Tarix: 27-05-2021 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevinclə gəldik. Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq".
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Min ildən sonra da adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik" - deyə türkiyəli nazir bildirib.
O qeyd edib ki, aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz: "Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik.
Digər məsələlər də həll edilir. Xüsusilə, FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident. Mən bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi və ehtiramımı bildirirəm" - deyə Z.Selçuk əlavə edib.
Digər xəbərlər