Saytımızı qiymətləndirin


 
 

Laçındakı bu körpünü Rusiya yox, Azərbaycan tikir...
Tarix: 29-01-2022 | Saat: 09:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçındakı bu körpünü Rusiya yox, Azərbaycan tikir...

Sosial şəbəkələrdə  hazırda müvəqqəti(!) olaraq Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhəri, eləcə də eyniadlı rayonun Zabux, Sus, Qarıkaha, Ağanus, Kərəvuz kəndlərindən yan ötəcək alternativ “dəhliz” yolunun inşasına başlanması, hətta eyni rayonun Qayğı qəsəbəsi yaxınlığında, Həkəri çayının üzərindən keçərək Ermənistanın Sünik vilayətinin Gorunzur(Kornidzor) kəndi ərazisi ilə birləşəcək körpünün də dayaqlarının quraşdırılması haqda foto və məlumatlar paylaşılıb. Və bundan sonra bəzi saytlarda guya həmin körpünün Rusiya sülhməramlıları tərəfindən tikilməsi haqda xəbərlər yayılıb.

Etibarlı mənbədən aldığımız məlumata görə, Laçın rayonun həmin ərazisində doğrudan da alternativ yol və körpü tikintisi gedir. Bilavasitə tikinti məkanında olmuş mütəxəssis əminliklə bildirir ki, inşa işlərini Rusiya şirkəti yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə ölkə şirkətlərindən biri icra edir. Körpünün uzunluğu təxminən 40 metr olacaq...

Ərazini yetərincə tanıyan şəxslər də bildirir ki, paylaşılan fotoda məhz sözügedən məkanın təsviri əks olunub.

Belə çıxır ki, bəhs edilən yeni “Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri- Qayğı qəsəbəsi- Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla  çəkilməsi nəzərdə tutulub. 

Onu da nəzərinizə çatdıraq ki, 10 noyabr üçtərəfli razılaşmasına əsasən Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin məsuliyyət zonasına daxil olsa da,  Laçın rayonunun Qayğı qəsəbəsi və Həkəri çayının sözügedən körpünün inşa edildiyi ərazi hazırda  birbaşa Azərbaycan dövləti və ordusunun nəzarəti altındadır...

Moderator.az əməkdaşı məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb.  A.Nəcəfli bildirib ki, işğaldan azad ərazilərdəki işlər barədə rəsmi məlumat vermək səlahiyyəti Prezident Administrasiyasına məxsusdur. 

Prezident Administrasiyasından isə məsələ aydınlaşdırıldıqdan sonra bizə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı  xalqa müraciətində  sözügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb.

Dövlət başçısının müraciətindən həmin sitatı nəzərinizə çatdırırıq: 

“İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” - deyə Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:

“Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi...”

Qeyd edək ki, Prezident Administrasiyasından sözügedən məsələ ilə bağlı rəsmi açıqlama verildikdən sonra onu dərhal oxucuların diqqətinə çatdıracağıq. 



Xəbəri paylaş

1323 dəfə oxunub.

Digər xəbərlər