Tarix: 24-02-2022 | Saat: 01:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Qarabaginfo.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.
Gecənin maraqla gözlənilən matçı İspaniyada Madrid "Atletiko"su ilə İngiltərənin "Mançester Yunayted" komandası arasında olub. "Vanda Metropolitano" stadionunda oynanılan görüş heç-heçə başa çatıb. Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Joao Feliks vurub. Qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Antoni Elanqa "qırmızı şeytanlar"ı məğlubiyyətdən xilas edib.
Digər matçda isə Niderland "Ayaks"ı Portuqaliyada "Benfika" ilə qarşılaşıb. "Eştadiu du Benfika" stadionundakı görüşdə də qalib müəyyənləşməyib - 2:2. Matçda hesabı 18-ci dəqiqədə qonaqlar açıblar. Duşan Tadiç adını tabloya yazdırıb. 26-cı dəqiqədə meydan sahibləri tarazlığı bərpa ediblər. Sebastyen Allye avtoqol müəllifi olub. Kot d İvuarlı hücumçu 3 dəqiqə sonra ikinci qolu vurub. 28 yaşlı forvard bu dəfə rəqib qapısına yol tapıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə "Benfika"nın ukraynalı hücumçusu Roman Yaremçuk qoyub.
Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
23 fevral
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qollar: Joao Feliks, 7 - Antoni Elanqa, 80
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2
Qollar: Sebastyen Allye, 26 (avtoqol). Roman Yaremçuk, 72 - Duşan Tadiç, 18. Sebastyen Allye, 29
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Qeyd edək ki, 1/8 finalın ilk 6 görüşündə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"ə 5:0, PSJ Fransada İspaniya "Real Madrid"inə 1:0, İngiltərə "Liverpul"u İtaliyada "İnter"ə 2:0, "Çelsi" İngiltərədə Fransanın "Lill" klubuna 2:0 hesabı ilə qalib gəlib, Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la, İtaliya "Yuventus"u isə İspaniyada "Vilyarreal"la eyni hesablı heç-heçəyə razılaşıb - 1:1.
Digər xəbərlər