Saytımızı qiymətləndirin


 
 

“Sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin...”
Tarix: 11-12-2021 | Saat: 16:13
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 
Eynulla Fətullayev

“Bir fincan da çay?” – Azərbaycan gömrük komitəsinin başı söhbətə qarışmış sədri soruşur. “Çay araq deyil, çox içmək olmur”, – həmsöhbətimə cavab olaraq gülümsəyirəm.

Səfər Mehdiyev kəskin suallardan qaçmır.  Hiss olunur ki, ürəyində yığılıb qalanlardan danışmağa tələsir.  Mən isə suallarımla onu Azərbaycan iqtisadiyyatının və fiskal siyasətin ən mühüm problemlərinə yönləndirirəm. Burulğanlı 90-cı illərdən başlayaraq gömrük sahəsi ölkəmizdə seçilmiş və prioritet xidmət səviyyəsinə qaldırılıb.  Gömrükçülər kastasına mənsub olmaq ağ mundirli seçilmiş məmurların ali sinfinə qoşulmaq anlamına gəlirdi.  Gömrükçünün qeyri-məhdud hakimiyyəti və böyük imtiyazlar yeni nəsillərin ağlını məşğul edir və ürəklərini alovlandırırdı.

Bu gün Səfər Mehdiyevin qarşısında başqa vəzifə dayanır – gömrüyü mundirdən və lampasdan azad edərək onu süni intellektin ixtiyarına vermək. Hər halda general-polkovnik çay süfrəsi arxasında məni buna inandırır.

“Eynulla Fətullayevin söhbətləri” rubrikasında Dövlət Gömrük  Komitəsinin sədri ilə söhbətimizi davam etdiririk.

 - Bizim redaksiyamıza da gömrük orqanlarından şikayətlər daxil olur. Ancaq korrupsiya və rüşvətxorluqla bağlı heç kim şikayətlənməyib. Hamı inhisarçılıqdan şikayət edir…

- Üç il əvvəlki görüşümüzü xatırlayırsız?

- Əlbəttə, xatırlayıram.  İlk dəfəydi azadlığım və həyatım üçün qorxmadan məmurdan çatışmazlıqlar barədə soruşmaq imkanı əldə etmişdim … (Gülürəm)

- (Gülür) Mən o vaxt açıq şəkildə bildirdim ki, prezidentimizin sərəncamına əsasən Azərbaycan gömrüyü mütərəqqi dünya və Avropa xidmətləri ailəsinə daxil olmalıdır. Və sözümü tutdum. Biz buna nail olduq! Biz dünyanın aparıcı gömrük xidmətlərinin onluğuna daxil olduq. Buna şəffaflığın sayəsində nail olmaq mümkün idi.  Əgər ölkəmizdə inhisarçılıq olsaydı, ixrac-idxal əməliyyatlarında gizli oyunlar getsəydi, bizi qəbul etməzdilər. Biz açıq mətnlə bütün ölkələrdən statistikanın və ixrac-idxal bəyannamələrinin tutuşdurulmasını tələb etdik.  Avropanın aparıcı ölkələrinin gömrük xidmətləri çaşqınlıq içində soruşurdular: siz həqiqətən bu şəffaf prosesə özünüzü hazır bilirsiz? Onlar əvvəlcə inanmadılar.  Ancaq onları danılmaz faktlar qarşısında qoyduq.  İnhisarlarla və kölgə iqtisadiyyatı ilə mübarizənin bütöv bir sistemi hazırlanıb:  avropalı həmkarlarımıza sahibkarların fəaliyyəti haqda sorğu ünvanlanır - malları necə və haradan alırlar,  həmin mallar Azərbaycana gətirilir, yoxsa üçüncü ölkələrə istiqamətlənir, bu daşınmalar kölgə iqtisadiyyatı ilə əlaqəlidirmi.

Mən idxalda inhisarın mövcudluğuna dair bəyanatları qətiyyətlə təkzib edirəm.  Tənqidçilərimə müraciət edirəm: sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin!

- Söyləyə bilərəm. Dərman preparatları.

- Tamamilə yalan və böhtandır.  Dərman preparatlarının Azərbaycana idxalı ilə Səhiyyə nazirliyindən müvafiq lisenziya əldə etmiş 130 şirkət məşğul olur.

- Oxuculara sualın mahiyyəti aydın olsun deyə konkret nümunə səsləndirəcəm.  Deyək ki, vətəndaş Məmmədov xarici şirkətlərdən biri ilə malın Azərbaycana gətirilməsi üçün müqavilə bağlayır və həmin malın qiyməti ölkə daxilindəki bazar qiymətlərindən xeyli aşağıdır.  Ancaq gömrükçülər dərhal müqavilənin düzgünlüyünə şübhə ilə yanaşaraq sahibkarı gömrük rüsumlarından yayınmaq üçün qiyməti qəsdən azaltmaqda ittiham edirlər.

 

 

- İcazə verin, sualınıza düzəliş edim.  Görünür, siz KİV-də əksini tapmış bir neçə hadisəni nəzərdə tutursunuz. Və haqlı olaraq sual edirsiniz. Dərman preparatlarının idxalatçılarını bioloji əlavələrin təchizatçılarından fərqləndirmək lazımdır. Biz problemlərlə adətən ölkəyə bioloji əlavələrin gətirilməsində qarşılaşırıq.  Mən Azərbaycana bio əlavələr gətirən bütün sahibkarları Gömrük komitəsinə dəvət edərək onlara bəyannamələri təqdim etmişəm.

Təklifim nə olub? Problemin həlli üçün iki variant.  Deyək ki, sahibkar ölkəyə D vitaminini 1 manata gətirirsə, onu 2 manata sata bilər. Ancaq 20 manata yox!  Onlara açıq şəkildə dedim: mənə gətirdiyiniz məhsulların satıldığı aptekləri göstərin və bizim əməkdaşlarımız həmin malların piştaxtaya hansı qiymətə qoyulduğunu yoxlayacaq.  Dedim ki, biz məhsulun gətirilməsinə icazə veririk, ancaq səmərəli qiymət siyasəti çərçivəsində. İkinci variant - dünya bazarındakı qiymətlərə və invoyslara uyğun vergi ödənməlidir.

Sahibkarların heç biri malı təhvil verdikləri topdansatış bazasının və ya aptekin yerini göstərə bilmədi. Bir nəfər belə!

- Yəni sahibkar malın satış yerini göstərsəydi, siz bioəlavələrin hamısının gətirilməsinə icazə verəcəkdiniz?

- Şübhəsiz. Ya da vergiləri ödəsələr.  Düzgün işləyin və heç bir problem, heç bir maneə olmayacaq. Bilirsiniz ölkəyə bioəlavələri neçə şirkət gətirir? 200-ə yaxın! Bundan sonra hansı inhisardan söz gedə bilər? Sizinlə razıyam, son vaxtlar artıq bizi korrupsiyada və ya rüşvət almaqda ittiham etmirlər. İşbazların yeganə iddiası - bizi işləməyə qoymurlar, çünki idxalda inhisar var.  Söhbət tək-tək şirkətlərdən gedir, çünki idxal-ixrac fəaliyyəti ilə onlarla və yüzlərlə şirkət məşğuldur və heç kim onlara mane olmur.  Biz bütün əczaçılıq şirkətləri ilə qarşılıqlı anlaşmaya nail olmuşuq - onlar müntəzəm şəkildə vergiləri ödəyir və öz mallarını Tarif şurasının müəyyənləşdirdiyi qiymət məhdudiyyətləri çərçivəsində satırlar.

Təklif edirəm, jurnalist araşdırması aparın və bizə sübut edin ki, bu və ya digər malla bağlı inhisarçılıq mövcuddur və biz bu prosesə göz yumuruq.  Mən hazıram. Buyursunlar, ortaya fakt qoysunlar. Sizin auditoriyanıza və bütün Azərbaycana tam məsuliyyətlə bildirirəm ki, idxalda da, ixracda da  heç bir inhisar mövcud deyil və Gömrük komitəsi hansısa şirkətə himayədarlıq etmir.

- Fərz edək, hansısa sahibkar məhsulun qiymətini aşağı salmağa nail olub.  Tutaq ki, həmin sahibkar danışıqlar aparmaq sahəsində çox mahir birisidir. Yaxud malı topdansatış qiymətlə alıb.  Bəs niyə rüsumları bazar qiyməti ilə ödəməlidir? Bu nə bərabərçilikdir? Sizə elə gəlmirmi, bu vaxt sahibkarın hüquqları pozulur?  Razılaşın ki, Azərbaycanda invoysların və bağlanmış müqavilələrin yoxlanması mexanizmi yoxdur.  Necə düşünürsüz, bəlkə xüsusi yanaşmaya və təkrar yoxlama mexanizminin yaradılmasına ehtiyac yaranır?

- Ədalətli və yerində verilmiş sualdır.  Bu problemin həllində də müəyyən tərəqqiyə nail olmuşuq. Statistikaya nəzər salaq: 2021-ci il ərzində gömrük xidməti invoysların cəmisi 5%-ni şübhə altına alıb. Bu, kiçik rəqəmdir.  İstənilən şirkət, istənilən fiziki şəxs qarşılıqlı əməkdaşlıq münasibətləri əsasında sövdələşmə zamanı ticarət güzəştlərinə nail ola bilər.  Və bu, malın satış yerində də öz məntiqi davamını və yekununu tapırsa, heç bir problem yoxdur.  Şübhələr o vaxt yaranır ki, malın dəyəri 100 dollardır, ancaq sövdələşmədə qiymət 30 dollar göstərilib. Problem onda yaranır ki, həmin mal həmin ölkədən digər şəxs  tərəfindən daha yüksək qiymətə gətirilir.  Bu halda Gömrük komitəsini haqlı olaraq inhisarçılığa şərait yaratmaqda ittiham edə bilərlər.  Axı mal maya dəyərinə və ya maya dəyərindən də aşağı qiymətə satıla bilməz. Dünya qiyməti 100 dollar olan malın 30 dollara alındığı barədə invoysu qəbul edə bilmərəm. Çünki, bu, inhisarçılığa yol açır.

Əgər əvvəllər bu cür mübahisəli vəziyyətləri insanın vicdanına etibar edirdilərsə, artıq düzgün yolu süni intellekt, bizim misalımızda risklərin idarəolunması sistemi göstərir. Biz gömrük xidmətində insan faktorunu tamamilə aradan qaldırmaq istəyirik.  Yeni inzibati binamızın inşası tamamlanandan sonra sizi dəvət edəcəyəm və yeni sistemlərlə tanış olacaqsınız. Sistem avtomatik olaraq müəyyən edir - Azərbaycana gətirilən mal Rusiyaya, Türkiyəyə, ABŞ-a hansı qiymətə ixrac olunur …  Sonra - həmin mal hansı müəssisədə istehsal olunub, maya dəyəri nə qədərdir, ixrac bəyannaməsi haqda tam məlumat və s... Bu informasiyaların hamısı  məlumat bazasında saxlanılır, üstəlik malı göndərən ölkə heç bir sorğu olmadan və qeyri-rəsmi şəkildə ixrac bəyannaməsini malı qəbul edən ölkəyə yollayır. Yəni anlayırsız ki, belə vəziyyətdə gömrük orqanlarına yanlış məlumat təqdim etmək sadəcə qeyri-mümkündür.

Soruşa bilərsiz - tutaq ki, əcnəbi istehsalçı bütün malı azərbaycanlı tərəfdaşına hədiyyə edib. Bəs bu vəziyyətdə nə etməli? Bu məsələ beynəlxalq hüquqla tənzimlənir. Tərəfdaş təşkilatların bütün güzəştləri və imtiyazları ticari xarakter daşıyır və malın gömrük dəyərində əks oluna bilməz. Bu çox incə məsələdir və xüsusi diqqət edin.  Deyək ki, sabah sizə Almaniyada “Mersedes” markalı avtomobil bağışlayıblar.  Ancaq bu fakt onun gömrük dəyərini ləğv etmir -  bu vəziyyətdə də avtomobilin dəyəri 100 min dollar olacaq.  Və sizin onu 25 min dollar dəyərində bəyan etməyə hüququnuz yoxdur.  Gömrük müfəttişi də vergini dünya bazarı qiymətində almalıdır.  Əvvəla, həmin avtomobili ölkəyə risklərin idarəolunma sistemi buraxmayacaq.  Və görük müfəttişi onu göstərilən qiymətdə qəbul etməyə cəsarət göstərsə belə, cinayət törətmiş olacaq. Təkrar edirəm, ticarət sövdələşməsi bağlanarkən edilən güzəştlər malın gömrük dəyərində öz əksini tapmır.  Sizin qazancınız - tərəfdaşınızın bağışladığı pulsuz avtomobildir. Ancaq siz bu avtomobilin dəyər vergisindən yayına bilməzsiniz.

- Çox maraqlıdır.  Elə çıxır, burada manipulyasiyalar var?

- Şübhəsiz.  Bilirsiz, niyə belə olur? Azərbaycanda populist maklerlərin müəyyən təbəqəsi formalaşıb ki, sosial şəbəkələr və siyasiləşmiş bəyanatlar vasitəsilə hansısa sahibkarın şikayəti ətrafında səs-küy yaradırlar.  Həmin şəxslərin adlarını çəkməyəcəm, ancaq küyü məhz onlar qaldırırlar, sonra isə yaranmış mübahisənin tənzimlənməsi üçün vasitəçi rolunda çıxış edirlər.  Həmin maklerlər “hüquq müdafiəçiliyi”ni özlərinin biznesinə çeviriblər. Ancaq anlamırlar ki, onların zamanı keçib. Əgər onlara güzəştə getməyə başlasaq, kölgə iqtisadiyyatı dirçələcək. Həmin şəxslər bəzən əhalinin sosial həssas qismini ön plana buraxmaqla çirkli oyunlarını oynayırlar. Bu, namərdlikdir!

- Ancaq razılaşın ki, gömrükçülər də səhv buraxırlar. Bəzən cinayət də törədirlər.

- Tamamilə doğrudur.

- Fərz edək, müfəttişin səhvi ucbatından hansısa sahibkarın malı saxlanma anbarlarına yığılır və orada günlərlə, hətta həftələrlə qalır.  Və sahibkarı pullu anbar yerinin kirayəsinə görə ödəməyə məcbur edirlər. Niyə Azərbaycanda gömrük məntəqələrində malların müvəqqəti saxlanmasının pulsuz sistemi yoxdur?

- Sahibkarlar komitədə qeydiyyatdan keçməlidirlər, bundan sonra öz mallarının boşaldılması üçün özləri anbar yerləri tikə bilərlər.  Biz hər hansı mübahisəli və ya münaqişəli vəziyyət yarananda sahibkarları öz mallarını pullu anbarlarda saxlamağa məcbur etmirik. Onlar bizim nəzarətimiz altında mallarını öz anbarlarına boşaldırlar.  Və mübahisə həllini tapana qədər mallar orada qalır.  Yeri gəlmişkən, məhkəmələr bizim əleyhimizə və sahibkarların xeyrinə bir çox qərarlar çıxarıb. Demirəm ki,  bütün əməkdaşlarımız ideal çalışır və hamısı haqlıdır. Biz həmişə dialoqun və bütün mübahisələrin hüquqi yolla həllinin tərəfdarıyıq.

 - Ötən il malların rüsumsuz idxal limiti 1000 dollardan 300 dollara endirildi.  Bu, ictimaiyyətdə narazılıq doğurdu.  Həmin addım Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

- Söhbət ilk növbədə Azərbaycan qaunvericiliyinin beynəlxalq qanunvericiliklə unifikasiyasından gedirdi.  İstənilən mütərəqqi ölkədə poçt bağlamalarına limit var.  Bir yerdə 25 avro, başqasında 100 və hətta 150 avro.  Hər yerdə fiziki şəxslərin qeyri-kommersiya məqsədilə daşıdığı mallara limit mövcuddur.  Unifikasiyadan əlavə, bizim ikinci məqsədimiz qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi.  Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü.  Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi.

Əgər bu prosesi dayandırmasaydıq, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi.  Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi.  Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin  fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz.  Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq.  Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi.  Biz bu qanunsuz fəaliyyəti dayandırdıq.  Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı.

Biz hazırda mükəmməl işləyən sistem yaratmışıq. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır. Daha maraqlı nəticə:  islahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir!  Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib.  Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı.

- Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…

- Sizə səbəbi izah edim.  Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.  Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim.  Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər?  Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox.  Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.

- Daha bir ağrılı sual - Azərbaycan bazarı saxta məhsullarla doludur. Aksizsiz siqaret və alkoqollu içkilərlə şəhərin mərkəzindəki dükanlarda rastlaşmaq olar.  Mən özüm də şəhərin mərkəzindən həmin siqaretləri alıram, çünki onlar Azərbaycanda istehsal olunan tütün məmulatları ilə müqayisədə daha keyfiyyətlidir.  Ancaq son vaxtlar bu aksizsiz məhsulların da keyfiyyətinin pisləşdiyini hiss edirəm.  Kiçik bir jurnalist araşdırması məni Bakıya Tbilisidə istehsal olunan “İsveçrə siqaretləri” gətirən qaçaqmalçıların izinə saldı.  “Moskva arağı”nı isə Abxaziya, Osetiya və Dağıstandakı gizli sexlərdən daşıyırlar.  Sizdən soruşmaq istərdim - necə olur ki, Bakının mərkəzində fiskal orqanlarının gözünün qabağında aksizsiz siqaret və alkoqol satılır?(İkinci hissə)

(Ardı var)



Xəbəri paylaş

1718 dəfə oxunub.

Digər xəbərlər