduda hərbin sirlərini öyrətməkdənsə müxtəlif tikinti obyektlərinə xidmətə göndərilirdi. Tarix boyu hər yolla bizi bizdən almağa, dəyərlərimizdən uzaqlaşdıraraq manqurtlaşmağa çalışsalar da buna nail ola bilmədilər. Müstəqillik qazanan xalqımız yeni dövləti kərpic-kərpic yenidən inşa etdi, qurdu, yaratdı. Bu quruluşda dövlətin ən mühüm şərti var gücü ilə səriştəli ordu formalaşdırmaq idi. Suda, havada,quruda nəinki sərhədləri mühafizə etmək, qorumaq, möhkəmləndirək, eyni zamanda itirilmiş torpaqlarımızı geri qaytarmaq naminə güclənərək azgın düşmənə qalib gəlmək lazım idi. Bu isə bir ilin, beş, on ilin işi deyildi. Bu yol çətin, məsuliyyətli, ağır, itkilərlə dolu bir yol idi. Qərib Baxşəliyev də bu yola qədəm qoyur. 1994-cü ildə orta məktəbi bitirir. Qərib öz arzusu ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olur. Həmin məktəbdə zirehli tank silahları üzrə mühəndis-texnik ixtisasını bitirir. 1999-cu ilin iyul ayından 2000-ci ilin dekabr ayına qədər Tərtər rayonunda N saylı hərbi hissədə motoatıcı tağım komandiri, 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabrına qədər C. Naxçıvanski adına Hərbi Liseydə tağım komandiri, 2002-ci ilin dekabr ayından 2010-cu ilin yanvar ayına qədər həmin liseydə tədris-bölük komandiri, 2010-cu ilin yanvar ayından 2014-cü ilin fevral ayınadək C. Naxçıvanski adına Hərbi Liseydə tərbiyəvi işlər bölməsində psixoloq vəzifəsində işləyir. 2014-cü ilin fevral ayından C. Naxçıvanski adına Hərbi Liseydə Şəxsi Heyətlə İş üzrə Şöbənin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət edir. 2016-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb tarixindən dərs deyir. Qərib Baxşəliyev müqəddəs torpaqlarımızın düşmən ayaqları altında 28 ilə yaxın bir müddətdə tapdalanan xalqın övladı olaraq ordumuz üçün, dövlətimiz üçün vətənə layiqli zabitlərin hazırlanmasında nəinki bir hərbçi, eyni zamanda psixoloq kimi onların fiziki və psixoloji hazırlıqlarının yüksək səviyyədə olmasında bilavasitə yaxından iştirak edir. Olduqca ədalətli, bütün yetirmələri ilə eyni dildə danışıb, fərq qoymadan bir komandir kimi deyil, böyük qardaş kimi rəftar edirdi, qayğılarına qalırdı. Orduda döyüş rifahının yüksəkdə durması, əsgərlərin fiziki, psixoloji hazırlıqlığının qənabəxş olması qalibiyyətin yarısıdır. Qərib Baxşəliyev özündə bir neçə xüsusiyyətləri birləşdirirdi. Bir insanın daxilində neçə insani keyfiyyətlər, bacarıq və qabiliyyətlər olar? İnsan kimi insan, gözəl övlad, ailə başçısı, ata, qardaş, döyüşçü, müəllim, psixoloq, yüksək səviyyəli mütəxəssis və gözəl natiq! Bu da azmış kimi məharətli qiraətçi! Gözəl şeirlər söyləyən, şair təbiətli həyat vurğunu olan romantik bir insan! Bu sadalananlar onun görünən tərəfləridir. Gözəl nitq qabiliyyəti hələ orta məktəbdə oxuyarkən onu televiziyaya aparıb çıxardır. Aparıcı kimi müəyyən müddət “Cocuqlar dünyası” verilişini aparır. Sonralar bu bacarıq ona öz təhsil verib, təlim keçdiyi tələbələrinin qarşısında fikirlərinin aydın şəkildə çatırılmasına, onların beyinlərində həmişəlik həkk olumnasına böyük zəmin yaradır. Qərib öz kursantlarına “kişilər” deyə müraciət edirdi. “Kişilər, bir düşünün, bizlər Allah yanında nə qədər hörmətli bəndələrik ki, xalqımızın 30 illik donub qalmış sağalmaz yarası olan Qarabağ münaqişəsini həll etmək məsələsində bizi də layiq görüb, qiymətləndirib. Allah bu müqəddəs işi hər bəndəsinə həvalə etmir. Biz, o hörmətə layiqiq ki, buradayıq.” Polkovnik-leytenant Qərib Baxşəliyevin döyüşlərdən əvvəl şəxsi heyəti qarşısında çıxışından. “Kişilər, biz illərdir gözlənilən müharibənin iştirakçılarıyıq. Bu müqəddəs yolda hər an qazi, şəhid ola bilərik! Ehtiyyatlı olun, özünüzü qoruyun, amma heç vaxt narahat olmayın! Ürəyinizə gəlməsin ki, həyatımıza son qoyulacaq. Əsla, elə düşünməyin! Bizlər buradan sağ-salamat qurtarıb geri qayıdarıq və hansısa bir qəza nəticəsində dünyamızı dəyişərik və qohumlarımız bizim üçün 40 gün göz yaşı tökərək anıb, yad edəcəklər. Sonradan zaman keçdikcə unudulub gedəcəyik, amma bu müqəddəs yoldan şəhid qayıtsaq, damarında Azərbaycan qanı axan hər bir kəs bizi daima anıb, yad edəcəkdir. Şəhidliyin əbədi yaşarlığı baxın, budur!” Yaxud da sonuncu dəfə dostlarına göndərdiyi səs yazısında “Döyüşdə hər şey olur, ölüm-itim! Mən də ölsəm, eybi yox! Taki Laçın, Qarabağ azad olsun! Şəhidlər ölmür, onlar ölümsüzdürlər!” deyir. Kursantlarına hər zaman sanki bir vəsiyyət edərək deyirmiş ”Azərbaycan Ordusunun zabiti şəhid olar, əsir düşməz!” 27 sentyabrda Vətən Müharibəsi başlayandan iki gün sonra Qərib Baxşəliyev döyüşlərə yollanır. Onun qəlbində böyük yanğı vardı. Belə ki, hər sözünün əzəli sonu Laçın olan vətənpərvər hərbçinin Vətənə olan borcunu vermək zamanı nəhayət gəlib çatmışdır. Bu borc onun üçün iki qat məsuliyyətli idi. Ata-babalarının yurdunu xilas etmək və bir komandir olaraq vəzifə borcunu yerinə yetirmək. Qərib döyüşlər zamanı da yoldaşlarının ruh yüksəkliyini, psixoloji vəziyyətlərinin pozitiv olasının qayğısına qalır, motivasiya verir, əlindən gələni əsirgəmirdi. 20 illik pedaqoji fəaliyyəti dövründə dediyi hər söz kursantlarının yaddaşında elə yazılıb ki, onların həyatlarında müqəddəs bir amala, şüara çevrilib. Əsl kişilik budur! Özündən sonra bir böyük məktəb qoyasan - kişilik, ərənlik məktəbi! Hər kəsəmi qismət olur bu tale? Əsla yox!!! Atası İnqilab kişi “ Qəribə güllə batmazdı” deyir. Bu, həqiqətən də belədir! Qərib Baxşəliyev noyabr ayının 3-də sonuncu dəfə Zəngilan ərazisində postları yoxlayarkən səhvən düşmən mühasirəsinə düşür. Son gülləsinə qədər qəhrəmancasına döyüşərək əsir düşməmək üçün özünü güllə ilə vuraraq şəhidlik zirvəsinə yüksəlmişdir. Onun nəşi bir aydan çox düşmən əsirliyində qalmışdı. Uzun müddətli danışıqlardan sonra şəhidin nəşi ailəsinə təhvil verilmişdir. Atasının dediyi kimi onu düşmən gülləsi deyi, elə öz gülləsi şəhidliyə yüksəltdi. Qərib özünü xidməti avtomobilində oturduğu yerdə məğrurcasına vurmuşdu. Dimdik dayanaraq, bəlkə də düşmənin gözlərinin içinə də baxaraq bu addımı atmışdı. O, ömrü boyu dediklərini öz hərəkətlərində yaşayaraq, göstərərək nümunə olmuşdur. Ölümsüzlüyü ilə də nəinki kursantlarına, döyüşçülərinə, bir xalqa örnək oldu. Şəhidimiz Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Ailəsi ilə döyüşlərdə əlaqə saxlayan vaxt “Evimizə çatmağa az qaıb, lap az!” deyirdi. Özü ilə gəzdirdiyi üç rəngli bayrağı Laçında dalğalandırmaq onun ən böyük arzusu idi. “ Kişiyə ürək, dosta kürək, bayrağa külək çox yaraşır!” Qərib Baxşəliyev! Həm dosta ürək oldunuz, qəlblərə dolaraq əbədi yaşadınız, onlara arxa, kürək oldunuz, özünüz şəhid olsanız da bütöv diviziyanı döyüşlərdən sağ-salamat çıxartdınız. Bayrağımıza külək çox yaraşır, Qarabağ torpaqlarında dalğalanaraq küləklə həmahəng olur. Arzusunda olduğunuz hər bir şey həyat keçib! Şəhidlik arzunuz belə! Daha nə qaldı ki? Qəribin bir insan kimi gözəl xasiyyətlərə malik olması ona “Qızıl adam” ləqəbi qazandırmışdı. Əqidəcə, xaraktercə, nüfuzca dəyərli, ailəcanlı, vətənpərvər, iradəcə möhkəm bir insan olması, sözü ilə əməllərinin üst-üstə düşməsi onun daxili aləminin zənginliyinə, ruhunun paklığına bir işarədir. “Qızıl adam”ın qızıl qanunları kitablarda yazılmasa da onun həyatında, xalqımızın Zəfər tarixində, kursantlarının, döyüşçülərinin yaddaşlarında əbədi olaraq həkk olundu. Qərib Baxşəliyev adı öz ailəsinin, nəslinin möhür daşına çevrildi. Onun babaları da əsrin əvvəllərində erməni daşnaklarının xalqımıza qarşı törətdikləri zülmlərə, işğalçılığa qarşı döyüşərək hərb yolunu tutanlardan olub. Deməli, tarix təkrar olunurdu. Qərib ənənəsi olan bir nəslin davamçısı idi. Bu günsə onun yüzlərlə, minlərlə davamçıları var. Ən yaxın, ən layiqli davamçıları elə öz ailəsindən - dörd körpəsindən başlayır. Onun əmanətləri xalqımızın dəyəridirlər! Qərib dördüncü dəfə ata olacağı sevincini doya-doya yaşamadığı kimi, özündən aylarca sonra doğulan körpəsini də görmədi, doyunca bağrına basıb sevib əzizləmədi . Cənnətdən Cənnət balasını seyr edən şəhidimizin bütöv bir xalqa cənnət ərmağanı oldu bu doğuluş. Bu, o deməkdir ki, şəhidlər ölümsüzdürlər! Özlərindən sonra belə nəsilləri davam edir. Onların şəhidliyi belə düşmənə göz dağı, can qorxusudu! Birimiz ölər, minimiz doğularıq - mərd, cəsarətli, ölməz, qorxu nədi bilməyən, qorxunu yağının gözlərinə baxa-baxa ürəyinə toxum olaraq əkən, döyüş meydanında zəmisini biçən ərənlər kimi. Düşmən əlinə keçməkdənsə özünü öz əli ilə şəhid edən qurd ürəyi yemiş Qəriblər doğular. Düşmənin hələ çox qorxacağı var, görəcəkli günləri var! Bu gün 28 ilin qisasını alan xalqın şəhid övladlarının milyonlarla varisləri var, olacaq hələ! Qərib Baxşəliyev demiş “Kişi var alnına söyüş yazılır, kişi də var alnına döyüş yazılır! Sizə arzum - döyüş yazılanlardan olun!” İllər əvvəl öz şəhidliyinizi hiss edirmiş kimi bu yazını fotolarınızın üzərində yazıb xatirə olsun deyə gələcək həyatınıza, sizsiz günlərinizə sizli bir mesaj göndərmişdiniz! “Rast gələrsən bir gün mənim adıma, de, unuda bilərsənmi?” Vətən eşqi ilə yananları, canını vətən yolunda fəda edənləri, canının yarısını, əzalarını o torpaqlarda qoyub gələn oğullarımızı de, kim unudar? Şəhid polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlu

2020-ci ilin dekabr ayının 8-də İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26.06.2001 — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubileyi medalı

24.06.2005 — “Qüsursuz xidmətə görə medalı 26.06.2008 — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubileyi medalı

26.06. 2010 — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı

26.06.2013 —“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi medalı

26.06.2015 — Qüsursuz xidmətə görə” 1- ci dərəcəli medalı

26.06.2018 — “Azərbaycan Ordisunun 100 illiyi” yubileyi medalı

14.09.2020 — Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalı

15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğurunda” medalı

24.06.2021 — “İgidliyə görə” medalı (ölümündən sonra)

24.06.2021 — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

24.06.2021 — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra) təltif edilmişdir

Rəna İbrahimova




1197 dəfə oxunub.

Digər xəbərlər