Saytımızı qiymətləndirin


 
 

2022-yə baxış: təbrik və təkliflər – Kərim Kərimli
Tarix: 01-01-2022 | Saat: 14:57
Bölmə:Karusel / Yazar | çapa göndər

Əziz dostlar!

Bu yazını oxuyacaq və başqalarından eşidəcək hər kəsin şəxsində bütün xalqımızı millətimizin həmrəylik günü və dünyanın Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hamıya hər şeydən qabaq möhkəm sağlamlıq və sarsılmaz sülh arzulayıram.

Biz indi Qarabağın (hazırda mövcud olan inzibati-ərazi quruluşumuza görə Ağdamın, Xocavəndin, Xocalının, Kəlbəcərin, Laçının, Şuşanın və Tərtərin bir hissəsi və Xankəndi şəhəri istisna olmaqla) azad olduğu, Azərbaycan Respublikasının (Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi istisna olmaqla) ərazi bütövlüyünün təmin olunduğu şəraitdə ikinci yeni ili qarşılayırıq. Artıq bu gün – 31 dekabr 2021-ci ildə 1 il, 1 ay 21 gündür ki, qələbə sevinci yaşayırıq. Xoşbəxtliyimizin həddi-hüdudu yoxdur. Bir millət və xalq kimi, respublikanın bütün vətəndaşları olaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən sıravi əsgərə qədər bu qələbənin qazanılmasını təmin etmiş Böyük Birliyə dəfələrlə sonsuz minnətdarlığımızı ifadə etmiş, ölməz və unudulmaz şəhidlərimizin əbədiyaşar xatirəsi qarşısında səmimiyyətlə baş əydiyimizi dəfələrlə təkrar etmişik. Mənə elə gəlir ki, illər keçdikcə bu qələbənin qiymətini daha dərindən anlayacaq və daha ürəkdən şükr-səna edəcəyik. Bəli, heç kim unudulmayacaq və heç nə yaddan çıxmayacaq.

Lakin bununla yanaşı biz artıq eyforiyadan da aralanmalı və Yeni – 2022-ci ilin lap ilk anlarından həyata tamamilə yenidən başlamalı və daha ağıllı qərarlar qəbul etməli, daha sürətlə addımlamalı, daha səmərəli fəaliyyət göstərməliyik. Bütün ölkə, bütün xalq əl-ələ verərək Azərbaycanın sabahını birlikdə qurmalıdır.

Mənim fikrimcə aşağıdakı məslələrə xüsusi diqqət yetirilməlidir:

  • Daimi ordu quruculuğu sürətləndirilməli, ordunun daha da müasirləşdirilməsi, ordu təhsilinin keyfiyyətinin yüksəldilməsi, yeni, müasir və sabahın texnologiyaları əsasında silahlandırılması, təchizatı və təminatı, sosial müdafiəsi və başqa bu kimi məslələrə diqqət artırılmalı və gedişat daha da sürətləndirilməlidir;
  • Qarabağla bağlı məsələlərin tamamlanması istiqamətində siyasi, diplomatik, hüquqi, ideoloji və təbliğat işləri gücləndirilməli, yeri gələndə az da olsa güc faktoruna meydan verməli, lakin bütün hallarda sülhün qorubnmasına ciddi cəhd göstərilməlidir;
  • Ölkədə kadr islahatlarının sürəti, və keyfiyyəti artırılmalıdır;
  • Cəmiyyətin, ölkəni həm beynəlxalq aləmdə, həm də daxildə gözdən salan, dövlətə, millətə, mədəniyyət və əxlaqa yad ünsürlərdən arınması üçün çalışmalı, ictimai, sosial, hüquqi və qanuni ədalətə geniş meydan verilməlidir;
  • Təhsildə çox ciddi islahatlar aparılmalıdır;
  • Ölkənin bütün həyatını saracaq sürətli və konkret tədbirlər həyata keçirilməlidir.

Bir neçə kəlmə də adicə arzularım və təkliflərim barədə demək istəyirəm.

  • 2022-ci ildə ön cəbhədə xidmət edən bütün hərbçilərin və onlara bərabər tutulan şəxslərin aylıq əmək haqqı 50 faizə qədər artırılsın;
  • Müəllimlərin və həkimlərin də aylıq əmək haqqı artırılsın;
  • Minimum əmək haqqı 400 manata qaldırılsın;
  • Çörəyin qiyməti (təxminən 1 manatlıq çörək 80 qəpiyə, 80 qəpiklik 70 qəpiyə, 70 qəpiklik 60 qəpiyə, 60 qəpiklik 50, 50 qəpiklik 40, 40 qəpiklik 30 və 30 qəpiklik 20 qəpiyə olmaqla) təcili şəkildə endirilsin (bütün dünyada cəbhədə qələbədən sonra məhz çörəyin qiymətinin endirilməsi halları olub və var);
  • Yanacağın qiyməti endirilsin;
  • Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi çox təcili şəkildə sürətləndirilsin və bu prosesdə geriyə – işğaldan azad olunmuş yer-yurduna çox ciddi səbəblərə görə hələlik qayıda bilməyənlər istisna olmaqla qalan bütün əhaliyə aid olaraq könüllülük prinsipi tamamilə ləğv edilsin;
  • Hazırda əhaliyə kredit vermək hüququ olan bütün banklarda illik faiz dərəcəsi maksimum 9 faizə endirilsin;
  • Müharibə veteranlarının bu gün aldıqları Prezident təqaüdünün məbləği 80 manatdan 150 manata qaldırılsın;
  • Şəhid ailələrinə verilən aylıq müavinət artırılsın;
  • I, II və III qrup qazilərin aylıq müavinəti 50 faiz artırılsın;
  • Onlara və şəhidlərin ailələrinə verilən birdəfəlik müavinət və birdəfəlik sığorta pulu ən azı iki dəfə artırılsın;
  • Ali, orta ixtisas, orta – bir sözlə dövlət təhsil müəssisələrində Azərbaycan Respublikasının vətəndaşları üçün birinci təhsil pillələrində bütün səviyyələrdə təhsil haqqı hamı üçün ləğv edilsin;
  • Nəhayət 2022-ci ilin ilk günündən başlayaraq dünyaya gələn vətəndaşların soyadı mənsub olduğu millətə uyğun olaraq (məsələn, türk: -lı, li, lu, lü və s.; rus: -ov, -yev, və s.; erməni: -yan və s.; gürcü: -şvili, -dze və s.) yazılsın!

Əlbəttə, arzular və təkliflər çoxdur. Ancaq başlanğıc üçün məncə kifayətdir. Davamını gələcək yazılarda elan edərəm.

Anlayıram ki, bu yazını oxuyacaq insanlarda birinci yaranacaq fikir “Avazın yaxşı gəlir…” tipli olacaq. İlk sual isə təxminən belə: “Bəs pul? Bu qədər pulu, vəsaiti hardan alsın bu ölkə?” Mənim bu suallara cavabım var. Ancaq indi daha kifayətdir. Növbəti yazılarımda imkan olduqca müxtəlif mənbələri göstərməyə çalışacağam. Hələliksə…

Hələliksə bir daha bütün vətəndaşlarımızı və bütün xalqımızı bu yazını oxuyacaq və oxuyanlardan eşidəcək insanların şəxsində bir daha təbrik edir, hər şeydən qabaq sağlamlıq və sülh, Azərbaycan naminə yeni-yeni uğurlar, səadət dolu uzun ömür arzulayıram!

Dərin hörmətlə,

Kərim Kərimli



Xəbəri paylaş

1452 dəfə oxunub.

Digər xəbərlər