Tarix: 17-02-2020 | Saat: 09:57
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı”.
"Qarabaginfo"un xəbərinə görə, bunu Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsində deyib.
A.Mütəllibov bildirib ki, hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir: “Özü də Münxen konfransı kimi səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”.
Qeyd edək ki, fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş keçirilib. İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı bildirib ki, Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Bunlar “feyk” xəbərlərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir.
Pravda.az
Digər xəbərlər