Tarix: 17-01-2022 | Saat: 13:22
Bölmə:Karusel / Müsahibə | çapa göndər
Bir zalım zamanda ömür edirik biz,
Ağlamaq da çətin, gülmək də çətin.
Vurub arsızlığa özünü hərdən
Könül qubarını silmək də çətin...
Bu misraların kimə aid olduğunu yəqin ki, bəziləriniz bilirsiniz. Hər kəsin həyatına toxuna bilən əsərlər yazan Vidadi Babanlı...
Görkəmli nasir, şair, dramaturq, tərcüməçi və publisist Vidadi Babanlı yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. Həyatının böyük hissəsini geridə qoyan yazıçımızı ziyarət etmək üçün evinə gedirik. Gələcəyimizi bildiyi üçün gözləri qapıda, qulaqları səsdə idi. Elə biz də onu görməyə, onunla həmsöhbət olmağa tələsirdik.
Nəhayət qapıdayıq, 183 nömrəli mənzil... Qapını bir xanım açır. “Vidadi müəllim sizi gözləyirdi” deyərək içəri dəvət edir.
Yubanmadan içəri daxil olub, Vidadi müəllimin iş otağına keçirik. Masanın üstündəki dərmanlar məni nə qədər üzdüsə, kitablar, qəzetlər də bir o qədər sevindirdi.
Çarpayısında oturub, başını bir qədər geriyə söykəyib, gözlərini qırpmış formada biz gələn tərəfə baxırdı. Bu gün Vidadi müəllimin gözləri əvvəlki qədər yaxşı görməsə də...
95 yaşını haqlamasına baxmayaraq, qəlbi hələ də ədəbiyyatla, yaradıcılıqla doludur...
“Xoş gəlmisiniz, keçin”
Səhhətindəki problemlərə baxmayaraq, nəzakətli şəkildə bizi qarşılayan Vidadi müəllimin eşitməkdə çətinlik çəkdiyini hiss edib, lap yaxınında əyləşdim.
Elə qeyri-ixtiyarı həmsöhbət olmağa başladıq... Beləliklə, görkəmli nasir, şair, dramaturq, tərcüməçi və publisist 95 yaşlı Vidadi Babanlının Oxu.Az-a müsahibəsini təqdim edirik:
- Vidadi müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- Belə də, qoca. Qocalıq necə olur? Onu sizə izah edə bilmirəm. Durub yeriyə, istədiyim yerə gedə bilmirəm. Gözlərim zəif görür, qulaqlarım ağır eşidir. Bir az təzyiqim olur, şəkər də məndən əl çəkmir. Elə ciddi narahatlığım yoxdur, amma qocalığın işləridir də, siz yaxşı olun. Beynim, huşum yerindədir. Elə əsas da odur.
- 95 yaşınızı tamamladınız. Prezident İlham Əliyev sərəncam imzalayaraq Sizi “Şərəf” ordeni ilə təltif etdi. Təbrik edirik.
- Çox sağ olun. Bütün hallarda yaradıcılığıma verilən qiymətə görə minnətdaram. Bu, elə-belə deyil, mən ömrümün yarısını ədəbiyyata həsr etmişəm. Mənim 6 romanım, 5 povestim, çoxlu sayda hekayə, şeir, publisistik məqalələr, tərcümələrim var.
- Bəs bu xəbəri ilk kimdən eşitdiniz?
- Çox qəribə olacaq, amma Polşada işləyən nəvəm dedi. Zəng elədi ki, “baba təbrik edirəm, “Şərəf” ordeni ilə təltif olunmusan”. Ondan sonra Azərbaycandakı dost-tanış zəng vurdu.
Ani bir sükut çökür...Bir anda “Xalq yazıçısı adını almağıma mane oldular” deyə giley eşidirəm...
- 1986-cı ildə Əməkdar incəsənət xadimi adı almısınız. Bəs niyə sizə Xalq yazıçısı adı verilməyib, Vidadi müəllim?
- Mən artıq Xalq yazıçısı adını istəmirəm. Artıq 95 yaşım var, bu ad mənə çoxdan verilməli idi. Lakin təəssüf ki, zamanında mənə bu adın verilməsi üçün çox mane olanlar oldu. Onların ucbatından zamanında zəhmətimə qiymət verilmədi. Bircə istədiyim o idi ki, “Ustad yazıçı” adını alım. “Azərbaycanın ustad yazıçısı” adının verilməsini istərdim.
Mən onsuz da xalqımın yazıçısıyam. Onlar məni sevir, mən də onları. Təltif olunduğumu eşidən hər kəs zəng vurdu, təbrik elədi. Bu qədər insanın yadında qalmaq, sevilmək mənə güc verir.
- Sizin paxıllığınızı çəkənlər kimlər idi?
- O barədə çox danışmaq istəmirəm. Artıq üstündən xeyli zaman keçib. Güman etdiyim insanları deyə bilmərəm, dəqiq olmaz. Amma bir nəfər var – Fatma Abdullazadə, o, mənimlə məlum olmayan səbəblərdən dolayı qərəz aparırdı. Kim mənim adımdan ona nə demişdi, nə etmişdi ki, məndən xoşu gəlmirdi. Amma bilirsiniz ki, xüsusilə yaradıcılıq aləmində paxıllıq, həsəd aparmaq çoxdur.
- Bəs siz kiminsə paxıllığını çəkmisinizmi?
- Xeyr, mən heç kimin paxıllığını çəkməmişəm. Ona heç zamanım da olmurdu. Bu yaşa qədər yaşadım, ürəyimi təmiz saxladım. Ömrü insana Allah verir, siz cavansınız. İnsan gərək öz üzərində çalışsın. Kiməsə pislik etmək, ayağından çəkmək, paxıllıq etmək asandır, bunu mənə qarşı edənlər çox olub. Amma Allah şahiddir ki, mən onların heç birindən heyif almamışam. Ürəyimi kin-küdurətdən qorumuşam, ona görə də bu yaşımda ürəyim sakit, vicdanım təmizdir.
- Vidadi müəllim, yaşı 95-i keçən, sayılıb sevilən ziyalılardan birisiniz. Həyatdan razısınızmı?
Bu sualın Vidadi müəllimi kövrəldəcəyini düşünməmişdim... Anasını hələ körpə yaşlarından itirən görkəmli yazıçımızı nənələri böyüdüb.
- Mən həyatda çox zülmlər çəkmişəm, qızım. Yetim böyümüşəm. Anam məni dünyaya gətirdikdən iki ay sonra, 22 yaşında vəfat edib. 6 yaşıma qədər mənə ana nənəm baxıb, daha sonra ata nənəmin yanına gətiriblər. Təhsil almağıma üstünlük veriblər. Mən də hər zaman elm arxasından getmişəm. Moskvada oxumuşam, çox çətinlik çəkmişəm. Amma dünya ədəbiyyatını oxumaq üçün rus dilini öyrənmişəm. Atam isə 84 yaşında vəfat edib.
- Son zamanlar yeni qələm təcrübələriniz varmı? Bildiyim qədər “Sabaha ismarıc” adlı bir əsər yazmısınız. Bilmək olar sabaha, yəni gələcəyə ismarışınız nədir?
- Bəli, sonuncu kitabım “Sabaha ismarıc” adlanır. Gözlərim görmədiyi üçün əsəri diktə ilə yazdırmışam. Yarısını qızım, yarısını gəlinim, yarısını Şəlalə (tibb bacısı - red.) yazıb. Əsər jurnalistlərin həyatından bəhs edir. Əsərdə xalqın, insanların yox olmaması üçün adət-ənənələrini itirməməsi diktə edilir. Birlik, dirilik olmaq lazımdır ki, xalq kimi digər xalqlar arasında yox olmasın.
Əsəri oxuyanda hər şeyi çox gözəl başa düşəcəksiniz. Mən bu kitablardan sizə hədiyyə edəcəyəm.
-“Gəlin” povesti, “Bulanlıq dünya” povesti, eləcə də “Ana intiqamı”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Vicdan susanda” kimi nəsr əsərlərinizlə oxucuların qəlbini fəth etmisiniz. “Müqəddəs ocaq” (1983), “İnsaf nənə” (1985), “Ömürlük cəza” (1990), “Ana intiqamı” (1994), “Zəmanə adamı” (2010)... Necə düşünürsünüz, bu əsərlər vasitəsilə cəmiyyətə ötürmək istədiyiniz mesajları verə bilmisinizmi?
- Hesab edirəm ki, qələmə aldığım əsərlərdə fikirlərimi oxucularımın rahat anlayacağı şəkildə ifadə etmişəm. Fəaliyyətdən qalmamışam, daim yazıb-yaratmışam. Yalnız yaradıcılığımda “Ayazlı gecələr” kitabımdan və “Qəribə eşq” adlı romanımdan narazıyam. İmkanım olsa, onlardan imtina edərdim. Digər bütün əsərlərim, povestlərim, şeirlərim ürəyimcə rəğbət toplayıb.
Yaradıcılığımın üç nümunəsini yüksək qiymətləndirirəm və fərqləndirirəm. Onlardan biri “Vicdan susanda”, “Ömürlük əzab” və sonuncu yazdığım “Sabaha ismarıc” kitablarımdır.
- Sizin digər əsərləriniz həm film, həm də serial üçün gözəl süjet xətti ola bilər. Əgər onlardan birinin motivləri əsasında serial çəkilsə, buna razı olarsınız? Belə təkliflər varmı?
- “Vicdan susanda” romanı əsasında film çəkmək üçün müraciət etmişdilər. O vaxt rejissor Arif Babayev mənimlə danışıb, razılıq da almışdı. Sadəcə erkən vəfat etdi. Hətta filmi iki hissəli çəkmək istədilər. Daha sonra maddi məsələdə problem yarandı. Dedilər ki, qısa hissəsi istifadə ediləcək, ona da mən razı olmadım. “Vicdan susanda” romanı Moskvada iki dəfə ard-arda 100 min tirajla çıxıb. Bu, çox nadir hadisə idi.
Bir başqa Elçin adlı rejissor da “Ömürlük əzab” əsərinə serial çəkmək istəyirdi. İcazəsini də aldı, amma araya pandemiya düşdü, ona görə də qaldı məsələ.
- “Həyat bizi sınayır” povestiniz əsasında çəkilən eyni adlı filmin rejissoru Şamil Mahmudbəyovla bəzi məqamlarda razılaşmayıb incik düşdüyünüzü demişdiniz...
- Bəli, barışmışıq. Elə film nümayiş olunduqdan sonra izlədim, baxmayaraq ki, bəzi hissələr kəsilmişdi, buna rəğmən gözəl alınmışdı. Mən də zəng vurdum Şamil Mahmudbəyliyə, könlünü aldım. Ona da təşəkkürümü bildirdim.
- Vidadi müəllim, kimlər üçün darıxırsınız?
- Dostlarım üçün, həyat yoldaşım üçün darıxıram. Cavanlığım üçün çox darıxıram. İndi qocalıqda düşünürəm ki, əvvəlki illərə qayıtsaydım, bəzi səhvləri etməzdim, bir çox xasiyyətlərimi dəyişərdim. Keçdiyim həyat yolunu gözümün önünə gətirib, köks ötürürəm.
- Nələri dəyişərdiniz, Vidadi müəllim?
- Çox küsəyən xasiyyətim var. Onu dəyişərdim. Nə bilim, çox əziyyətli həyat yaşamışam, indi baxıram ki, bəzi məqamlarda daha başqa addımlar atmaq olardı...
Dərin bir köks ötürərək, divarda, başının üzərində asılan rəsmə baxır. Rəsmdə Vidadi müəllimin uşaq yaşlarında atası ilə birlikdə çəkdirdiyi foto asılıb...
- Ömür gün yoldaşınızı 6 il olar itirmisiniz. Allah rəhmət etsin. Onunla necə tanış olmuşdunuz?
- Onunla tanış olmağımız çox qəribə olub. Bir dəfə 1959-cu illərdə dostum Sadıq Murutzayevin dəvəti ilə Zaqatalaya getdim. O vaxt “Gəlin” adlı əsərim dərc olunmuşdu. Mənə ilk müvəffəqiyyət gətirən əsər bu olub. Mən 30 ildən çox şeir yazmışam.
Orada bir yoldaşın evində qalmışdıq. Atlarla ucqar kəndə qalxdıq, gözəl istirahət etdik. Dağətəyi kənd olduğu üçün yorulmuşduq. Sadıq və mənimlə birgə bir yoldaş da var idi. Elə əlimizi yuyan zaman su bitdi və bir gözəl xanım gəlib su tökərək bizə kömək etdi. Qeyri-ixtiyari onunla söhbət etdim. Təhsilini soruşdum, harada yaşadığını soruşdum. Dilucu bildim ki, Tibb Universitetində oxuyur. “Muğan” restoranının arxasındakı binada qaldığını dedi. Sonra Zaqataladan qayıtdıq.
Aradan bir müddət keçdi, indiki Azadlıq prospektində qalan bir dostum məni qonaq çağırdı. Onlara getdim. Qonaqlıqdan çıxanda evə qayıdanda həmin “Muğan” restoranını gördüm. Birdən həmin gözəl qız gəldi ağlıma. Özümdən asılı olmayaraq getdim binanın qarşısına. Sanki tale əlimdən tutub apardı düz onların blokuna. Heç onların hansı blokda olduğunu bilmirdim. Təsadüfən özümü onların qapısında, Məmmədtahir Mehdiyevin qapısında tapdım. Qapını döydüm və qız qapını açdı. Elə o andan eşq başladı. Hafizə xanım bir baxışla mənim ürəyimi fəth etmişdi.
- Vidadi müəllim, qızı elə birinci dəfədən verdilər Sizə?
- Xeyr, tam əksinə, atası qızı mənə vermədi.
- Qaçırdınız?
- Dedim ki, məni sevirsənsə, mənimlə gələrsən. Onunla danışdıq, universitetə gələndə boğçasını da hazırladı. Acığa düşdüm, dedim səni universitetdən götürəcəm. O da razılaşdı, gəldi. Aradan 2-3 ay keçdi atasıgil gəldi, ailələr arasında barışıq elan olundu. Sonra da çox xoşbəxt günlər yaşadıq.
Hafizə xanım mənim çox əziyyətimi çəkib. Mən yazırdım, o isə yazdıqlarım itməsin deyə nüsxələrini çıxarırdı. Məni bir baxışla anlayırdı. İndi yanımda olmadığı üçün çox məyusam. Ona ayrıca bir yazı həsr etməsəm də, “Gizlinlər” əsərində onun barəsində çox danışmışam.
- 95 yaşlı Vidadi Babanlının mobil telefonu varmı?
- Bəli, var.
- Sonuncu dəfə kimi yığmısınız?
- İnanın ki, yadımda qalmayıb. Amma çox zənglər gəlir.
- Dünyada, ölkədə baş verənləri izləyirsizmi?
- Bəli, izləyirəm. Son günlər Qazaxıstanda baş verən hadisələr məni çox məyus etdi. Mən elə bilirdim ki, Qazaxıstanda vəziyyət yaxşıdır, lakin indi görürəm ki, heç də elə deyilmiş. Ümid edirəm ki, vəziyyət qısa zamanda düzələcək.
- Qarabağ 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edildi. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz?
- Təbii ki sevindim. Mən bu xəbəri radiodan eşitmişdim. Bu müharibə ilə bağlı yazı da yazdım. Gözəl torpaqlarımız, Şuşamız, Kəlbəcərimiz, eləcə də digər rayonlarımızın düşmənlərdən azad edilməsi məni qürurlandırdı. Bununla bağlı ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevə də təşəkkür məktubu yazdım.
Paşinyanın Cıdır düzündə yallı getməsini görəndə ürəyim çox qəhər çəkirdi. Hətta buna görə, “Ay dığa” adlı bir şeir də yazmışdım. Çox sevinirəm ki, torpaqlarımızın işğaldan azad olunduğunu gördük.
- Xəstə olduğunuz dönəmdə ədəbiyyat, jurnalistika, ümumiyyətlə yaradıcı zümrədən sizi kimlər ziyarət edib?
- Çox insanlar zəng edir. Ədəbiyyatçılar, incəsənət adamları, nəvələrim tez-tez zəng edir, halımı xəbər alırlar.
- Bu yaşınızda kimləri görüb, ürək dolusu söhbət etmək istərdiniz?
- Dostlarımla, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna ilə söhbət etmək istərdim. Onlarla hərdən oturub, çay içib danışırdıq. Könlümüz açılırdı. Mən artıq 6 ildir evdən çölə çıxa bilmirəm. Gözlərim görmür, ayaqlarım tutmur. Kitab oxuya bilmirəm, bu. məni darıxdırır. Yeni nəsil ədəbiyyatşünaslar nələr yazır, bilmirəm.
Amma çox ümid edirəm ki, ədəbiyyatımız, üslublarımız unudulmayacaq.
- Moskvada yataqxanada qaldığınız dönəmlərdə Nəbi Xəzri və Salam Qədirzadə ilə yaxşı yoldaşlığınız yaranıb. Necə düşünürsünüz, həqiqətən dost dar gündə tanınırmı?
- O vaxt imkanımız çox yaxşı deyildi. Mən Moskvaya oxumağa getmişdim. O zaman təqaüd məsələsi də çətin olurdu deyə, yataqxananın yeməkxanasında yemək yeyə bilmirdim. Mənim təqaüd almağım üçün gərək məktub göndərilərdi. Bu məktub gecikdiyi üçün 3 gün mən ac-susuz qalmışdım. Təsəvvür edin ki, 24 yaşlı oğlan idim, oturub ağladım.
Salam Qədirzadə, Nəbi Xəzri mənimlə öz yeməklərini bölüşürdü. Sonra çox utandım və yeməkxanaya getmədim. Oturub otaqda ağladım ki, geri qayıtmağa da pulum yoxdur. Həmin gün dərsə də getmədim.
Axşam Salam Qədirzadə gəldi və dedi ki, gözün aydın, şeirlərin dərc edilib. İnanmadım. Moskvada ədəbiyyat jurnalında Vidadi Şıxlı imzası ilə iki şeirim dərc olundu. Çox təəccübləndim ki, heç kimi tanımıram, tanışım yoxdur. Bu, necə ola bilər? O şeirlərin dərc olunmasından aldığım qonorar mənim köməyimə çatdı. Tez gəlib yeməkxanaya olan borcumu verdim, üstəlik növbəti ayın ödənişini də etdim.
- Gözləriniz çox kədərli baxır, bu yaşlılıqla əlaqəlidir, yoxsa hər kəsdən gizlədiyiniz bir məyusluq var...
- Bilmirəm ki... Bəlkə də itirdiklərimin qüssəsidir gözlərimdə...
- 2005-ci ildə “Gizlinlər” adlı kitabınız dərc edilib. Çox maraqlıdır ki, çox az tirajla çıxıb. İçində yazdıqlarınız bu qədər gizlin idi?
- Mənim bütün əsərlərim 30-50 min tirajla dərc edilirdi. Lakin bu əsərim çox az tirajla çıxdı. Bu əsəri avtobioqrafik əsər adlandırmaq olar. Mən bu əsərimdə özüm barədə yazmışam, qarşılaşdığım çətinliklərdən, mənə olunan pisliklərdən yazmışam.
Mənim barəmdə olanlar kimə maraqlı idisə, onlar bu kitabı əldə etməyə tələsdilər. Nəticədə də az tirajla çıxsa belə, əlimdə heç bir nüsxəsi qalmadı.
- Kimin vicdanı susdu ki, “Vicdan susanda” əsərini yazıb cümlə-aləmə səslənmək ehtiyacı duydunuz?
- Vəzifəli şəxslərin, məmurların vicdanı susmuşdu, qızım. Ədalətsizlik edirdilər. Orada bunu xüsusi vurğulamışam. İnsanların bir-birinə qarşı ədalətsizliyini görürdüm. Elə mənim özüm də həyat boyu çox ədələtsizliyin, vicdanı susmuş insanların hərəkətlərinin qurbanı olmuşam. Heç kim vicdanını susdurmasa, dünya çox daha gözəl bir yer olacaq.
- Maddi sıxıntılarınız varmı, Vidadi müəllim?
- Maddi sıxıntılarım çox olub. Lakin 2001-ci ildə Heydər Əliyev yazıçılara Prezident təqaüdü təyin edəndə, ona siyahı verilib. Bu zaman Ulu öndər baxıb ki, siyahıda mənim adım yoxdur. Soruşub ki, Vidadi Babanlının adı nə üçün siyahıda yoxdur? O zaman özü mənim adımı həmin siyahıya yazmışdı.
- Yazıçılar Birliyindən sizinlə əlaqə saxlayırlarmı? Sizcə Birliyin yeni sədri kim olmalıdır?
- Mənimlə elə ciddi maraqlanan olmur. Artıq heç kimdən incimirəm. Tez-tez Çingiz Abdullayev əlaqə saxlayırdı, maraqlanırdı. Bu barədə heç danışmaq da istəmirəm.
- Əksər hallarda mediada vəfat edən zaman “Azərbaycanın ən böyük yazıçısı, görkəmli yazıçısı vəfat etdi” deyirlər. Sizcə bu cür təqdimat sizə və digər yazıçılara qarşı haqsızlıq deyilmi?
- Bilirsiniz ədəbiyyat adamları arasında qələminin gücü ilə sevilənlər, ad qazananlar da var, dost-tanışının hesabına da. Ona görə də mən heç nə deyə bilmərəm.
- Üslub olaraq özünüzə axın gördüyünüz, belə desək, yeni dövrün Vidadi Babanlısı varmı?
- İnsanların təkrarı olmayacaq, ya daha yaxşısı, ya da daha pisi olacaq. Amma eynisi olmayacaq. Kimlərsə bizdən, yaradıcılığımızdan ilhamlanaraq ədəbiyyata gələrsə, nə xoş bizə.
- İllərin təcrübəsinə dayanaraq gənclərə, oxucularınıza ən önəmli məsləhətiniz nədir?
- Mən hər zaman həqiqətləri deyən olmuşam. Mərd olmuşam. Xarakter olaraq əqidəmi heç kimə satmamışam. Gənclərə də tövsiyə edirəm ki, özlərini, xarakterlərini hər kəsdən, hər şeydən üstün tutsunlar. Ədəbiyyat adamı olmaq fitri istedaddır. Bu insana doğulanda verilən bir istedaddır. İnsanın ruhu ədəbiyyata yaxın olmasa, nə yazırsa-yazsın boşunadır. Odur ki, ədəbiyyatda qələmi güclü insanların olmasını diləyirəm.
Vidadi müəllimi çox yormamaq üçün onunla vidalaşırıq. Biz onun yorulduğunu zənn etsək də, o, bizim onunla daha çox söhbət etməyimizə etiraz etməyəcəyini deyir... Ona bizə vaxt ayırdığı üçün dərin təşəkkürlərimizi bildirib, yenidən görüşənədək deyirik.
“Sizi yenə gözləyəcəm” deyərək, bizi yola salarkən isə 1992-ci il aprelin 24-də qələmə aldığı “Qocalıq” şeirini deyir:
Babanlı, özünə vermə təsəlli,
Dünyanın gərdişi bəllidir, bəlli,
Sanılı günlərdən yapış dörd əlli,
Gur həyatdan son qalıqdı qocalıq...
Qeyd edək ki, görkəmli nasir, şair, dramaturq, tərcüməçi və publisist Vidadi Babanlı yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. Və uzun illərdir Azərbaycan ədəbiyyatını istedadla, sənətkarlıqla, eyni zamanda, aktual mövzularda yazılmış əsərlərlə zənginləşdirir. Vidadi Şıxlı imzası ilə dərc etdirdiyi ilk qələm təcrübəsi olan şeirlərdən sonra çıxan “Gəlin” (1954), “Tanışlarım və dostlarım” (1961), “Ayazlı gecələr” (1961), “Həyat bizi sınayır” (1964) kitabları Vidadi Babanlının qələminin qüdrətini göstərdi...
Digər xəbərlər