“Siz o mərkəzin açılma vaxtına və Putinin regiona səfərinə diqqət yetirsəniz, sualınızın cavabını çox asanlıqla tapmış olarsınız”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert Xankəndidə açılan “rus mərkəzi”ylə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu məsələnin cavabı sadədir: “Bildiyiniz kimi, Putin regiona gəlir və ona məlumat verirlər ki, “baxın, biz Rusiya mədəniyyətini burada da inkişaf etdiririk, eləcə də təkcə İrəvanda deyil, hətta Xankəndidə də bu məsələylə məşğuluq”. Yəni onlar sabah üçün bir zəmin hazırlayırlar ki, haçansa Rusiyaya müraciət edəcəkləri təqdirdə, Rusiya da “bizim orada mədəni muxtariyyətimiz, mərkəzimiz var” deyə işğalçılıq siyasətini yürütsün”.
Polkovnikə görə, əslinə qalsa, bunlar ermənilər və onlara havadarlıq edənlər tərəfindən boş və mənasız addımlardır və onların heç bir perspektivi yoxdur: “Başa düşmək lazımdır ki, bir müddətdən sonra o mərkəzlər ya söküləcək, ya da elə-belə, lazımsız bir obyekt kimi Azərbaycanın sərəncamında olacaq”.
Ü.Cəfərov Azərbaycandakı rus icmasının susqunluğuna da etiraz edib: “Təəssüflər olsun ki, Azərbaycan rus icması var, amma onlar Bakıda oturub, orada baş verənlərə səslərini çıxarmırlar. Habelə Azərbaycanda rus QHT-ləri də var, hansılar ki, yaxşı qrantlar xərcləyirlər, amma onlar da səslərini çıxarmırlar”.
“Arayikin nə deyib-deməməsinə gəldikdə isə Arayik artıq orada Ruben Vardanyanla bir yerdə son günlərini və həftələrini yaşayır. Proseslər artıq elə bir məcraya yönəlib ki, separatizmin kökü kəsiləcək və heç bir halda orada nə ermənilər, nə də ruslar üçün nə mərkəz, nə də bir icma olmayacaq. Əgər onlar qalacaqlarsa, qanunlarımızı qəbul edəcəklərsə, edəcəklər, yox, yaşamayacaqları təqdirə, Laçın dəhlizi vasitəsilə istənilən yeri özlərinə seçə bilərlər”, – deyə mütəxəssis əlavə edib.
Müsahibimizin fikrincə, Arayik və digərləri sanki Azərbaycan cəmiyyətinin nəbzini yoxlayırlar:
“Axı onlara bu səlahiyyəti kim verib ki, onlar bu addımı atırlar?! Nəzərə alsaq ki, onların üstlərində cinayətkar damğası var, belə olan halda da düşünmürəm ki, onların hoqqabazlıqla məşğul olduqları bu məsələ hansısa bir uğurla nəticələnsin”.
Hərbi analitik, hətta bu barədə misal da gətirməyi unutmayıb:
“Kobud bir misal çəkim: Yadınızdadırsa, sentyabrda guya Xersonu Rusiyaya birləşdirmişdilər, hətta Rusiya prezidentinin iştirakı ilə Kremldə “Rossiya, Rossiya” deyə qışqırırdılar. Amma bu gün Xerson yenidən Ukraynanın nəzarətinə qayıtdı. Eyni vəziyyət də Xankəndidə olacaq. Qısası, Xankəndi ilə bağlı nə ermənilərin, nə də rusların hansısa planları reallaşdırmaq imkanları olmayacaq. Bu, sadəcə özü-özünü aldatmaq və sakitləşdirməkdir ki, bu da müvəqqəti xarakter daşıyır”.
Rafi MÜSLÜMOV