Tarix: 03-08-2021 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80%-i və Abşeron rayon əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə (11 istiqamət üzrə 152 xidmət) əhatə olunur. Növbəti mərhələdə geniş spektrdə DOST mərkəzləri şəbəkəsinin qurulması təmin olunacaq. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub".
Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.
Nazir ümumilikdə 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işlərinin aparıldığını qeyd edib. Bildirib ki, regional DOST Mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq.
S.Babayev eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST Mərkəzləri və filiallarının qurulacağını deyib. O, vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin də artırılması, xidmətlərin dairəsinin də genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə DOST xidmətlərinin sayı 30 faizə yaxın artıb.
Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib. Ümumilikdə, DOST mərkəzləri ilə bağlı planların geniş olduğunu qeyd edən nazir DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında açılacaq DOST Mərkəzlərinin və ətraf rayonlarda filiallarının yaradılması layihələrinə dair təqdimat olub, müzakirələr aparılıb.
Digər xəbərlər