Tarix: 05-03-2022 | Saat: 13:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən, Müdafiə Nazirliyi və digər qurumlar üzrə “Müharibə veteranı” adı verilmiş şəxslərə də aylıq təqaüd təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və adları “Zəfər” altsisteminə daxil edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün (80 manat) təyinatı prosesi yekunlaşıb.
Həmin şəxslərə təqaüd onların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada təyin edilib.
Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək həmin vaxtdan hesablanıb ödənilir. Təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir.
“Müharibə veteranı” adı almış şəxslər arasında vətənin dar günündə qələmini silaha dəyişən jurnalistlər də var.
Qarabaqinfo.az “Müharibə veteranı” statusu alan və Prezident təqaüdü təyin edilən jurnalislərin adlarını dəqiqləşdirməyə çalışıb. Bunlar aşağıdakılardı:
İctimai TV-nin redaktoru Məğrur Əliyev;
Oxu.az-ın əməkdaş Aqşin Kərimov;
AZƏRTAC-ın müxbiri Elmir Səftərov;
“Ədalət” qəzetinin şöbə müdiri Emin Piri;
“Bakı-Xəbər” qəzetinin əməkdaşı Nahid Salayev;
“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev;
Azərbaycan Futzal Federasiyasının əməkdaşı, jurnalist Mahal Məmmədov;
“İki sahil” saytının redaktoru Anar Miriyev;
Cumhiriyyət.az-ın baş redaktoru Nəsimi Şərəfxanlı;
Birlik.az saytının baş redaktoru Vüsal Hətəmov;
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin əməkdaşı Araz Ağayev;
CBC Sport-un əməkdaşı Süleyman Vəliyev;
Sportal.az-ın əməkdaşı Mehman Əşrəfov.
Bununla belə hələ də veteran statusu alacağını gözləyənlər də var:
Offisedeplus.az-ın əməkdaşı Daşqın Əziz saytımıza deyib ki, veteranlıqla bağlı SMS bildirişi hələ almayıb:
“Ona görə də təqaüd təyin ediləcək-edilməyəcək bilmirəm”.
Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı əməkdaşımızla söhbətində veteranlıq statusu almadığını vurğulayıb:
“Əminəm ki, dövlətimizin elan etdiyi kriteriyalar əsasında 2-ci Qarabağ savaşında döyüş əməliyyatlarında iştirak etmiş hər kəsin veteranlıq məsələsi ilə bağlı haqqı veriləcək. Çünki kim harada, hansı hərbi hissədə döyüş tapşırığı yerinə yetirib, bütün bunlar əmrləşdirilib. Müdafiə Nazirliyi sistemində 44 günlük müharibədə heç nə xaotik olmayıb. Ona görə də bu məsələdən narahat deyiləm, düzü maraqlanmamışam da. Təqaüd təyin olunarsa, bundan sonrakı həyatımda veteranlıq müavinətini məbləğindən asılı olmayaraq, heç zaman özümə və ailəmə xərcləməyəcəm. Həmin vəsaiti ehtiyacı olan bir yaşlı insana və 44 günlük savaşın ilk şəhidlərindən olan zabit yoldaşımın ailəsinə ianə edəcəm”.
HafizTimes.com-un rəhbəri Hafiz Əhmədov da status almayan jurnalistlərdəndir.
Vesti.az-ın əməkdaşı Fərid Teymurxanlı da hələlik “Müharibə veteranı” statusu almadığını bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərliyə cəlb edilib, cəbhə xəttinə göndəriliblər. 27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarət alıb. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normal olub. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid olub.(modern.az)
Digər xəbərlər