Saytımızı qiymətləndirin


 
 

Hikmət Babaoğlu: “Prezidentin bəyanatı Ermənistana sonuncu xəbərdarlıqdır”
Tarix: 13-04-2022 | Saat: 18:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yazarlar Hikmet Babaoğlu

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də postmüharbə dövrünün bir illik hesabatı idi”.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, dövlət başçısı müşavirədə əslində son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi: “Prezidentin üzərində durduğu məsələlər isə ayrı-ayrı bloklardan ibarət idi. Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezident öncə beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizi bərpası və Böyük Qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsini vurğuladı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki həm Böyük Qayıdış, həm ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək, BMT ilə birgə Şuşada keçirilən tədbiri yüksək qiymətləndirdi. Eyni zamanda BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Dövlət başçısı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət, Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi. Bu, şübhəsiz ki, Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsidir. Bu, mühüm tarixi-strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk Qrupu de-fakto etibarsızıdr, qeyri-funksionaldır. Yəni fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki artıq onun fəaliyyətinin predmeti yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT- ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Yəni vətəndaş cəmiyyəti institutları, media və .s vasitəsilə bu istiqamətdə müəyyən işlər görmək mümkün ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə Prezident bu qurumun aprelin 6 da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev postmüharibə iqtisadiyyatı və onun əsas istiqamətləri barədə də geniş məlumat verib: “Bu da regionumuzda sülhün və rifahın, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi. Yeri gəlmişkən, dövlət başçısı regional kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi dərhal yerinə yetirməsinin zəruri olduğunu vurğuladı. Əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Azərbaycan Prezidentinin bu bəyanatı Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Beləliklə, bu müşavirə ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər