Saytımızı qiymətləndirin


 
 

“Tərtər işgəncələri” olmasaydı, bəlkə də ordumuz Kəlbəcər yolunu da azad edərdi..."
Tarix: 05-02-2022 | Saat: 21:30
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

“Və nəticədə bu gün həmin yolda qarşımızı nə Rusiya “sülhməramlı”sı, nə də erməni “polisi” kəsərdi...”
 
“Məntiqlə hazırda yenilənmiş istintaq prosesinə  CİDDİ TƏSİR göstərməyə çalışan hansısa media vasitəsi, sayt, jurnalist yox, həmin faciəni təşkil etmiş “5-ci kalon” nümayəndələridir...”
 
-FİKİR SAVAŞI...-
 
...Bu günlərdə  Suqovuşan-Qozlukörpü-Vəng marşrutuyla hərəkət edən mülki avtomobil karvanımızın Kəlbəcərin kəndlərindən birində  Rusiya hərbçiləriylə yanaşı, separatçı-terrorçu erməni rejiminin qanunsuz “polis”ləri tərəfindən də yoxlanmasını bilib-görəndə nədənsə dərhal gözümün önünə 2017-ci ilin yaz-yay aylarında həmin yoxlanış məntəqəsindən cəmi 30-40 km məsafədə yerləşən Tərtər şəhəri ətrafındakı hərbi hissələrdə “xəyanət” damğasıyla həbs edilərək amansız işgəncə və qətliamlara məruz qalan Milli(!) Ordu əsgər və zabitlərimiz gəldi... Bu faktdır ki, həmin müəmmalı və faciəli Tərtər  olayları son illər Azərbaycan ictimaiyyətinin müzakirə etdiyi əsas mövzulardan biridir. Bu hadisələrin mahiyyətinə varanda, onun haqqında onlarla mənbənin və şahidin verdiyi məlumatları oxuyub-dinləyəndə əslində bunun ölkəmiz, dövlətimiz və xalqımız üçün təcili  həll edilməli ən vacib problemlərdən  biri olduğu qənaətinə gəlirsən...
 
Bəs Tərtərdən Kəlbəcərə gedən yolun Tərtər faciəsi ilə hansı əlaqəsi var?.. Fəal oxucularımızın yadında olar, Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamalarından birində  2016-cı ilin Aprel döyüşləri zamanı baş vermiş xəyanət nəticəsində xeyli hərbçimiz, o cümlədən xüsusi təyinatlılarımızın mühasirəyə salınaraq həlak olmasından sonra “müəyyən qüvvələrin məhz  özlərinin təşkil etdiyi o xəyanəti, biabırçılığı “əsaslandırmaq”, öz satqınlıqlarını aşağı təbəqədəki zabit və əsgərlərin üzərinə yıxmaq üçün “Tərtər işi”ni düzüb-qoş”duğunu söyləmişdi. Və həmin qüvvələr “neçə-neçə zabit, gizir və əsgərlərimizi etmədikləri xəyanət və cinayətləri işgəncə altında “boyunlarına almağa” məcbur” ediblər... 
 
Xatırladaq ki, Aprel döyüşlərinin ikinci günü- 2016-cı il aprelin 2-də Müdafiə Nazirliyi Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklərlə yanaşı, Seysulan kəndinin də azad edilməsi haqda məlumat vermiş, hətta Müdafiə nazirinin bu haqda Ali Baş Komandana da məruzə etməsi telekanalların rəsmi xəbərlərinə nümayiş olunmuşdu. Lakin sonradan məlum oldu ki, Talış kəndi yaxınlığındakı bir neçə yüksəklik azad olunsa da, Seysulan kəndi Azərbaycan ordusunun tam nəzarətinə keçməyib və əvvəlki kimi neytral zonada qalıb.  Bunu  Aprel döyüşlərindən təxminən bir il sonra “Tərtər işi” ilə bağlı həbs edilərək amansız işgəncələrə məruz qalmış,  sözügedən döyüşlərin məhz Qapanlı-Seysulan istiqamətində fəal iştirakçısı, tanınmış kəşfiyyatçı kapitan Elmar Allahverdiyev də söyləyib, hətta o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov və korpus komandirinin onu Aprel döyüşlərindən sonra Tərtər ərazisindəki hərbi hissələrə baş çəkmiş Ali Baş Komandan İlham Əliyevə Seysulan kəndinin necə “azad olunması” haqda yalan  məlumat verməyə məcbur etməyə çalışmalarını da bildirib. Amma hamı - ordu mənsubları da, xalq da əsl gerçəyi bildikdən sonra da Müdafiə Nazirliyi Seysulan kəndinin gerçək durumu barədə heç bir açıqlama verməyib. Təəssüf ki, 2020-ci ilin 44 günlük müzəffər savaşımızda da Tərtər rayonunun, demək olar ki, düzənlik ərazidə yerləşən bəhs edilən kəndi işğalçılardan azad edilmədi və sonda Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qaldı... Yaxşı olar ki, dövlətimizin müvafiq güc və təhlükəsizlik qurumları  düşmənlərimiz üçün Tərtər şəhəri yolunda strateji məkanda yerləşən Seysulan kəndinin Aprel və II Qarabağ savaşlarında azad edilməməsinin obyektiv və subyektiv səbəblərini ciddi şəkildə araşdırsınlar...
 
Ümumiyyətlə, II Qarabağ savaşında ordumuzun ən az irəliləyişi və maraqlıdır ki, ən çox itkisi də məhz Tərtər-Kəlbəcər istiqamətində oldu. Bunu həmin ərazinin daha çox dağ-sıldırım relyefinə malik olması və o məkanlarda düşmənlərin güclü istehkamlarının qurulması ilə izah edənlər də var. Ancaq hamı bilir ki, daha çox minalanmış ərazilər və ağlasığmaz dərəcədə möhkəm yeraltı istehkamlar Füzuli-Hadrut istiqamətində olsa da, ordumuz o yerlərdə cəbhə xəttini yararaq Ermənistan sərhədlərinə, Şuşa və Laçın dəhlizinədək irəliləyişə nail oldu. Deməli, Tərtər istiqamətindəki korpusumuzun komandanlığında və şəxsi heyətində nəsə ciddi problemlər olub. Bir sıra ekspertlər ermənilərə dəstək verən xarici ölkələrin casus şəbəkələrinin  məhz bu istiqamətdə qurulması və Tərtər işgəncələrinin də elə həmin şəbəkə vasitəsilə təşkil olunması ehtimalını irəli sürürlər. Təbii ki, əlimizdə ciddi fakt və sənədlər olmadığı üçün bunu iddia edə bilmərik. Amma o faktdır ki, Tərtər işgəncələri 2017-ci ildən keçmiş 3 il ərzində nəinki ordu, həm də yerli əhali arasında böyük ruh düşkünlüyünə səbəb olub. Aprel döyüşlərinin fəal və qəhrəman iştirakçıları da daxil olmaqla bir sıra peşəkar döyüşçü hərbçilərimiz sıradan çıxıb, onların salamat qalan dost və yoldaşları isə ciddi şəkildə sarsılıb.  Və məhz bu amil də, eləcə də Tərtər işgəncələrinə, ən azı, seyrçi mövqedə olmuş o vaxtkı korpus komandanlığının da illər sonra yerində qalması, sözsüz ki, 44 günlük savaşda da  Tərtər-Ağdərə-Kəlbəcər istiqamətində döyüş əməliyyatarı aparan hərbçilərimiz mənəvi döyüş ruhuna və bəlkə də birbaşa əməliyyatların təşkilinə böyük təsir göstərib. Onu da nəzərə almaq lazımdır ki, əgər 2020-ci ilədək “Tərtər işi” tam açılmayıbsa, təşkilatçı və icraçılar qanunla cəzalandırılmayıbsa, onu törədən xəyanətkar şəbəkə yerində qalıb və Aprel döyüşlərində olduğu kimi, yenə də Ermənistan ordusuna fəal dəstəyini əsirgəməyib. Və bütün bunların nəticəsində ordumuz böyük çətinliklə və ciddi itkilər hesabına, heç olmasa, Tərtər rayonunun rəsmi inzibati ərazisini də bütövlükdə işğalçı ermənilərdən azad edə bilməyib. Hənin rayonun işğal altındakı 1 şəhər(Ağdərə) və 13 kəndindən yalnız 3-ü: Talış, Çaylı və Suqovuşan kəndləri azad olunub... 
 
Odur ki, bu günlər Tərtər rayonunun Suqovuşan kəndindən Kəlbəcərə gedən yolda erməni “polis”lərinin Azərbaycan karvanını yoxladığını görəndə düşünürsən; bəlkə də Tərtər faciəsi olmasaydı, 44 günlük müzəffər savaşımızda ordumuz bu istiqamətdə daha güclü heyətlə, daha böyük ruh yüksəkliyi ilə hücuma keçər və Suqovuşanın ardınca  Tərtər və Kəlbəcərin digər kəndləri də, Sərsəng su anbarı da azad edilər və bu minvalla Tərtər-Ağdərə-Kəlbəcər yolu da ordumuzun tam nəzarətinə keçərdi. Və bunun da nəticəsində indi həmin yolda qarşımızı nə Rusiya “sülhməramlı”sı, nə də erməni “polisi” kəsərdi...
 
Və bir amili də diqqət  çəkir ki, Aprel döyüşlərində də, 44 günlük savaşda da ən çox artilleriya zərbələrinə məruz qalan məhz Tərtər şəhəri oldu... 
 
O da var ki, bir sıra analitik və təhlükəsizlik ekspertləri də iddia edir ki, 1-ci Qarabağ savaşından bəri Tərtər şəhəri və ətraf ərazilər  Rusiyanın hədəfində olub. Çünki məhz Tərtərin işğalı və ona qonşu Goranboy rayonunun bir hissəsinin nəzarətə götürülməsi Rusiyaya öz “sülhməramlı” adlanan hərbi qüvvələrini daha da içəri ərazilərimizə sürüşdürərək mühüm geo-siyasi əhəmiyyətli Gəncə dəhlizini nəzarətə götürmək imkanı yarada bilər... Bu ehtimalı gücləndirən bir amil də 10 noyabr 2020-ci il razılaşmasından bəri ərazimizdəki Rusiya “sülhməramlı” hərbi kontingentinin məsuliyyət zonasını əks etdirən gündəlik xəritələrdə etdiyi manipulyasiya və hoqqabazlıqlarının böyük əksəriyyətinin məhz Tərtər istiqamətində törədilməsidir...
 
Xatırladaq ki, hələ 2020-ci il sentyabrın 26-dan - oktyabrın 1-dək- 5 gün ərzində Tərtər rayonunun öncə bəhs etdiyimiz, Aprel döyüşlərində və 44 günlük savaşda azad olunmamış Seysulan kəndi ilə üzbəüz Qapanlı kəndi heç bir əsas olmadan "sülməramlı"ların xəritəsinə daxil edilmiş, hətta həmin kənd Rusiya hərbçilərinin patrul marşrutuna da salınmışdı.  Moderator.az-da bəndəniz bunu ictimailəşdirdikdən sonra  yalnız 26  sentyabr tarixindəki xəritədə "Qapanlı" adı çıxarılmışdı. Digər günlərin(oktyabrın 1-dək) xəritəsində isə bu günədək Qapanlı kəndi Rusiya MN-in məsuliyyət zonası kimi göstərilir.... 
 
2020-ci il  yanvarın 5-i gecə saatlarından isə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı sülhməramlı(?) kontingentin məsuliyyət zonasına aid xəritəyə 44 günlük müzəffər  savaşımızın nəticələrinə və 10 noyabr bəyanatına əsasən Azərbaycan dövləti və ordusunun birbaşa nəzarətində qalan Tərtər rayonunun Suqovuşan kəndi  "Madagiz" adıyla daxil edilmişdi. Moderator.az məsələ ilə bağlı dərhal Azərbaycan Respublikası Müdafiə Naziriyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovdan açıqlamasını da nəzərə çatdıraraq ictimaiyyəti məlumatlandırdıqdan sonra yanvarın 6-ı gecə saatlarında yanvarın 5-ə aid xəritə Rusiya MN-in saytındakı  Qarabağdakı “sülhməramlı” kontingentə aid bölmənin arxivindən də silindi. Təəssüf ki, yanvarın 7-i gecə saatlarından Rusiya Federasiyanın sözügedən rəsmi qurumu yenidən Suqovuşanı “Madagiz” adıyla həmin tarixə aid  “sülhməramlı” xəritəsinə daxil etdi. Hələ, üstəlik, həmin məntəqənin yaxınlığına post işarəsi də qoydu... 
 
Bütün bunlar və ardınca Suqovuşan-Qozlu körpü-Vəng yolunda erməni “polis”inə Azərbaycan avtomobil karvanını yoxlamaq üçün şərait yaradılması və bunun  video-kameraya çəkilərək mediada nümayiş etdirilməsi Rusiyanın Tərtər-Ağdərə-Kəlbəcər istiqamətinə ciddi marağını təsdiqləmirmi?..
 
Deyilənlər bir daha isbatlayır ki, Tərtər hadisələri təsadüfən törədilməyib, böyük ehtimalla burada Ermənistan da daxil olmaqla ordumuzun sözügedən istiqamətdəki güclərini  ciddi şəkildə sarsıtmaq, sıradan çıxarmaq məqsədi güdən xarici düşmən qüvvələrin əli var və məntiqlə hazırda yenilənmiş istintaq prosesinə CİDDİ TƏSİR göstərməyə çalışan hansısa media vasitəsi, sayt, jurnalist yox, həmin faciəni təşkil etmiş “5-ci kalon” nümayəndələridir. Odur ki, müvafiq dövlət qurumları məhz onları nəzarətdə saxlamalıdır ki, “Tərtər işi” tam çılpaqlığıyla açılsın və onun heç olmasa, ölkə daxilindəki əsl təşkilatçı və icraçıları qanunlarımıza uyğun və gərəyincə cəzalandırılsın...
Sultan Laçın 


Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər