Saytımızı qiymətləndirin


 
 

Ziya Bünyadova atılan GÜLLƏ…
Tarix: 21-02-2022 | Saat: 11:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

21 fevral tarixi Azərbaycan məşhur şərqşünas alimi, tarixçi, akademik, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Bünayodovun qətl günüdür.

Qarabaqinfo.az-ın məlumatına görə, Ziya Bünyadov 21 fevral 1997-ci il tarixində Bakıda - yaşadığı binanın qarşısında amansızlıqla qətlə yetirilib.

Akademik Z.Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.

Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya yollanıb. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.

O, İkinci Dünya Müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib.

Onun qəhrəmanlığından:

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxanadək qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdi…”.

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunub.

Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib.

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olub. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olunub.

1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olub, elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib. 1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilib. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

Akademik Ziya Bünyadov 1988-ci ildə "Niyə Sumqayıt?" məqaləsi ilə ermənilər tərəfindən törədilən  Sumqayıt hadisələrinin əsl mahiyyətini aşkara çıxarmışdı. Həmin məqalədən:

"Erməni millətçiləri Sumqayıt faciəsini dəqiqliklə hazırlamışdılar. Onun başlanmasına bir neçə saat qalmış televiziyanın erməni foto-müxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, tam hazır vəziyyətdə hadisələrinin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətmişdi. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda beş ermənini öldürdü".

Z.Bünyadov 1990-cı ildə AMEA-nın vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilib.

Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirib və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.


Z.Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.


23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vidalaşma mərasimindəki nitqindən:

"Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi".

Ziya Bünyadovu qətlə yetirən dəstə barəsində Ağir Cinayətlərə Dair İşlər üzrə Məhkəmə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 21 fevral 200l-ci il tarixli hökm çıxarıb.

Hökmə görə, dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçiriblər. Yığıncaqda Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, “Nəsrullah” adlı şəxs iştirak edib və akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarlaşdırılıb. Qətlin həyata keçirilməsi planı qurulub, dəstə üzvlərinin hər birinin rolu öz aralarında bölüşdürülüb. Yığıncaqda akademikin İran müsteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vuğrulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. 

Hökmdə bildirilib ki, Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşlan kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar. 1993-cü ildən 2000-ci il oktyabrınadək orada iştirak ediblər.

21 fevral 1997-ci il saat 16 radələrində dəstə 2 qrupa ayrılıb. Tapança-pulemyotla silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov akademik Ziya Bünyadovun evə qayıtma vaxtını mobil telefon vasitəsi ilə 2-ci qrupa məlumat verib. Nizami Nağıyev bıçaqla, Qalib Babayev isə tapança ilə silahlanıb Mahir Zeynalovla birlikdə avtomaşınla akademik Ziya Bünyadovun yaşadığı binanın yaxınlığında növbəti zəngi gözləyiblər.

Axşamüstü saat 6 radələrində Tariyel Ramazanov akademik Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat verib. O, kənar şəxslər barədə işarə vermək məqsədi ilə avtomaşında qalıb, Qalib Babayev binanın tinində, Nizami Nağıyev isə 3-cü girişin qarşısmda mövqe tutub. Akademik Ziya Bünyadovun mənzlinə tək getməsi barədə Qalib Babayevin işarəsindən sonra Nizami Nağıyev binanın 3-cü girişinə daxil olaraq gözləyib. 1-ci və 2-ci mərtəbələrin arasındakı meydançada Ziya Bünyadovun arxa tərəfinə keçib və ona sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə 5 dəfə ardıcıl zərbə vurub. Həmin vaxt hadisə yerinə Qalib Babayev də özünü çatdırıb və “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadovun sifətinin sağ yanaq nahiyəsinə və boynuna atəş açıb. Akademikin həyatına son qoyan hər iki şəxs Mahir Zeynalovla birgə avtomobillə hadisə yerindən qaçıblar.

24 mart 1997-ci ildə Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Qalib Babayev, Cavanşir Aslanov və Xanlar Cabbarov Vüsal Nəzərovun vasitəçiliyi ilə gizli yolla İrana keçmək istəyiblər. Həmin vaxt sərhəd zastavasının əsgəri Təyyar Ağakərim oğlu Ələkbərovu rüşvət verməklə ələ alıblar. O da öz növbəsində növbədə olan əsgər Fuad Cümşüd oğlu Məmmədovu sərhəd qaydalarım pozmağa təhrik edib. Dəstə üzvləri əsgərlərlə birgə sərhəd istiqamətində hərəkət edərkən xidmətdə olan digər əsgərlər Rasif Niyazi oğlu Baxışov və Rauf Qasıməli oğlu Cəfərova müqavimət göstəriblər. Onlara basqın edib Təyyar Ələkbərovun xidməti avtomat silahını əlindən alıblar. Həmin vaxt Rauf Cəfərovun silah tətbiq etməsi nəticəsində Qalib Babayev ölüb, sıravi Rasif Baxışov ağır dərəcəli bədən xəsarəti alıb. Nizami Nağıyev, Mahir Zeynalov, Tariyel Ramazanov, Xanlar Cabbarov və Cavanşir Aslanov isə hadisə yerindən qaçaraq İran ərazisinə keçiblər.

Məhkəmı hökmünə əsasən, Mahir Zeynalov və Nizami Nağıyev ömürlük, digərləri isə müxtəlif müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunublar.


Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurub (1947-də) və ömrünün sonuna qədər onunla evli olub. Onların Heydər və Cəmil adlı oğlu var idi.

Ziya Bünyadov Qarabağın erməni işğalında qalması ilə barışa bilmirdi. Mərhum alimin həyat yoldaşı Tahirə Bünyadova onunla bağlı xatirələrində yazırdı:

"...Şuşanın itirilməsi xəbərini eşidəndə Ziyanın gözlərində yaş gördüm:

- Bu əsl satqınlıqdır! Şuşanı heç bir düşmən belə asanlıqla ala bilməzdi - dedi".

Ziya Bünyadovun İkinci Dünya Müharibəsindəki qəhrəmanlığını 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərləri təkrarladılar.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər