Saytımızı qiymətləndirin


 
 

Mətbuat Şurasının sədr müavini: “Reketliklə məşğul olan saytları təsis edənlərə qarşı ciddi tədbir görülməlidir”
Tarix: 26-01-2018 | Saat: 17:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

“Reketliklə məşğul olanlar media qurumu sayılmırlar, cinayətkar şəbəkədirlər, yazdıqları yazılar da hansısa qüvvələrin sifarişi ilə olur”

“Neqativ fəaliyyətlə məşğul olan saytlara qarşı deyil, onları təsis edən şəxslərlə bağlı tədbir görülməlidir”.

"Qarabaginfo" xəbər verir ki, bunu “Report.az”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Mətbuat Şurası reket saytlara qarşı mübarizədə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir: “Şura uzun müddət çap mediada olan neqativ amillərlə mübarizə aparıb. Hazırda ənənəvi KİV-də belə problemlər, demək olar ki, yoxdur. Məsələ ondadır ki, çap mediasında neqativ fəaliyyət göstərənlər indi də onlayn mediaya tranfer olublar, istədiklərini də edirlər. Onlar Jurnalistlərin Peşə Əxlaqı Kodeksini pozmaqla yanaşı, cinayət xarakterli hallara yol verirlər". 

M.Ələsgərli deyib ki, Mətbuat Şurası mütəmadi belə şəxslərə xəbərdarlıq edir, həmin saytları “qara siyahı”ya salır: "Amma Mətbuat Şurasının tədbirləri ictimai qınaq çərçivəsində olur. Ona görə də onlar fəaliyyətlərini davam etdirə bilirlər. İctimai qınaq normal media qurumları üçündür. Çünki belə olanda, fikirləşirlər ki, bu, ictimai nüfuza ziyandır, oxucu auditoriyasını çəkindirə bilər. Reketliklə məşğul olanlar media qurumu sayılmırlar, cinayətkar şəbəkədirlər, yazdıqları yazılar da hansısa qüvvələrin sifarişi ilə olur. Təbii ki, bu sifarişləri yerinə yetirdiklərinə görə maliyyə alırlar, ona görə də oxucu hesabına formalaşan gəlirə maraqlı deyillər". 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri hesab edir ki, belə şəxslərin fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir: "Çünki onların etdikləri cinayətdir. Burada əsas milli təhlükəsizlik məsələsidir. Bu sahədə kifayət qədər işlər görülüb. Təəssüflər olsun ki, proses tamamlanmayıb, boşluqlar hələ də var. Ötən il qanunvericilikdə edilən dəyişiklikdə reketliklə məşğul olan saytlara girişin məhdudlaşdırılması əksini tapdı. Amma bu, tam deyil. Tutaq ki, bir şəxs onlayn media resursunun təsisçisidir, onun yaratdığı resursa giriş məhdudlaşdırılır, o da dərhal yeni domen almaqla fəaliyyətə davam edir. Burada girişin məhdudlaşdırılması ilə problem həll edilmir. Təklif var ki, informasiya resursu deyil, onu təsis edən şəxslə bağlı tədbirlər görülsün. Məsələ bu cür qoyulmazsa, belə halların qarşısını almaq mümkün olmayacaq”.



Xəbəri paylaş

674 dəfə oxunub.

Digər xəbərlər