Saytımızı qiymətləndirin


 
 

Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”
Tarix: 24-11-2021 | Saat: 18:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”

“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi açılmasa da, kommunikasiyalar açılacaq. Azərbaycan və Rusiyanın məqsədi isə təkcə kommunikasiyaların deyil, həm də dəhlizin açılmasıdır”.

Bunu Qarabaginfo.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

O qeyd edib ki, Azərbaycanla yanaşı Rusiya da dəhlizin açılmasında maraqlıdır: “Çünki bu dəhliz həm region ölkələrinə, həm də Asiyaya təsir vasitəsidir. Odur ki, Moskva dəhlizin açılması üçün İrəvana təzyiq edir. Fikrimcə, dəhliz açılacaq, ora Rusiya qoşunları nəzarət edəcək və siyasi-iqtisadi dividentlər də şimal qonşumuza qalacaq. Əlbəttə, Ermənistan dəhlizin açılmasının əleyhinədir. Elə buna görə Nikol Paşinyan üçtərəfli görüşə getmək istəmirdi. Bilirdi ki, sıxışdırılacaq. Avropada görüş məsələsi gündəmə gələndə o, ola bilsin, müəyyən mənada ümidləndi. Amma bu, boş xülyadan başqa bir şey deyil”.

Politoloqun sözlərinə görə, son vaxtlar Rusiya dövlət başçısı Vladimir Putinin N.Paşinyana təzyiqləri daha da artıb: “Ola bilsin, Ermənistanın baş nazirinin Soçiyə getməsi üçün ona müəyyən təsir göstərilib. Çünki bu görüş onun ürəyincə deyil. Düşünürəm ki, Soçidə bəzi razılıqlar əldə olunacaq, sənədlər imzalanacaq. Bunun Zəngəzur dəhlizi ilə bağlı olması da istisna deyil. Çünki Rusiya Avropanı qabaqlamaq niyyətindədir. Putin istəyir ki, Brüsseldə müzakirə olunacaq məsələ qalmasın. Zəngəzur dəhlizinin açılması, sözsüz, bu gün üçün rəsmi Bakının prioritetidir. Bundan sonra Ermənistan növbəti dəfə ağır məğlubiyyətə uğrayacaq, Azərbaycanın ən böyük problemi həllini tapmış olacaq”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər