Tarix: 29-09-2021 | Saat: 10:23
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Azərbaycan Zəngəzur dəhlizinin açılmasına Ermənistanı məcbur etmək üçün müxtəlif addımlar ata bilər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı razılaşma üçün Ermənistana vaxt verməsindən danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Politoloq xatırladıb ki, 10 noyabr sazişinə əsasən Rusiya iki dövlət arasında bu məsələlərin tənzimlənməsi üçün vasitəçi kimi çıxış edib:
“Hətta Rusiya prezidenti Vladimir Putin təminatçı qismində addım atdı. Bu baxımdan biz rəsmi Moskvaya müraciət edərək, tələb etməliyik ki, bu öhdəliyi həyata keçirsin. Vladimir Putin artıq siyasi imkanlarından istifadə edib, Ermənistana təsir göstərməlidir. Azərbaycanın da rəsmi İrəvana müxtəlif təsir imkanları var. Erməni tərəfinin kommunikasiya baxımından regionda maraqları çoxdur. Onların həmin fikirlərindən istifadə edib, konstruktiv addım atmağa vadar edə bilərik”.
Ermənistan tərəfinin Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyanın yaradılmasını istisna etmədiyini vurğulayan T. Zülfüqarov deyib ki, rəsmi İrəvanın razılaşmadığı məqam həmin dəhlizə nəzarət prosesi ilə əlaqədardır:
“Ermənistanın iradı burada nəzarəti erməni yox, rus sərhədçilərin həyata keçirməsidir. 10 noyabr bəyanatında da bu nəzərdə tutulub. Hesab edirəm ki, onların mövqeyi o qədər məntiqli deyil. Onsuz da 1992-ci ildən bəri Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Ermənistan belə bir fikir ortaya atmaqla sadəcə vaxtı uzatmağa çalışır.
Zəngəzur dəhlizinin açılmasını ləngidən məqamlardan biri də texniki məsələlərdir. Belə ki, kommunikasiyanın bərpa müddəti haqqında müxtəlif rəqəmlər səsləndirilir. Amma 1 ildən çox vaxt tələb edilir ki, bu proses başa çatdırılsın. Azərbaycanın strateji maraqları olduğuna görə, rəsmi Bakı əmindir ki, Zəngəzur dəhlizi açılacaq”
Digər xəbərlər