Saytımızı qiymətləndirin


 
 

Kreml Laçında hələ 1970-ci illərdə “Qaragöl” adını da qadağan etmişdi?.. –ARAŞDIRMA
Tarix: 15-05-2021 | Saat: 22:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Kreml Laçında hələ 1970-ci illərdə “Qaragöl” adını da qadağan etmişdi?.. –ARAŞDIRMA
“ “KQB” polkovniki Qaragöl məsələsinin Moskvadan həll edildiyini dedi...”
*** ***
Kafenin adını dəyişdirməkdən imtina edən Fazil Abışov şərlənərək həbsə atıldı...
*** ***
“Mərkəzi Komitənin yəhudi əməkdaşı  “Qaragöl” kafesinin adını nədən dəyişdirtdi?..”
***  ***
 
Bu gün nəinki Azərbaycan və Ermənistanın, dünyanın, ABŞ və Rusiya kimi nəhənglərin gündəmində olan Laçın rayonu ərazisindəki İşıqlı dağ - Qaragöl mövzusu üzərində  ciddi dayanmaq gərəkdir. İnanırıq ki, dövlətimiz və ordumuz tezliklə bu ərazi üzərində haqlarını isbat edəcək və tutulmuş mövqelərdən bir addım da geri çəkilməyəcəkdir...
"Azərbaycan Ermənistan SSR-lə sərhəd boyu  min hektarlarla  məhsuldar torpaqlarımızın, o cümlədən Qaragöl yaylağının Moskvanın birbaşa təzyiqi ilə xalqımıza müraciət olunmadan, heç bir referendum keçirilmədən Ermənistana verilməsi faktlarıyla bağlı məhkəmə icraatı da başlada bilər..."
 
Mövzunun aktuallığını nəzərə alaraq ötən dəfə təqdim etdiyimiz “Laçındakı Qaragöl 1970-80-ci illərədək bütövlükdə Azərbaycanın olub...” başlıqlı yazının(bax://moderator.az/arasdirma/377067/lacindaki-qaragl-1970-80-ci-illeredek-butvlukde-azerbaycanin-olub-arasdirma/) davamı olaraq 6 il öncə “Həftə içi” qəzetində təqdim etdiyim daha bir maraqlı araşdırma materialını Moderator.az oxucularının diqqətinə çatdırmaq qərarına gəldik. Bu yazının qəhrəmanı Qaragöllə yanaşı, orada səslənən faktların əsas müəllifi, təəssüf ki, torpaqlarımızın, Laçın rayonunun azad olunmasından bir müddət öncə dünyasını dəyişmiş  xalq hərəkatının Laçındakı fəal nümayəndələrindən olmuş rəhmətlik Fazil Abışovdur...
 
Bu iki yazımızda deyilənlər onu da sübut edir ki, müstəqil(!) Azərbaycan Respublikası sovetlər dönəmindən Ermənistan SSR-lə sərhəd boyu  Qazax, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan və s. bölgələrimizdəki min hektarlarla  məhsuldar torpaqlarımızın, o cümlədən Qaragöl yaylağının Moskvanın birbaşa təzyiqi ilə xalqımıza müraciət olunmadan, heç bir referendum keçirilmədən Ermənistana verilməsi faktlarıyla bağlı məhkəmə icraatı da başlada bilər. Və nəticədə digər ərazilərimizlə yanaşı, Qaragöl yaylağının da nəinki 30 faizinin, hamısının Azərbaycan dövlətinin nəzarətinə keçməsinə nail ola bilər...
 
”II Dünya müharibəsindən əvvəl və sonra ailəmiz Qaragöl  yaylağına  gedərmişlər. Fazilin uşaqlıq illəri orada keçdiyindən Qaragöl onun üçün çox əziz idi..."
“...Hazırda erməni tapdağı altındakı torpaqlarımızdan danışanda bir həqiqəti də unutmaq olmaz: 1813-1828-ci illərdən  sonra  Quzey Azərbaycan bütövlükdə Rusiya imperiyasının müstəmləkəsi olub.  Və bu səbəbdən  1918-1920-ci illərdəki 23 aylıq AXC dövrü istisna olmaqla 1991-ci ilədək Azərbaycanın imperiya tərkibindəki hər bir qarış torpağının taleyini Kreml müəyyənləşdirib. Bu baxımdan Qarabağ və ətraf bölgələr də yalnız  Cümhuriyyət dönəmində və 1991-ci il oktyabrın 18-dən, yəni hüquqi müstəqilliyimizin elanından sonrakı qısa müddətdə Xankəndi, Xocalı, Şuşa, Laçın və s. ardıcıl ermənilər verilənədək Azərbaycanın  qismən nəzarətində olub.  Bir sözlə, açıq demək lazımdır ki, sovet dövründə üzərində yaşasaq da, Azərbaycan SSR-in bütün torpaqları kimi, Dağlıq Qarabağ və ətraf bölgələrin idarəçilyi də faktiki və hüquqi baxımdan öz əlimizdə olmayıb. Yəni, həmin torpaqların hansı hissəsinin Ermənistana, hansı parçasının Gürcüstana və s. verilməsi, hətta  o yerlərdə nə əkilib-becərilməsinədək, tikilməsinədək hər şey birbaşa Moskvanın göstərişi ilə müəyyən edilib. Odur ki, bəzən  sovet dövründəki hansısa proseslərə görə o vaxt, sadəcə, əmr qulları olan yerli rəhbərləri qınamaqda  o qədər də məntiqli və haqlı deyilik. Biz onların yerinə olsaq, nə edərdik? Bütün bunlara rəğmən bürokratiya və rüşvətxorluq elə Rusiyanın müstəmləkəsi olduğumuz zamanlardan  cücərməyə başlayıb. Elə sovetlər dönəmindən Ermənistan SSR-lə sərhəd boyu  Qazax, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan və s. bölgələrimizdəki  hektarlarla  məhsuldar torpaqlarımızın birbaşa ermənilərin  təsərrüfatlarına qatılmasında bu amilin də rolunu istisna etmək olmaz. Eyni zamanda bu prosesə qarşı mübarizə aparan və ya öz haqlarını müdafiə edən ayrı-ayrı vətəndaşların təzyiqlərə məruz qalmasını da məhz bürokratik məmur aparatı həyata keçirib. Bir də təəccüblüsü odur ki, bəzən, xüsusən iqtisadi-sosial məsələlərdə Moskvadakı mərkəzi kommunist rəhbərlik vətəndaşlara qarşı yerli bürokratlardan daha ədalətlə davranıb... 
 
Qaragöl olayı -   Qarabağın “işğalının repitisiyası” idi...
“Həftə içi”nin 18 noyabr 2015-ci il tarixli sayında “Qaragöl Laçının işğalından öncə  necə  zəbt edildi?” başlıqlı  araşdırma yazı dərc edilmişdi. Söhbət  qədimlərdən Azərbaycan ərazisi olan, amma  sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzurun  Ermənistan SSR-ə bağışlanması ilə iki müttəfiq(?)  respublika arasında   mübahisəli sərhəd ərazisinə salınmış Qaragöl və ətrafındakı yaylaq ərazisindən gedirdi.  Oxucularımızın yazıya maraqlı rəy və reaksiyaları  bizi bu istiqamətdə araşdırmamızı davam etdirməyə həvəsləndirdi.  Nəticədə növbəti yazımızı hazırda Ağcabədidə yaşayan fəal oxucumuz, Laçından məcburi köçkün, 79 yaşlı  Fazil Abışovun Moskva və onun sadiq əlaltılarının ermənipərəst Qaragöl siyasəti ilə bağlı  başına gətirilən acı olaylar üzərində qurduq.  Məlum oldu ki, Kreml hətta Laçında “Qaragöl” adının çəkilməsinə də qadağa qoyubmuş.  Digər oxucumuz Hüseyn Naibovun qeyd etdiyi kimi, bu tip hadisələr gələcək böyük işğalların repitisiyaları idi. “Ən pisi orası idi ki, bizim məmurlarımız bu cür proseslərin fəal iştirakçılarına çevrilirdilər”...
“Qaragöl”  pavilyonu qarşısında bir qara “Volqa” dayandı...
 
1960-cı illərin sonunda Fazil Abışov Laçın şəhər sovetinin sədri İsaq Mirzəyevin imzaladığı qərarla rayon mərkəzində  “raypo”nun (sovet dövründə Rayon İstehlak Cəmiyyəti) nəzdində açılmış pavilyona  “Qaragöl” adını qoyur. Həmin qərar “Laçın” qəzetində də dərc olunur.  F.Abışovun qardaşı Kamil Abışov pavilyonun adının "Qaragöl" qoyulmasını belə izah edir:”II Dünya müharibəsindən əvvəl və sonra ailəmiz Qaragöl  yaylağına  gedərmişlər. Fazilin uşaqlıq illəri orada keçdiyindən Qaragöl onun üçün çox əziz idi. Pavilyon işə düşəndə  mən də hədiyyə olaraq Bakıdan 2 bülbül alıb gətirmişdim...”
Az sonra Qaragöl kimi Fazil bəyin də qara günləri başlayır. O, özü başına gələnləri belə xatırlayır: “Bir gün səhər pavilyonun önündə qara rəngli  "Volqa" avtomobil dayandı. Maşından başı azca çallanmış  naməlum bir şəxs düşüb  ədəb-ərkanla “sabahınız xeyir” dedikdən sonra “Bu, nə “Qaragöl””dür- deyə soruşdü. Qonağa Qaragöl haqqında məlumat verdim. O, “Qaragöl” sözünün yaxşı səslənmədiyini bildirdi. Mənsə öz növbəmdə, “qara saçlar”ın, “Qara `dəniz”in, “qara “Volqa””nın yaxşı, “Qaragölün”sə pis səslənməsinin fərqini soruşdum. Qonaq  daha bir söz demədən getdi. Ertəsi gün məni rayon partiya komitəsinə çağırdılar. I katib Muradxan Cabbarov mənə elə bu gündən pavilyonun adının dəyişdirilməsinin vacib olduğunu bildirdi. Mən razılaşmayaraq dedim ki, bu haqda şəhər sovetinin qərarı var, bunu edə bilmərəm. Katib sərt ifadələr işlədərək ucadan “çıx get”- dedi.
 
Mərkəzi Komitənin yəhudi əməkdaşı  “Qaragöl” kafesinin adını nədən dəyişdirtdi?..
 
Həmin günün sonunda müfəttişlər gəlib  başqa iş yerinə dəyişilməyim haqda əmri göstərib obyekti təhvil verməyimi tələb etdilər. İki gün sonra pavilyonun  üzərində “Qaragöl”  əvəzinə  "Günəşli" yazıldı... 
 
Digər bir oxucumuz Eldar Tağıyev bu barədə  belə deyir:”...Amma  Laçında o pavilyona “Günəşli” deyən olmadı. Həmişə "Qara göl" dedik.  1992-ci ilin mayında Laçın şəhəri tam boşalandan sonra orada olmaq mənə qismət oldu.  “Qara göl”ə “qrad” mərmisi deyib xeyli dağıtmışdı...”
 
F.Abışov söhbətinə belə davam edir:”Sonradan mənə məlum oldu ki, yuxarıda göstərdiyim qara “Volqa” ilə gələn şəxs, Mərkəzi Komitənin(MK) Kəlbəcər, Laçın, Qubadlı rayonları üzrə kuratoru,Tengiz  adlı birisi imiş. Daha sonra araşdırdım ki, milliyyətcə yəhudi olan həmin adamın soyadı Kindez olub. SSRİ dağıldıqdan sonra ABŞ-a köçüb”...
 
11 qəpiyə görə 31 ay işsiz qaldı....
 
Bir aydan sonra  Fazil Abışova qarşı təzyiqlər artır. İş yeri yenidən dəyişdirilir: univermağa müdir təyin etməklə onu susdurmağa çalışırlar.
“Bir gün mərkəzi anbardan yeni mal kətirməyə getdiyim vaxt bir nəfər öyrədilmiş şəxs,  univermaqdakı satıcımdan 1 ədəd şal, 10 m bez alır. Satıçı ümumi hesabda müştəridən  16.00 rubl olmaqla cəmi 11 qəpik əlavə pul alır. Bunun 10 qəpiyi,  o vaxtın qaydalarına görə 10 qəpiklik marka ilə əvəzlənsə də, həmin 11 qəpiyə görə  düz  31 ay işsiz qaldım. Mənə və satıcıma məhkəmə quruldu. Proses zamanı rayon məhkəməsinin sədri Yaqub Quliyev fasilə elan edərək məni çağırıb dedi:” Məni məcbur edirlər ki, sənə üç il iş verim, əks təqdirdə partiya biletimi alacaqları ilə hədələyirlər”. Sonra məndən atamın həqiqətən Şuşalı olub-olmamasını soruşdu. Atam həqiqətən Şuşalı idi. Sən demə, hakim də şuşalı imiş. Növbəti məhkəmə prosesində hakim Y.Quliyev müqəssirlə(mənimlə) qohumluq əlaqəsini əsas gətirməklə  prosesi aparmaqdan imtina edərək  cinayət isini başqa rayonda baxılması üçün  Bakıya- Ali Məhkəməyə göndərdi.
 
Moskvanın rəyindən sonra işə xitam verildi...
Bir müddət  sonra Şuşa Xalq Məhkəməsinin  araşdırması zamanı Laçın rayonunda malın qiyməti ilə əlaqədar alınmış rəyin düzgünlüyünə şübhə ilə yanaşdığımla bağlı vəsadətim təmin edildi. Və mağazadan alınmış  şal və bez dəqiq ekspert rəyi verilməsi üçün Moskvaya göndərildi. Moskva ekspertlərinin göndərdiyi rəydə  satılmış malın qiymətinin 16.00 rubl olduğu təsdiqləndi. Buna görə də məhkəmə işə xitam verdi”.
Amma bundan sonra F.Abışov özünün dediyi kimi, "dinc"dayanmır. Muxtəlif təşkilatlara şikayətlər yazib “Qaragöl” davasından sonra  pozulmuş hüquqlarımın bərpasını tələb edir.
 
Laçın sakinin işinə niyə  DQMV  “KQB”-si  baxırdı?
 
Təxminən 1983-cü ilin martında Fazil Abışovu Laçına “qonaq” gələn  SSRİ DTK-nın Dağlıq Qarabağ Muxtar Vilayəti  üzrə rəisi  Georgi Septa çağırtdırıb  rayon partiya komitəsinin qonaq evində qəbul edir.  Maraqlıdır, Laçın rayonu  DQMV-ə daxil olmadığı halda  nədən G.Septa rayon ərazisindəki hadisələrə müdaxilə edirdi?  F.Abışovun sözlərinə görə,  DTK polkovniki Septanın qəbulunda rayonun I katibi, milis rəisi, prokuror,  “raypo” müdiri və başqa rəhbər şəxslər boyunlarını büküb gözləyirmişlər.   Septa Fazil bəyi çağıranda onlar da içəri girmək istəsələr də, polkovnik onlara gözləməyi  əmr edib. 
 
“ “KQB” polkovniki Qaragöl məsələsinin Moskvadan həll edildiyini dedi...”
“Söhbət əsnasında rus çekist  necə dolanmağımı, işimdən razı qalıb -qalmamağımı soruşdu. Mən başıma gətirilən oyunların hamısını danışdım. Amma Qaragöl məsələsini, pavilyonun adının  dəyişdirilməsi səbəbindən bəhs edəndə  DTK- “KQB” polkovniki bu məsələlərin   mərkəzi dövlət, yəni Moskva səviyyəsində həll edildiyini, bunun mənim şəxsi şikayətimə aidiyyatı olmadığını bildirdi. Sonda Septa dedi ki, narahat olma, göstəriş verəcəm, hər şey öz qaydasında olacaq. 
 
Laçın rayonunun I katibi ilə birgə Mərkəzi Komitədə Semyonovun  qəbulunda...
 
Lakin rayon PK-nın aşiq-aşkar qərəzli münasibətini bildiyimdən Septadan da bir kar aşmayacağını anlayırdım. Odur ki, Azərbaycan KP MK-ya teleqram vurdum. Bir müddət sonra məni Bakıda MK-nın Semyonov soyadlı  əməkdaşı  qəbul etdi.  "Qaragöl"pavilyonundan çıxarılmağımın səbəblərindən, Laçın rayon milis şöbəsinin rəisinin özbaşınalıqlarından və s. danışdım. Semyonov sözümü yarımçıq kəsib bildirdi ki, I katibi çağırıram Bakıya, sabah gələrsən, hər ikinizi birlikdə qəbul edəcəm”.
 
Ertəsi gün Semyonov öncə I katib Y.Məmmədovu, sonra isə F.Abışovu qəbul edərək birlikdə dinləyir. Həm I katib, həm MK əməkdaşı Qaragöl söhbətinin  Moskva səviyyəsində həll olunduğunu və bu səbəbdən heç kəsə göstəriş vermək iqtidarında olmadıqlarını etraf edirlər. Ancaq  şəxsi zəmində olan digər məsələlərin rayon PK  tərəfindən həll ediləcəyinə söz verirlər.
 
Moskvanın təkidi ilə 13 aylıq  həbsdən azad edildi...
Lakin yenə də bir nəticə hasil olmur. F.Abışov bu dəfə Moskvaya, “İzvestiya”, “Pravda” qəzetlərinə şikayət yazır.  Və bundan sonra F.Abışova həbs tələsi qurulur. O, işlə əlaqədar  rayon Elektrik Təchizatı İdarəsinin müdirinin  qəbulunda olarkən orada olan milis rəisinin yaxın qohumlarından biri guya  müdiri haqsız şikayətlərdən müdafiə məqsədilə F.Abışovu təhqir edir və onun qolundan yapışır. Onu itələməsindən və təhqirlərinə cavab  verməsindən istifadə edilərək   F.Abışov barəsində xuliqanlıq maddəsi ilə  cinayət işi qaldırılır. Nəticədə Fazil bəy Şuşa türməsində və Şahbulaq karxanasındakı İƏM-də ümüumilikdə 1 il 1 aydan çox haqsız yerə həbsdə qalır. Yalnız SSRİ Ali Sovetinə  müraciətlərindən sonra  Moskvanın təkidi ilə 1985-ci ilin iyununda azad edilir. Həmin vaxt artıq Qaragöl yaylağı da faktiki olaraq bütövlükdə ermənilərə peşkəş edilmişdi... 
 
Qaragöllə son görüş...
Fazil Abışov uşaqlıq məskəni olan Qaragölə sonuncu gedişini belə xatırlayır:” Uşaqlığımın şirin xatirələrində daim yaşatdığım dağlar gözəli Qaragöldə sonuncu dəfə 1986-cı ili avqust  6-da Laçından bir neçə  yaxın dostumla birgə olduq. Yadımdadır ki, erməni qoruqçu Sedrakı göldən bizə balıq tutmağa məçbur etdik. Və Çınqıllı bulağın yanında balıq kababı yedik. O zaman Qaragölün çox az bir hissəsi Laçının nəzarətində idi. Buradan da yalnız heyvanların suvarılması üçün istifada olunurdu. Biz tərəfdən heç kimə balıq tutmağa da icazə verilmirdi...”
 


Xəbəri paylaş

2355 dəfə oxunub.

Digər xəbərlər