Saytımızı qiymətləndirin


 
 

OPEC+ çərçivəsində tədbirlərin icrası SOCAR-a tapşırılıb
Tarix: 30-04-2020 | Saat: 12:24
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neftə olan tələb-təklifin tarazlaşdırılması üçün cari ilin 1 may tarixindən etibarən neft hasilatının gündəlik 9,7 milyon barel həcmində azaldılması barədə razılığa gəlib. Azərbaycan OPEC+ iştirakçısı kimi görüşdə iştirak edib və digər ölkələrlə birlikdə üzərinə hasilatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürub. Razılaşmanın yeni şərtlərinin müzakirəsində Azərbaycanı təmsil etməyə səlahiyyəti olan Energetika Nazirliyi, razılaşmanın şərtlərini və respublikanın öz üzərinə götürdüyü öhdəlikləri açıqlayıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, Energetika Nazirliyi tərəfindən hasilatın müvəqqəti azaldılması kvotalarının ölkədəki hasilatçılar arasında mütənasib şəkildə bölünməsi təklif edilib və təklifin icrasının təmin edilməsi Nazirlər Kabinetinin tapşırığı ilə SOCAR-a həvalə olunub.

OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar -2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.

Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96 min, iyul-dekabr aylarında 63 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 30 min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barel həcmində azaldaraq 100 min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq, ümumi hasilata gündəlik min barel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111 min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barel azaldılması nəzərdə tutulur. Sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatda gündəlik 27 min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26 min barel artıra biləcək.

Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel səviyyəsində proqnozlaşdırılır.

Digər əməliyyat şirkətləri hasilat səviyyəsini ilk dövrdə gündəlik 3 min barel azaldacaq, iyul-dekabr aylarında gündəlik 1 min barel, gələn il isə daha 1 min barel artıra biləcəklər.
OPEC+ razılaşmasından irəli gələn tədbirlər nəticəsində cari ilin may-dekabr aylarında Azərbaycanın xam neft hasilatı ümumilikdə 17.4 milyon barel azaldılaraq, 141.8 milyon barel təşkil edəcək. 2021-ci ildə ölkə üzrə bu göstərici 30.7 milyon ton və ya 226.3 milyon barel həcmində proqnozlaşdırılır. 

Qaz-kondensat yataqlarını istismar edən “Şahdəniz” konsorsiumunun və “Umid Babek Operating Company” əməliyyat şirkətinin karbohidrogen hasilatı, eyni zamanda SOCAR-ın “Azneft” İB-nin və “Bahar Energy Operating Company Limited” əməliyyat şirkətinin kondensat hasilatı bu göstəricilərə daxil deyil.

Bildirilib ki, 2020-ci ilin sonunadək SOCAR-ın “Azneft” İB-də əməliyyat effektivliyini nəzərə alaraq, bir neçə yataqda hasilatın müvəqqəti məhdudlaşdırılması və avadanlıqlarının sənayedə qəbul edilmiş tələblərə uyğun şəkildə konservasiya edilməsi planlaşdırılır. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yatağın istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürüləcək. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək olan neft və qaz yataqlarında istismarın dayandırılması, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən bəzi yataqlarda isə istismarın davam etdirilməsi nəzərdən keçirilir.

Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da sərbəstləşən işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqların texniki xidmətinə cəlb olunacaqlar. Odur ki, hazırda bəzi yataqların istismarının dayandırılması ilə bağlı işçilərin kütləvi surətdə ixtisara salınması gözlənilmir. Sərbəstləşən işçilər isə Kadrların Ehtiyat Bazasına (KEB) daxil ediləcək, onların SOCAR-ın müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görüləcək. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-də mövcud olan işçilər hesabına yerləşdirilməsi, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün kadr hazırlığı mərkəzlərində təlimlərə cəlb olunması da nəzərdə tutulub. "Report"



Xəbəri paylaş

429 dəfə oxunub.

Digər xəbərlər