Saytımızı qiymətləndirin


 
 

Bakı Olimpiya Stadionunda Azərbaycan idmanının ən yaxşıları üçün mükafatlandırma  - REPORTAJ
Tarix: 19-12-2019 | Saat: 16:49
Bölmə:Karusel / İdman | çapa göndər

 

 

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimi keçirilib.

Qarabaginfo "Report.az"a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatlar sahibini tapıb. Öncə ilin yekunlarına həsr olunmuş video-süjet nümayiş etdirilib. Daha sonra İAM-ın sədri Elşən Məmmədov çıxış edərək bildirib ki, bu tədbir artıq 7-ci ildir təşkil olunur. O, təşkilatın fəaliyyətindən bəhs edərək, müxtəlif ölkədaxili və beynəlxalq yarışları işıqlandırdıqlarını bildirib: "Daxildə və xaricdə təşkil olunmuş daha kütləvi tədbirlər isə UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionundakı final matçı və Belarusun paytaxtı Minskdəki II Avropa Oyunları idi. İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı qarşılaşma bəzi qüvvələrin təzyiqlərinə rəğmən yüksək səviyyədə keçirildi. Bakıdan sonra Minskdə təşkil olunmuş II Avropa Oyunlarını isə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bizim də izləmək imkanımız oldu. Azərbaycan idmançıları ilk Oyunlarla müqayisədə daha az - 5 qızıl, 10 gümüş və 13 bürünc olmaqla, 28 medal qazanaraq, 10-cu yeri tutdular. Belarusda Azərbaycandan miras qalan Oyunların nüfuzunu qorumaq üçün əllərindən gələni etmişdilər. Bu işdə "Minsk-2019"un Əməliyyat Komitəsində çalışan azərbaycanlı mütəxəssislərin də rolu xüsusi vurğulanmalıdır". 

Daha sonra İAM sədri layihə barədə geniş məlumat verib. O, sorğuda 56 KİV-in hərəsindən bir idman jurnalistinin rəyi öyrənilməklə qaliblərin müəyyənləşdirildiyini diqqətə çatdırıb: "Jurnalistlərin səsverməsi nəticəsində bəzi nominasiyalarda qaliblər aşkar üstünlüklə, bəzilərində isə azacıq fərqlə müəyyənləşdirildi. Əlbəttə, sorğunun məntiqi yekunu olaraq, mükafatlandırma mərasiminin təşkili heç də asanlıqla baş gəlmir. İlk dəfə 2013-cü ildə bu layihəyə başlayarkən, ardıcıl həyata keçirəcəyimizə inamımız bu dərəcədə deyildi. Amma məhz sizlərin - qaliblərimizin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, AFFA, klublar və idman ictimaiyyətinin digər nümayəndələrinin, jurnalistlərin və təbii ki, sponsorların dəstəyi sayəsində hər il belə mükafatlandırma mərasimlərini ərsəyə gətirdik. Bakı Olimpiya Stadionu isə artıq 3 ildir ki, bu cür gözəl məkanı bizə təmənnasız təqdim edir". 

Daha sonra mükafatların təqdim edilməsinə başlanılıb. İlk olaraq informasiya dəstəyinə görə "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevə təşəkkürnamə təqdim olunub. Daha sonra tədbirin sponsoru "Dadlı Naxçıvan məhsulları"nın rəhbəri Emin Tarverdiyev səhnəyə dəvət olunub. O, 7 qalibdən 6-nı düz təxmin edən 6 saytın adının yazıldığı zərflərdən birini çəkib. Nəticədə bu sponsorun mükafatı qafqazinfo.az-ın idman yazarı Elsəvər Məmmədova qismət olub. 

Sonra aparıcı "Azərbaycanın ilk idman geyimi brendi İl`Azeronu sponsor kimi təltif olunmağa dəvət edir. İlAzero nümayəndəsi də təşəkkürnaməni aldıqdan sonra zərflərdən birini açıb və offcideplus.az-ın əməkdaşı Zeynəb Əliyevayaya hədiyyə verib. 

Ardınca Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, qalibləri təbrik edib və onlara uğurlar arzulayıb: "2019 il bütün sahələrdə xalqımız üçün düşərli oldu. İdman sahəsində də böyük uğurlara idman atmışıq. Ən ucqar regionlarda da idman qurğuları var. Orada yaşayan insanlar asudə vaxtlarını idmanla keçirə bilirlər. Bu gün uğurlar çoxdur. Media nümayəndələri hamısın bilir. Onların da əvəzsiz xidməti var. Qardaşıdan gələn il sizin üçün ən uğurlu illərdən olsun. İdmançımıza dövlət qayğısı yüksək səviyyədədir".

İlin İdman Xadimi mükafatını təqdim etməzdən öncə Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov haqqında videoçarx göstərilib. İ.İsmayılov Məmmədov ölkədə olmadığı üçün mükafatı Şahmat Federasiyasının nümayəndəsi Fikrət Sideifzadəyə verib. 

Daha sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə dəvət olunub. O, ölkədə keçirilən beynəlxalq yarışlar və idmançıların olimpiadaya qazandığı medallardan bəhs edib. Məmmədzadə tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Aparıcı Sənan Şəfizadə "Minsk-2019" Avropa Oyunlarının Əməliyyat Komitəsində çalışmış Samir Məmmədovun xidmətləri barədə danışıb. N.Məmmədzadə S.Məmmədova "Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsindəki fəaliyyətinə görə mükafat təqdim edib. S.Məmmədov öz fəaliyyəti barədə danışıb və Azərbaycandan olan media nümayəndələrinin Belarusdakı yarışı yüksək səviyyədə işıqlandırdıqlarını diqqətə çatdırıb.

 

Daha sonra cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədovu səhnəyə dəvət edib. Məmmədov "31 yaşımda dünya çempionu oldum. Həmin vaxt bəziləri mənim qocaldığımı deyirdi. Amma mən buna nail oldum" deyib. O, İlin idmançısı elan olunan şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbovu təbrik edib. T.Rəcəbov ölkədə olmadığı üçün onun mükafatı E.Məmmədov tərəfindən şahmatçının babası Faiq Rəcəbova təqdim olunub. F.Rəcəbov nəvəsinin Azərbaycana olan sevgisindən bəhs edib: "Teymuru İddiaçılar Turnirini gözləyir. 8 ən güclü şahmatçı arasında olacaq. Azərbaycanı yeni qələbələr gözləyir. Çalışacağıq ki, Teymur yenə gözəl nəticələr göstərsin"! 

Ardınca T.Rəcəbovun mükafatı Faiq Rəcəbova verilib.

Aparıcı daha sonra ilin komandasını elan edib. Mükafatı təqdim etmək üçün Milli Məclisin deputatı Aqil Abbası səhnəyə təşrif buyurub. A.Abbas ən çox futbolu sevdiyini vurğulayıb: "Mən region komandalarına azarkeşlik edirəm. Komandam "Qarabağ"dır. Axır vaxtlar "Sumqayıt"ın da fanatıyam. Orada yerli oyunçulara şans verilir. Onu da deyim ki, "Qarabağ" olan yerdə "Neftçi" çempion ola bilmir".

 

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan millisinə aid video təqdim edilib. Yığma ilin komandası mükafatına layiq görülüb. Komandanın baş məşqçisi Fikrət Sideifzadə və yığmanın üzvləri səhnəyə çağırılıb və mükafatları verilib. F.Sideifzadə qadın şahmatçılarla işləməyin özəlliklərindən söz açıb. Qadın şahmatçılar isə İAM-a təşəkkür ediblər. Onlar bürünc medalın asan başa gəlmədiyini və Ermənistan təmsilçilərini məğlub etdiklərini sözlərinə əlavə ediblər. Günay Məmmədzadə qalibləri təbrik edib və medalın önəmindən söz açıb: "Yarışa gedərkən inamlı idik. Bu medal bizə daha böyük motivasiya verib. Növbəti uğurlara da inamım tamdır".

Aparıcı sabiq futboluçu "Şöhrət" ordenli, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovu səhnəyə dəvət edib. Cavadov idman üçün ölkədəki şəraitin hazırda daha yaxşı olduğunu bildirib. Daha sonra Azərbaycanda keçirilmiş VII Beynəlxalq "Zirvə" oyunları haqqında təqdimat nümayiş olunub. "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərova Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə plaket və İl`Azeronun forması təqdim olunub. Heydərov "Zirvə" Oyunları barədə məlumat verib. O media nümayəndələrinin də turnirlərdəki önəmindən söz açıb.

İlin Əcnəbi Futbolçusu nominasiyasında mükafatı təqdim etmək üçün "Neftçi"nin legioneri Donald Gerye səhnəyə çıxıb. S.Şəfizadə haitili legionerin ötən il bu mükafata layiq görüldüyünü xatırladıb. Daha sonra mükafatın sahibi "Qarabağ"ın fransalı oyunçusu Abdullah Zubirin adı elan olunub. Geryə mükafatı mərakeş əsilli oyunçuya təqdim edib. Abdulla Zubir bildirib ki, səsvermədə iştirak etsəydi, komanda yoldaşı Dani Kintanaya səs verərdi: "Mükafata görə təşəkkür edirəm. Bu, tək mənim yox, komandamızın uğurudur".

Ardınca stend atıcılığı üzrə olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, polkovnik Zemfira Mehtahətdinova Şamaxı Olimpiya Kompleksinə Ən çox kütləvi tədbirlər təşkil edən idman qurğusu kimi mükafat təqdim edib. Mükafatı alan direktor Səbuhi Qarayev kompleksin keyfiyyətlərindən söz açıb və bir sıra tədbirlərin məhz orada keçirildiyini sözlərinə əlavə edib: "Olimpiya idman növləri ilə məşğul olmaq kompleksimizdə ödənişsizdir".

2018-2019 mövsümünün futbolçusu adına isə oyunçular arasında keçirilən sorğuda qalib olan "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov layiq görülüb. Ona mükafatı AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim edib. V.Sadıqov vaxtilə mükafata layiq görülən oyunçu ilə eyni mövqedə oynadığını xatırladaraq, onu belə mükafata layiq sayıb. E.Mahmudov isə hamıya təşəkkür etdiyini bildirib: "Bu mükafatı gözləyirdim( gülür). Çünki mənə əvvəldən demişdilər. Məni seçənlərə və bütün futbolçulara təşəkkür edirəm".

Aparıcı İlin idman qurğusu nominasiyasının qalibini açıqlamaq üçün Bakı şəhər Gənclər və İdman Baş idarəsini rəisi Raqif Abbasovu dəvət edib. Daha sonra ilin idman qurğusu seçilən Bakı Olimpiya Stadionuna aid nümayiş təqdim olunub. Mükafat qurumun baş direktorunum müavini Natiq Quliyevə verilib. O, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı UEFA Avropa Liqasının finalını layiqincə təşkil etdiklərini deyib. N.Quliyev 2020-ci ildə keçiriləcək Avropa çempionatında da eyni uğuru göstərmək istədiklərini sözlərinə əlavə edib.

Aparıcı İlin baş məşqçisi naminasiyasının qalibini açıqlamaq üçün Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayevi dəvət edib. Mükafata layiq görülən Qurban Qurbanova aid videoçarx nümayiş etdirilib.

Faiq Qarayev layihənin təşkilatçılarına təşəkkür edərək, mükafatçılara təbriklərini çatdırıb: "İlk dəfədir ki, tədbirdə vitse-prezident kimi iştirak edirəm. Sizə söz verirəm ki, mən yenidən baş məşqçi sahəsinə qayıdacağam. Qurban Qurbanovu çox istəyirəm. Həmişə onun yanında olmuşam. Əsas odur ki, Azərbaycan heç bir ölkədən geri qalmır. Niyə mütəxəssislərimiz geri qalsınlar ki?! Mən Türkiyədə işləyəndə ölkə çempionu və kubokun qalibi olmuşam. Onları qitənin ən nüfuzlu turnirinə aparmışam. Həm millidə işləmişəm, həm komanda da baş məşqçi idim. Federasiyada bəzi islahatlar gedir. Millidə bir az gəncləşmə var. Verdiyiniz plaketlər hər bir idmançı və məşqçi üçün önəmlidir".

Ardınca "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səhnəyə çağırılıb. Q.Qurbanov hər kəsi salamlayıb və voleybolçuların da bütün qələbəsinə sevindiyini söyləyib: "Şahmata da marağım olub. İndi bir az zəif oynayıram. Xanımlara "Qarabağ"ın formasını hədiyyə edəcəyik. Onlar erməniləri məğlub ediblər. Bu əvəzsizdir".

Nəhayət sonuncu - İlin futbolçusu naminasiyasının qalibi açıqlanıb. Aparıcı təqdimat üçün Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadəni dəvət edib. İlin futbolçusu seçilən Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunda çıxış edən Emil Balayevə aid video nümayiş olunub. Balayev hamını salamlayaraq, ona etimad göstərənlərə təşəkkürünü bildirib. O, öz klubunun rəhbərliyi ilə danışmadığını və öz gələcəyi ilə bağlı qərar vermədiyini sözlərinə əlavə edib. 

Son olaraq təşkilatçı qurumun rəhbəri tədbir iştirakçılarına təşəkkürünü bildirib və hamını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təbrik edib.



Xəbəri paylaş

546 dəfə oxunub.

Digər xəbərlər
17-01-2022, 12:50 Ət niyə bahalaşıb?