Saytımızı qiymətləndirin


 
 

“Görməmişəm, tanımıram, bilmirəm, pul almamışam, göstəriş verməmişəm...”
Tarix: 15-10-2021 | Saat: 08:00
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş və hazırda törətdiyi əməllərə görə məhkəmədə mühakimə olunan  general-mayor Mövlam Şıxəliyevin istintaqa verdiyi ifadəsi məlum olub.

virtualaz.org-un əldə etdiyi xəbərə görə, general ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir, ayrı-ayrı epizodlar üzrə danışarkən zərərçəkənlərin heç birini şəxsən tanımadığını, onlardan pul almadığını, yaxud pul almaq üçün öz işçilərinə göstəriş vermədiyini deyir.

Məsələn, lisenziyası alınmış “Texnikabank”da iri məbləğdə depoziti olan iş adamı Hüseyn Səfərovun MTN-ə aparılaraq ondan 2 milyon dollar alınması epizodu üzrə danışarkən M.Şıxəliyev belə deyib:  “2015-ci ilin sentyabrında “Texnikabank”ın filial müdiri Zal Yusifov tərəfindən aldadılaraq 50 min manatı alınan bir nəfər şəxsin  barəsində Baş Prokurorluqdan ərizə daxil olmuşdu. Həmin ərizə ilə bağlı cinayət işi başlanıldı. Hüseyn Səfərov da həmin iş üzrə dindirilmək üçün istintaq baş idarəsinə dəvət edildi. Hüseyn Səfərovu həmin vaxt görmüşəm. Müstəntiq Vüsal Ələkbərova idarə rəisi kimi göstəriş verdim ki, istintaqı obyektiv aparsın. Hüseyn Səfərovla mənim heç bir münasibətim və əlaqəm olmayıb. Bir neçə dəfə bayramlarda zəng edib, məni təbrik edib. Bu danışıqlar zamanı hər hansı bir problemlə, o cümlədən pulla bağlı mənimlə söhbət etməyib. Müstəntiq Vüsal Ələkbərova Hüseyn Səfərovdan hər hansı bir məbləğdə pul istəməsi ilə bağlı göstəriş verməmişəm. Müstəntiqlə Hüseyn Səfərov arasında gedən söhbətlərdən xəbərim olmayıb. Vüsal Ələkbərov qanunun tələblərinə görə, sərbəst müstəqil şəxs olub, qəbul etdiyi qərarla görə özü məsuliyyət daşıyır”.

Qeyd edək ki, “MTN işi” üzrə bundan əvvəli məhkəmə proseslərində Hüseyn Səfərovun Şıxəliyevin idarəsinə necə aparıldığı, təhdid edildiyi, ondan milyonlarla dolların necə alındığı barədə bütün təfərrüatlar açıqlanmışdı.

 

 

M.Şıxəliyev digər zərərçəkən, iş adamı Mehrac Qurbanovdan da pul alınmasında rolu olduğunu inkar edib: “Müavinim Təhsin Ağayevlə Mehrac Qurbanov barəsində söhbətimiz olmayıb”.

General digər zərərçəkən,  iş adamı Elşən Mədətovu tanımadığını, sonuncunun onun əleyhinə verdiyi ifadələrin əsassız olduğunu söyləyib: “Belə bir adam tanımıram. Vüsal Ələkbərovla Elşən Mədətov barədə heç bir söhbətim olmayıb. O, ümumilikdə 250 min dolları MTN-in komendaturasından keçirə bilməzdi. Heç vaxt istintaqa müdaxilə etməmişəm. İstintaqa müdaxilə etmək vəzifəmə aid olmayıb. Rəis kimi vəzifəm yalnız təşkilatı tədbirləri həyata keçirmək olub. Elşən Mədətovla Vüsal Ələkbərovun arasında olan söhbətdən də xəbərim yoxdur”.

Ümumiyyətlə, M.Şıxəliyevin istintaqa verdiyi ifadə bütünlüklə faktların inkar edilməsi üzərində qurulub. Ötən məhkəmədə isə Şıxəliyev istintaqı ələ salmışdı və barəsindəki cinayət işini “bədii əsər” adlandırmışdı.

virtualaz.org

 

 

 



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər
19-12-2021, 12:50 Sabahın havası AÇIQLANDI