Tarix: 12-10-2021 | Saat: 10:04
Bölmə:Karusel / Siyasət | çapa göndər
Müəllif: Cəmal Bustani, haqqin.az saytının yazarı
Ötən şənbə Dəməşqdə İranın xarici işlər naziri Əmir Abdollahianla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqlar keçirilib. Bu görüşlə bağlı rəsmi məlumatların azlığı İran-Suriya münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğunu təsdiqləyir.
Sanki tərəflər ətraf dünyanı hər şeyin çox yaxşı və buludsuz olduğuna, münasibətlərin sürətlə yeni parlaq zirvələrə doğru yüksəldiyinə və onlara heç nəyin mane ola bilməyəcəyinə inandırmağa çalışırlar.
"BMT Baş Assambleyasının sentyabrda göstərdiyi kimi, beynəlxalq diplomatik ab-hava Suriyanın xeyrinə dəyişib", - Abdollahian “əziz qardaş”ı Bəşərə sevinclə bildirir. Bəşər isə cavabında geniş təbəssümlə ümumi qələbədən, irəlidəki yüksəlişdən və “Qərb oxunun sarsıdıcı çöküşü”ndən danışır.
Abdollahianın sifətindən təbəssüm o biri otaqda, bağlı qapılar arxasında yoxa çıxdı...
Və bu mənzərə İran diplomatiyasının rəhbəri ilə Suriya prezidenti bağlı qapılar arxasına keçdikləri ana qədər davam edir. Orada isə göz-gözə danışıqlarda İran-Suriya münasibətlərinin bugünkü əsas mahiyyəti, yəni, artmaqda davam edən ziddiyyətlər özünü göstərir.
Bəşər Əsədi müxtəlif cür dəyərləndirmək olar, ancaq istənilən halda o, axmaq deyil, əks halda Yaxın Şərq və konkret olaraq Suriya terrariumunda sağ qala bilməz. Və o, çox gözəl anlayır: Əgər dörd-beş il əvvəl İran onun üçün xilasedici həb idisə, son illərdə Suriyanın zəhərinə çevrilib.
Daha çoxunu söyləmək olar - əgər əvvəllər Suriya müxalifəti “Əsədə ölüm!” şüarı ilə yaşayırdısa, indi buraya “İran işğalçılarına ölüm!” şüarı da əlavə olunub. Və Abdollahian “əziz qardaş”ı Bəşərlə birlikdə amerikalıların Əfqanıstandan çəkilməsini bayram edəndə düşünməliydilər ki, milyonlarla suriyalı üçün onların rejimi heç də əfqanlar üçün Talibandan və ya ABŞ-ın işğalından yaxşı deyil.
İran Əsəd rejimi üçün təkcə ağır yük deyil, həm də işğalçıdır...
Xatırlamaq yetərlidir ki, İran Suriyada planlı şəkildə sosial-etnik “ərazi formatlaşması” aparır, yəni Əsəd rejiminə loyal olmayan sünni ərəbləri torpaqlardan qovaraq yerinə şiə proksilərini və onların ailələrini yerləşdirir. Bu isə suriyalıların nəzərində işğaldan başqa bir şey deyil.
Ancaq Tehranla müttəfiqliyin Dəməşq üçün yükə çevrilməsinin əsas səbəbi puldadır. İranın Əsədi bəsləmək üçün pulu praktik olaraq qalmayıb. Əsədi tam həcmdə maliyyələşdirməyə davam etmək İranın öz daxilində partlayışa aparıb çıxara bilər. İranda Suriya ilə bağlı xərclər getdikcə daha çox ictimai narazılıq doğurur. İran biznesinin Suriyada əldə etdiyi konsessiyaların da istər İran büdcəsi, istərsə də Suriya iqtisadiyyatı üçün xüsusi rolu yoxdur.
Suriyanın rekonstruksiyasına və deməli həm də Əsəd klanının gəlirlərinin əvvəlki həcmdə bərpa olunmasına isə yalnız istər Körfəz monarxiyalarından, istərsə də digər dövlətlərdən gələn xarici investisiyalar kömək edə bilər - ancaq nə qədər ki, İran Suriyada “birinci skripka”dır, investisiyalar olmayacaq. Nəticədə Suriya-İran ittifaqı Əsədin özü üçün də toksik olaraq onu xarici yardımdan məhrum edir.
Əsəd İran süngülərinə arxayın ola bilər və elə onların sayəsində də Suriya ərazisinin böyük hissəsini öz hakimiyyəti altında saxlamağa nail olub. Ancaq bu süngülərdə nə qədər çox otursa, bir o qədər böyük narahatlıq hiss edir. Üstəlik, “İranla əlaqələri kəs - şokolad içində olacaqsan” tipli təkliflər də get-gedə daha çox səslənir - ilk növbədə BƏƏ-dən, elə Səudiyyə Ərəbistanı da kənarda qalmır. Və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MIT) rəhbəri Hakan Fidanla Suriyanın Milli kəşfiyyatının başçısı Əli Məmlükün müntəzəm görüşlərində də gələcək iqtisadi və siyasi perspektivlərlə bağlı Əsədə xoş olan maraqlı söhbətlər aparılır.
Əgər əvvəllər, Rusiyanın Dəməşqə yardım ekspedisiyasına qədər Tehran Suriya rejiminin yeganə partnyoru idisə, hazırda bu eksklüzivliyi itirməkdədir. Və Dəməşq nə qədər gec deyil Tehranda uzaqlaşmağa başlayıb. Elə görünür, Tehranda bunu görməməyə üstünlük verirlər.
virtualaz.org
Digər xəbərlər