Saytımızı qiymətləndirin


 
 

Əsl "soyuq müharibə" indi başlayır - Deputatlardan Rusiya-Ukrayna münaqişəsinə REAKSİYA
Tarix: 22-02-2022 | Saat: 13:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya prezidenti Vladimir Putin ötən gün xalqa müraciətində Ukrayna ərazisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını bildirib.

Rusiya prezidentinin bu ani qərarı dünya siyasətinin çalxalanmasına səbəb olub. Qərb dövlətləri, beynəlxalq təşkilatlar Putinin bu qərarının düzgün olmadığını vurğulayıblar.

Dünyanın aparıcı siyasi ekspertləri isə qərarın Rusiyaya baha başa gələcəyini düşünürlər.

Bununla bağlı Qarabaqinfo.az-a danışan deputat Fazil Mustafa Rusiyanın addımının böyük bir işğal faktı kimi qiymətləndirildiyini bildirib:

“Müstəqil dövlətin hansısa ərazisinin “müstəqilliyini” tanımaq hər bir halda işğaldır. Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq ediləcəyini deyə bilərik. Hesab edirəm ki, bu, əvvəlki illərdə Abxaziya və Osetiyanın tanınmasından daha ağır nəticələrə gətirib çıxaracaq. Artıq Rusiyanın dayandırılması üçün Qərb çox ciddi addımlar atmağa məcbur olacaq. Çünki bu, yeni situasiyanın yaranması deməkdir. Məsələ böyüyəcək”.


"Sanksiyalarla qarşılaşacağını bilən Putinin addımı nəyə hesablanıb" sualına gəlincə, deputat söyləyib ki, adətən belə məsələlərdə məqsəd yox, hədəf olur:


“Hədəfə çatmağın hansı yollarla olmağının mənası qalmır. Rusiya artıq elə seçim edib ki, geri dönüşü yoxdur. Bu, yeni imperiya yaratmaq deyil, çünki belə formada indiki dövrdə imperiya yaratmaq problemlərlə qarşılanar. Dünya artıq yeni reallığı 1990-cı ildə qəbul edib. Reallığı dəyişmək yeni fəlakətlərə yol aça bilər. Ona görə bunu durdurmaq üçün bütün vasitələrə əl atılacaq. Rusiyanın nə etdiyini proqnozlaşdırmaq da çətindir. Əsaslandırma yetərincə ciddi qəbul oluna bilməz. Başqa ölkənin ərazisini işğal etməyin izahı yoxdur. Bu sadəcə rəhbərin əhval-ruhiyyəsinə uyğun atılmış, məsuliyyətdən uzaq addımdır. Çox ciddi şəkildə münasibətlərin kəskinləşməsinə gətirib çıxaracaq. Əsl soyuq savaş indi başlayır”.
 

Fazil Mustafa onu da qeyd edib ki, Azərbaycan başqa dövlətin ərazisinin işğal olunmasını təqdir edə bilməz:


“Amma bununla yanaşı, ölkəmiz Rusiya və Ukrayna ilə münasibətlərini yüksək səviyyədə saxlayacaq. Rusiya ilə böyük müqavilə imzalanması gözlənilir. Azərbaycan bu cür müqavilənin ən yüksək variantını Türkiyə ilə imzalayıb. Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan region dövlətləri ilə bərabər, Avropa və Qərblə də münasibətlərini qoruyub saxlamağa çalışacaq. Bütün hallarda öz maraqlarından çıxış edəcək”.
 

Deputat Azər Badamov isə Rusiya təcrübəsində belə halların əvvəllər də olduğunu xatırladıb:
 

“Rusiya prezidentinin xalqa müraciətində "Luqansk və Donetsk respublikaları"nın tanınması ilə bağlı qərarı açıqlanıb və bu qanun layihəsini ratifikasiya edilməsi üçün Dövlət Dumasına göndərildiyi bildirilib. Qərarın verilməsinin məqsədi kimi mövcud gərginliyi aradan qaldırmağın yeganə yolu olduğu bildirilib.

Rusiya təcrübəsində belə hallar əvvəl də olmuşdu.  26 avqust 2008-ci ildə də Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı da fərman verilmişdi. Ondan sonra bu ərazidə hərbi əməliyyatların keçirilməsi dayanmışdı. Düşünürəm ki, indi "Luqansk və Donetsk respublikaları"nın “müstəqilliklərini” tanımaqla Rusiya bu ərazilərdə öz qoşunlarını rəsmi şəkildə yerləşdirə biləcək. Bu yolla rəsmi Moskva NATO qoşunlarının öz sərhədlərinə yaxın yerləşməsinin qarşısını almaq istəyir. Düşünürəm ki, geniş hərbi əməliyyatlar baş verməyəcək və Rusiya Ukrayna münaqişəsi bundan sonra  həll olunmamış münaqişə kimi uzun müddət tarixdə qalacaq”.
 

Azər Badamov Azərbaycanın məsələyə münasibətinin  əvvəllər olduğu kimi, dəyişilməz qalacağını düşünür:


“Azərbaycan güc yolu ilə ölkələrin ərazilərinin bölünməsinə, sərhədlərin dəyişməsinə qarşıdır  və bundan sonra da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcək. Qeyd etmək istəyirəm ki, Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Hesab edirəm ki, bizim müstəqil və ədalətli  yanaşmamız  bu ölkələrlə  olan münasibətlərimizə xələl gətirməyəcək”.

 



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər