Saytımızı qiymətləndirin


 
 

“Beşinci kolon“ adıyla Rusiyadan xeyli pul alıb yeyiblər” - Şok açıqlama
Tarix: 26-10-2022 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Beşinci kolon“ adıyla Rusiyadan xeyli pul alıb yeyiblər” - Şok açıqlama

 

Zaman-zaman Azərbaycanda rus telekanallarının bağlanması haqda fikirlər, təkliflər gündəmə gəlib.

Xüsusən cəbhə bölgəsində yaşanan gərginlikdən sonra rus telekanallarının Azərbaycan əleyhinə təbliğat aparması fikri irəli sürülərək qadağa məsələsini daha ciddi gündəmə gətirildi. Amma əksər ekspertlər hesab edirlər ki, Azərbaycanda rus televiziyalarına məhdudiyyət qoymaq elə də asan deyil. Çünki ölkə ictimaiyyətinin mühüm bir hissəsi rus efirlərinin daimi izləyicisidir. 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Həmid Herisçi bildirib ki, bu cür qadağaların əleyhinədir:

“Radikal şəkildə telekanalları, kitabları, qəzetləri yasaqlamaq mənə xoş görünmür. Bilirsiniz, yasaqlar, qadağalar mənə görə lazımsızdır. Azərbaycanda ingilis dili bilən adamlar azdır, bizim Avropaya gedən pəncərəmiz təəssüflər olsun ki, Rusiyadan keçir. Gürcülər, Baltikyanı cumhuriyyətlər birbaşa Avropa mədəniyyəti ilə təmasda olurlar. Bizim təmasımız isə Moskvadan keçir. Ona görə də rus telekanalları bağlanarsa bu əlaqə də avtomatik itəcək. Mən özüm də rus telekanallarına baxıram, bunu açıq deyirəm. Gəlin, biz birinci öz telekanallarımızı düzəldək, sonra başqalarını qadağan etmək barədə düşünək. Bu cür çağırışları, adətən, savadsız adamlar edirlər. Nəzərə almaq lazımdır ki, jurnalistika beynəlmiləl sənətdir. Telekanallarda, radiolarda DJ-lər var, belə danışırlar. Mən isə bunun əleyhinəyəm”.

O, qeyd edib ki, bu cür radikal qərarlar insanları dünyadan təcrid edəcək:

“Əgər belə qadağa qoyulsa, bizi dünyadan təcrid edəcəksiniz. Bizdə bəzi adamlar istəyir ki, elə qapını bağlasın və desin ki, mən burda ağayam. Mədəniyyəti "JEK" səviyyəsinə salmayın! Başa düşürəm, sevinirsiniz ki, hər şey kiçik, məhəlli olsun, elə özümüz olaq, amma bu doğru deyil. Bu etnopatriotizmi bir az azaldın, peşəkarlığa gedin. Bu nə söhbətlərdir, onu qadağan edin, bunu qadağan edin. Belə bərk vurursansa, get döyüşdə vuruş, peşəkar hərbçi ol. Bilirsiniz, biz məhəlli təfəkkürlü insanları başımıza çıxarmışıq. Onlar da nə istəyirlər edirlər, deyirlər kanalları bağlayaq. Əvvəllər Azərbaycanda çox adama deyirdilər ki, anan, yaxud atan ermənidir. Bunlara çox üz versən, yenidən başlayarlar camaatın ata-anasını araşdırmağa. Bu cür fikirləri Azərbaycanda yayanların özlərinin ata-analarını öyrənmək lazımdır. Yalandan başlayırlar ki, filankəs "beşinci kolon"dur. Belə səfeh-səfeh fikirləri ortaya atırlar. Şəxsən mən düşünürəm ki, "beşinci kolon" heç yoxdur. "Beşinci kolon" təbliğat vasitəsidir, elə Ukrayna hadisələri bir daha sübut etdi ki, sözügedən kolon heç Ukraynada da olmayıb. Putin ona aldanaraq müharibəyə başlayıb, sizə deyim ki, heç Bakıda da "beşinci kolon" deyə bir şey yoxdur. Yalandan "beşinci kolon" yazıb pulunu da yeyiblər. Belə bir şey heç yoxdur, bütün Rusiya bundan yazır. Bu ad altında bəzi adamlar yalandan Moskvada pul siliblər. Ötən il KİV-lərdə Rusiya agentlərinin siyahısı çıxdı. O siyahıda bizim hörmətli insanlarımız da vardı. Siyahıya baxan kimi anladım ki, Moskvada kimsə Rusiya hökumətinin müvafiq qurumlarına yalan informasiya satıb ki, guya burada onların tərəfdarları var. Pul alıb və o pulları da yeyib. Ukraynada da belə olub. Yalandan Putinə deyiblər ki, sənin 200 min tərəfdarın var, müharibəni başla, sabah sənin üçün çıxacaqlar küçələrə. Sonra məlum olub ki, belə bir şey yoxdur. Pulu alıb fevralın 23-ü yeyib içib, sərxoş olublar. Ayın 24-ü əməliyyat başlayıb və məlum olub ki, hamısı sərxoşdur və yatır”.



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər