Tarix: 23-04-2022 | Saat: 13:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 27-də keçiriləcək ümumi yığıncağında AMEA-nın nizamnaməsinə dəyişiklik ediləcək”.
Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.
O bildirib ki, ciddi dəyişiklik olmasa da, müəyyən dəyişikliklərin olacağı gözlənilir:
"Akademiyanın həyatı daim dəyişir, yenilənir. Bu səbəbdən də müəyyən məsələləri hüquqa uyğunlaşdırmaq lazım olur. Yəqin ki, bununla əlaqədar dəyişikliklər olacaq".
Rasim Əliquliyev onu da bildirib ki, dəyişikliklərlə əlaqədar olaraq yeni struktur islahatları da aparıla bilər:
"Bu islahatlar elə bir prosesdir ki, kompleks işlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan ayrı-ayrı qurumlar, mərkəzlər açıla bilər. Ölkəmizdə baş verən reallıqlara, dövlət başçısının apardığı işlərə dəstək olaraq müəyyən təşkilati tədbirlər həyata keçirilir. Həm işğaldan azad olunan ərazilərlə bağlı, həm də ümumiyyətlə ölkəmizin maraqlarına xidmət edən çoxlu obyektiv problemlər var ki, alimlər buna dəstək verməlidir. Ona görə də AMEA-nın fəaliyyətini daha çevik edib, bu reallıqlara cavab verə biləcək yaxşı kadr potensialı yetişdirmək lazımdır".
AMEA-nın vitse-prezidenti deyib ki, bu gün istər humanitar, istər ictimai, istər dəqiq elmlər sahəsində müəyyən problemlər var. Elmin məqsədi həmin problemləri aşkarlayıb, həllini cəmiyyətə təqdim etməkdir:
"Bildiyiniz kimi, Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçirilir, dünyanın müxtəlif ölkələrindən azərbaycanlı alimlər də orada iştirak edir. Sözsüz ki, onların da ölkəmizin inkişafına töhfələri olacaq. Ümumi yığıncaq ölkəmizdə gedən bütün prosesləri müzakirə etmək üçün ən yüksək instansiyadır. Ona görə də biz həmin iclasda müxtəlif elmi istiqamətlər üzrə qısa da olsa hesabat verəcəyik və yaxın dövr üçün vəzifələr müəyyənləşdiriləcək. Daha sonra həmin problemlərin həllində Azərbaycan alimləri səfərbər olacaq".
Rasim Əliquliyev gələcəkdə işğaldan azad olunmuş ərazilərdə AMEA-nın struktur bölmələrinin yaradıla biləcəyini də istisna etməyib:
"Təbii ki, zaman gələcək Qarabağda da AMEA-nın hansısa bir qurumu fəaliyyət göstərəcək. Hələlik hüquqi şəkildə elə bir bölməmiz yoxdur. Amma gələcəkdə bu məsələyə baxıla bilər. Hazırda AMEA-nın ayrı-ayrı qurumları birbaşa Qarabağla və ətrafında olan bölgələrlə bağlı problemlərin həllində yaxından iştirak edirlər. O ki qaldı təşkilatı məsələlərə, ölkə başçısı məqbul sayarsa, bu məsələ müzakirə edilə bilər. Hələlik prioritet məsələ Qarabağın bərpası, ərazilərin minalardan təmizlənməsi, regionun kənd təsərrüfatının inkişafı və digər məqsədlər üçün hazırlanmasıdır. İnanıram ki, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə elm, təhsil, mədəniyyət və digər sahələr üzrə vacib infrastruktur yaradılacaq".
Qeyd edək ki, aprelin 27-də AMEA-nın ümumi yığıncağı keçiriləcək.
Digər xəbərlər