Tarix: 26-02-2022 | Saat: 00:07
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Ukraynaya Rusiya torpağından, Qara və Azov dənizlərindən, müvəqqəti işğal olunmuş Krım və Donbasdan, eyni zamanda, Belarus ərazisindən hücum edir.
Qarabaginfo.az-ın xəbərinə görə, bu, Ukrayna XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, “hücumda ballistik raketlərdən, hərbi təyyarələrdən, artilleriyadan, tanklardan, zirehli maşınlardan və digər vasitələrdən istifadə olunur. Rusiya birləşmələri Kiyevdə, Xarkovda, Odessada, Çerniqovda, İvano-Frankovskda, Lvovdə və digər Ukrayna şəhərlərində mülki infrastruktura hava zərbələri endirir. Kreml Ukraynanın paytaxtını ələ keçirmək üçün böyükmiqyaslı əməliyyata başlayıb. Avropanın mərkəzində sülhsevər insanlar, həmçinin uşaqlar yaralanır, ölür”.
Rusiya Ukraynada beynəlxalq hüququn bütün prinsip və normalarını pozur və bununla bağlı Ukrayna Baş Prokurorluğu faktları toplamağa başlayıb", - bəyanatda vurğulanır.
Ukrayna XİN-dən bildirilib ki, Çernobıl AES Rusiya qüvvələri tərəfindən ələ keçirildikdən sonra burada çalışan işçi heyətinin növbəsini dəyişməsinə icazə verilməyib. Bu proses beynəlxalq texniki təhlükəsizlik qaydalarına görə çox vacibdir.
Nazirlik bildirib ki, artıq Beynəlxalq Atom Enerjisi Agentliyi məlumatlandırılıb ki, Rusiyanın hərəkətləri Avropada genişmiqyaslı ekoloji böhrana səbəb ola bilər.
"Ukrayna ABŞ-a, Kanadaya, Britaniyaya, Aİ-yə və digər beynəlxalq tərəfdaşlara Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi üçün təşəkkür edir. Lakin eyni zamanda bu səylər Rusiyanın Ukrayanaya qarşı müharibəsini dayandırmaq üçün kifayət deyil. Biz təkcə Ukrayna vətəndaşlarının deyil, həm də bütün Avropa vətəndaşlarının təhlükəsizliyinin qorunması məsələsində bəzi Avropa ölkələrini dar siyasi maraqları izləməməyə çağırırıq. Beynəlxalq təhlükəsizlik arxitekturasının, dünya düzəninin gələcəyi təhlükədədir. Rusiya dərhal SWIFT ödəmə sistemindən çıxarılmalıdır. Biz indi gecikmədən hərəkət etməliyik", - deyə bəyanatda vurğulanıb.
Nazirlik bəyanatında qeyd edib ki, ölkə öz müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə silahlarla bağlı tərəfdaşlarına müraciət edib: "Biz həmçinin Ukrayna və Ukrayna vətəndaşları üçün maliyyə və humanitar dəstək istəyirik.
Digər xəbərlər