Saytımızı qiymətləndirin


 
 

Deputat: “Azərbaycanın Xankəndiyə qaz nəqlinə şərait yaratması humanizm göstəricisidir”
Tarix: 27-03-2022 | Saat: 20:59
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycanın Ermənistandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə - Xankəndi və digər ətraf yaşayış məntəqələrinə qaz nəqlinə şərait yaratması növbəti humanizm göstəricisidir”

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

Deputat deyib ki, son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İstehsalat Birliyin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər: "Bununla bağlı bu gün "Azəriqaz" İB-nin yaydığı rəsmi məlumatda da qeyd edildiyi kimi, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq".

C. Osmanov qeyd edib ki, Azərbaycan qəzalı vəziyyətə düşmüş qaz kəmərini bərpa edib və sabahdan "Qazprom Armeniya" Ermənistandan qaz nəqlinə başlaya biləcək: “Ermənistan və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi və digər ətraf yaşayış məntəqələrimizdəki erməni vətəndaşlarımız Azərbaycanın bu humanist jestini düzgün qiymətləndirməlidir. Azərbaycanın məqsədi sülh müqaviləsi imzalamaqla bir qonşu dövlət kimi Ermənistanla mehriban və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri bərpa etmək, ərazisində yaşayan erməniləri miskin həyat şəraitindən xilas edərək, Azərbaycan cəmiyyətinə inteqrasiyalarına və rifahlarına, digər vətəndaşlarımız kimi normal həyat tərzi təmin etməyə nail olmaqdır. Bu gün ağır sosial-iqtisadi durumda olan, səfalət və işsizliklə üzləşən erməni vətəndaşlarımızın da zaman keçdikcə Azərbaycan dövlətinin, xalqının niyyətini daha aydın başa düşəcəyi məlumdur. O zaman isə bu gün Qarabağın digər bölgələri kimi Xankəndi və digər ətraf yaşayış məntəqələrimizi də cənnətə çevirəcəyik. Bu ərazilərdə mühüm infrastruktur layihələri həyata keçiriləcək, o cümlədən qaz təchizatı yenidən qurulacaq, Azərbaycan mavi yanacağı bu vətəndaşlarımızın da yuvalarını isidəcək”.(Apa)



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər