Tarix: 05-10-2021 | Saat: 14:52
Bölmə:Karusel / Yazar | çapa göndər
“Mən sənə çox dedim, sənsə az eşitdin”. Bu ifadə “Babək” filmindəndir. Ata oğluna deyir. Yarıtmaz oğluna.
Azərbaycan da İrana çox dedi. Sözlə, sözsüz, addımları ilə, hərəkəti və hərəkətsizliyi ilə. Ünsiyyətin bütün üsullarından istifadə edib İranın Allah yoluna gəlməsinə çalışdı. Aradan pərdənin götürülməməsi, tarixi qonşuluğun xatirinə. Bəzən özünü görməməzliyə vurdu, bəzən canını dişinə tutub səbr etdi. Diplomatikcəsinə, dost və qardaşcasına, “etmə-eləmə, bu sənə yaraşmır” deyərək. Ünsiyyətin bütün üsullarından istifadə edildi. Amma nə fayda...
Artıq çənəmizi sıxmaqdan dişlərimiz qırılmaq həddində idi. Amma bu mollabaşlar bizim səbrimizin sonuna çatdığının heç fərqində deyillər. Şirin quyruğu hesab etdikləri artıq meymun quyruğu kimi bizim əsəblərimizlə oynayırdı. Həyasızcasına Qarabağa gedən İran sürücülərinin nə üçün həbs olunmasının hesabını sormağa cəhd edirlər. Bu üz ki onlarda var Azərbaycan-İran sərhədində həbs olunan İranlı narkokuryerlərin də ədalətsiz həbs olunduğunu iddia edəcəklər. Sizin ədalətinizi yesinlər...
Biz onlara çox dedik, onlarsa az eşitdilər...
Nəhayət yenə də bütün diplomatik qaydaları gözləyərək Prezident İlham Əliyev də bu narazılığını ilk dəfə açıq şəkildə dilə gətirdi. Anadolu Agentliyinə müsahibəsində. Öncədən dediyim kimi, sətiraltı olaraq prezident dəfələrlə İranın ikiüzlülüyünü dilə gətirmişdi. Amma anlamaq istəməmişdilər.
İlham Əliyev nəhayət sükutu pozdu və açıq danışdı. Dedi ki, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi.
O, müsahibədə İran tırlarının müharibədən sonra da oraya getməyə davam etdiyini xatırladaraq yenə də pərdənin götürülməməsi üçün bu haqda İranın Azərbaycandakı səfiri ilə dostcasına danışıq aparılmasını tapşırıb: “Buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır”.
Amma olmadı. Prezident davam edir: Bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi?”.
Əliyevin bu sualına bu günə qədər İrandan cavab verən olmayıb. Həqiqətən, vəziyyəti bu həddə gətirib çıxarmaq lazım idimi?
Nəinki bu suala cavab vermək üçün İran rəhbərliyində kimsə düşündü, əksinə Azərbaycanın üzərinə bir ayətullahı qışqırtmağa başladılar. İçəridəki və çöldəki bütün casuslarını hərəkətə keçirdilər. Hədə hədə dalınca gəldi. Silahlarını Bakıya tuşladılar. Bu adamlar özlərini hansı bir oyunun içərisinə soxduqlarını hələ də anlamış deyillər. Geriliyin girdabında çabalayan, narkotikanın, cəhalətin tüğyan etdiyi bir ölkəyə rəhbərlik edənlər təbii ki ağıllı adamlar ola bilməz. Şimali Koreyanın diktatoru belə bunlar qədər ağılsızlıq etmir. Bəs bizim qədim qonşumuzun niyyəti nədir? Kimə oxşamaq istəyirlər? Onların oxşamaq istədikləri dünyanın axı hazırda yer kürəsində nümunəsi yoxdur. Orta əsrlərdə, ibtidai dövrlərdə qalıb elə nümunələr.
Və bizm bu ibtidai insanlarla danışmağımız üçün müasir dünyanın heç bir dili işə yaramadı. İndi jestikalarla danışmaq zorundayıq. Barmaq silkələməklə, yumruq göstərməklə. Görək, heç olmasa bunu anlayacaqlarmı?
Bütün bunları İlham Əliyev dünən Cəbrayılda dilə gətirdi. Dedi ki, biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. “Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Biz sülh adamlarıyıq. Toplum olaraq qarşıdurmanı, müharibəni sevmirik. Xüsusilə belə bir halda ki, bizim Cənubi Azərbaycanda milyonlarla soydaşımız var. Onların taleyi bizim üçün ən həssas mövzulardandır. Heç İran rəhbərliyi düşünürmü ki, Arazboyunda keçirdiyi hərbi təlimlər nə ilə gündəm oldu: Həmin təlimlərdə hərbiçi kimi iştirak edən Azərbaycan türklərinin Bozqurd işarəsi onlara heçmi bir mesaj vermir?
Və son olaraq İlham Əliyevin dünya azərbaycanlıları ilə bağlı dediyi fikirlərin hara ünvanlandığını da düşünsünlər. Cənubi Azərbaycandakı soydaşlarımız olmadan İran adlı dövlət sadəcə mövcud ola bilməz. Məşhur filmdə deyildiyi kimi: “Arazın o tayı da, bu tayı da mənim dogma el obamdır”.
Bizi əsəbləşdirməyin, özünüzü yaxşı aparın...
Elnur Məmmədli
Digər xəbərlər