Tarix: 24-05-2022 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
Əməkdaşımız Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun harada olduğunu öyrənməyə çalışıb.
Rubrikamızın generalı gündəmə gətirməsi təsadüf deyil. Çünki bu gün - 24 may tarixi Nəcməddin Sadıkovun doğum günüdür, onun 66 yaşı tamam olub.
Generalın özü ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.
N.Sadıkova yaxın olmuş sabiq hərbçilərdən Baş Qərargahın eks-rəisinin harada olduğunu dəqiqləşdirdik. Adının çəkilməsini istəməyən mənbə qısaca olaraq bildirdi: o, hazırda Bakıdadır.
Azərbaycan Müdafiə Nazirliyi 2021-ci il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.
N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi. General həmin vəzifədə 27 ildən çox xidmət etdi.
Onu 2020-ci ilin 27 sentyanr-10 noyabr tarixləri arasında davam edən 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırmışdılar. Bu, hardasa, Vətən müharibəsinin ilk ongünlüyündən sonra baş vermişdi. 2020-ci il oktyabrın 4-də Müdafiə Nazirliyinin yaydığı xəbərə əlavə olunmuş fotolardan birində Nəcməddin Sadıkov da Ordu rəhbərliyi arasında görüntülənmişdi.
Altı gün sonra – 2020-ci il oktyabrın 10-da isə Müdafiə Nazirliyinin saytında Nəcməddin Sadıkov barəsində yer alan məlumat bölümü yoxa çıxmışdı. Və bu hadisə cavabı verilməyən xeyli suallar doğurmuşdu.
Bir neçə ay sonra əvvəlcə Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərovun vəzifəsindən azad olunduğu rəsmən təsdiqlənmiş, ardınca isə onun özünün Ordudan kənarlaşdırldığı bəyan edilmişdi.
Nəcməddin Sadıkov mütəmadi olaraq mətbuatın tənqidinə məruz qalıb. Media bu tənqidləri yayarkən vaxtilə generalın tabeliyində xidmət etmiş hərbçilərin açıqlamalarına, ittihamlarına əsaslanıb. O, daim “Rusiyanın adamı” kimi xarakterizə olunub, adı həmişə Ordu daxilindəki nöqsanların yaranmasında hallanıb.
Bir çoxları – o cümlədən keçmiş hərbçilər, deputatlar N.Sadıkovun Silahlı Qüvvələrdən uzaqlaşdırlandan sonra həbs olunacağını proqnozlaşdırırdı, hətta bununla bağlı tələblər səsləndirənlər də az deyildi, indi də var…
Onun adı “Tərtər işi”ndə də hallandırılır və bu hadisəni törədənlər sırasında çəkilir.
Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub.
1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
Daha sonra, Azərbaycanın da daxil olduğu SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib. 1988-ci ildə keçmiş SSRİ məkanında məşhur olan Frunze adına Hərbi Akademiyanı bitirib.
1 fevral 1992-ci ildə Azərbaycan Ordusunda xidmət etməyə başlayıb və 703 saylı briqadanın komandiri təyin edilib. Daha sonra korpus komandiri vəzifəsində xidmət edib.
2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədən 2021-ci ilin əvvəlində azad edilib.
Digər xəbərlər