Tarix: 03-11-2021 | Saat: 16:35
Bölmə:Karusel / Kriminal | çapa göndər
Kipr polisi israilli biznesmenləri öldürmək üçün bu ölkəyə göndərildiyi bildirilən azərbaycanlı killerin işi üzrə istintaq çərçivəsində daha bir silah aşkarlayıblar. virtualaz.org Kipr mənbələrinə istinadən xəbər verir ki, həmin silahın yerini polisə azərbaycanlı killerlə əlaqəsi olduğuna görə həbs edilən 27 yaşlı pakistanlı yemək kuryeri deyib. Polis göstərilən yerdə-Pafos şəhərində, şübhəli pakistanlının yaşadığı evin yaxınlığında politelen paketə bükülmüş və yerə basdırılmış tapançanı aşkar edib.
Kipr polisinin nümayəndəsi Xristos Andreu təfərrüatları açıqlamaqdan imtina edib. “Bu ciddi hadisədir; biz təfərrüatları açıqlaya bilmərik. Sübutlar toplanıb və biz sona yaxınlaşırıq”, - o deyib.
Andreu bildirib ki, bu işlə bağlı xeyli adam dindirilib və bütün bunlar gizli edilib. “Məhz buna görə də biz 6 nəfərin həbsdə olduğu indiki mərhələyə gəlib çata bilmişik”, - polis rəsmisi əlavə edib.
Xəbər verildiyi kimi, Rusiya vətəndaşlığı olan 39 yaşlı azərbaycanlı bu il sentyabrın 27-də həbs edilib. Məlum olub ki, o həbs edilməzdən 10 gün əvvəl Rusiyadan təyyarə ilə Kiprin Larnaka aeroportuna uçub, oradan Şimali Kiprə keçib. Daha sonra bir neçə dəfə adanın yunan və türk hissəsi arasında gedib-gəlib. Xüsusi xidmət orqanları onun izinə düşüb və növbəti dəfə adanın yunan hissəsinə keçəndə həbs olunub. Həbs olunarkən azərbaycanlının üzərində səsboğuculu tapança və 3 mobil telefon aşkarlanıb.
İsrail hökuməti həmin azərbaycanlının İran xüsusi xidmət orqanlarının sifarişi ilə Kiprdə yəhudi iş adamlarını öldürmək üçün getdiyini açıqlayıb, Kipr hökuməti bu versiyanı şərh etməyib.
İstintaq çərçivəsində əvvəlcə azərbaycanlı ilə əlaqəsi olan 27 yaşlı pakistanlı kuryer həbs olunub, sonradan daha 4 nəfər tutulub və onların heç birinin kimliyi açıqlanmır. O cümlədən azərbaycanlı killerin kimliyi məxfi saxlanılır. Bundan əvvəl həmin azərbaycanlının Şimali Kiprdə qaldığı oteldə gizlətdiyi daha bir tapançanın tapıldığı açıqlanmışdı.(virtualaz.org)
Digər xəbərlər