Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank dollarla bağlı MƏLUMAT YAYDI
Tarix: 28-01-2022 | Saat: 19:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mərkəzi Bank dollarla bağlı MƏLUMAT YAYDI

2021-ci ildə strateji valyuta ehtiyatları 4,8 faiz və ya 2,4 milyard ABŞ dolları artaraq 53 milyard ABŞ dollarını üstələyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 11,1 faiz artaraq 7,1 milyard ABŞ dollarına çatıb.

2021-ci ildə ümumi daxili məhsul real ifadədə 5,6 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 7,2 faiz artıb ki, bu da proqnozlaşdırılandan çoxdur. Qeyri-neft sektorunda iqtisadi artıma həm daxili, həm də xarici tələbin genişlənməsi müsbət təsir edir. 2021-ci ildə pərakəndə ticarət dövriyyəsi 3,2 faiz artıb. Operativ məlumatlara görə dövlət büdcəsinin cari xərclərinin 2021-ci ildə 4,6 faiz artması məcmu tələbi dəstəkləyən əsas amillərdən olub.

Proqnozlar 2022-ci ildə iqtisadi artımın öz potensialına yaxın səviyyədə davam edəcəyini göstərir.

Tədiyə balansının profisitli olması, qəbul edilmiş makroiqtisadi çərçi­və və adekvat monetar şəraitin mövcudluğu məzənnə sabitliyini dəstəkləyir ki, bu da inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir. 2021-ci ildə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin 12,1 faiz bahalaşması yüksək idxal inflyasiyasının bir qismini neytrallaşdırıb.

Yanvarın ötən dövründə manatla pul bazası ilin əvvəlinə nəzərən sistem əhəmiyyətli banklarla müddətli əməliyyatlar nəzərə alınmadan 10,2 faiz azalıb. Dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrində xəzinə hesabının üstün payını nəzərə alsaq, fiskal əməliyyatlar 2022-ci ilin sonunda da pul təklifinə əhəmiyyətli artırıcı təsir edə bilər. Bu şəraitdə zəruri halda pul təklifinin izafi artımını məhdudlaşdırmaq üçün adekvat açıq bazar əməliyyatları tətbiq ediləcək.

Bank sistemi üzrə kredit portfeli 2021-ci ildə 17,7 faiz artıb. Bu artım artan depozitlər hesabına maliyyələşdirilib. Maliyyə sektorunun depozitləri çıxılmaqla bank sistemi üzrə depozitlər və əmanətlər 24,6 faiz artıb.

İqtisadiyyatda dollarlaşmanın azalması davam edir. 2021-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşması 9,8 faiz bəndi azalaraq 41 faizə, kreditlərin dollarlaşması isə 4 faiz bəndi azalaraq 25,8 faizə enib.

Valyuta bazarında tarazlıq qorunur ki, bu da xarici inflyasiyanın neytrallaşmasında həlledici rola malik məzənnə sabitliyini təmin edir. 2021-ci ildə valyuta hərraclarının 70 faizdə təklif tələbi üstələyib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü 245 milyon ABŞ dolları təşkil edib. Valyuta hərraclarında tələbin dəyişimi tsiklik xarakter daşıyır və cari ildə neft transfertlərinin ötən illə müqayisədə əhəmiyyətli artması şəraitində onun tənzimlənməsi üçün imkanlar genişdir.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər
19-12-2021, 12:50 Sabahın havası AÇIQLANDI